Pakistandakı səfirliyimizdə Novruz şənliyi

 

Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ölkəmizin mədəni irsi, milli mətbəxi təqdim olunub.

 

Səfir Əli Əlizadə Azərbaycanın və Novruz bayramını qeyd edən digər dövlətlərin təşəbbüsü ilə 2010-cu ildə 21 Mart tarixinin BMT Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günüelan edildiyini diqqətə çatdırıb. O, qədim tarixi köklərə və mədəni dəyərlərə bağlı olan bu bayramın uzun əsrlərdən bəri Azərbaycanda qeyd edildiyini bildirib.

 

Qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən diplomat Azərbaycanda Novruzla bağlı formalaşan milli adət-ənənələr haqqında məlumat verib, baharın gəlişi və təbiətin yenilənməsi ilə səciyyələnən bayramın ölkəmizdə bir ay öncədən su, od, külək və torpaq çərşənbələrinin qeyd olunması ilə başlandığını diqqətə çatdırıb.

 

Tədbirdə Novruz adət-ənənələri ilə bağlı videoçarxlar nümayiş olunub, Azərbaycan musiqiləri səslənib, mətbəx nümunələrimizdən şəkərbura, paxlava, qoğal, dolma, ləvəngi, plov və digər təamlar qonaqlara təklif edilib.

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.8.