Sankt-PeterburqdaVaqif Səmədoğlunun foto dünyası” adlı sərgi açılıb

 

Rusiyanın Sankt-Peterburq şəhərində Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə sərgi açılıb.

 

F.M.Dostoyevskinin ədəbi-memorial muzeyində təşkil olunmuşVaqif Səmədoğlunun foto dünyası” sərgisinin açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, diaspor üzvləri, Sankt-Peterburqun elm xadimləri, muzey işçiləri, azərbaycanlı və rus tələbələr iştirak ediblər.

 

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova sərgi iştirakçılarını salamlayaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Vaqif Səmədoğlu hərtərəfli istedada malik şəxsiyyət idi. O, şair olmaqla yanaşı, dramaturq, professional musiqiçi və peşəkar fotoqraf idi. “Vaqif müəllimin 80 illiyi ilə bağlı “Vaqif Səmədoğlu medalı”nı təsis etmişik. Bu mükafat Vaqif Səmədoğlunun yaradıcılığını qiymətləndirən və onun təbliğində rolu olan insanlara təqdim edilir. Bundan əlavə, Səməd Vurğunun ev-muzeyində Vaqif Səmədoğlu guşəsi yaradılıb. Onunla bağlı gördüyümüz bütün işlər həyatımın mənasıdır”, – deyə N.Babayeva-Vəkilova vurğulayıb.

 

Tədbirdə çıxış edən baş konsul Sultan Qasımov Vaqif Səmədoğlunun şairin özünəməxsus ifadə tərzi ilə seçildiyini, ədəbiyyata və caz musiqisinə olan sevgisini diqqətə çatdırıb. Qeyd edib ki, Vaqif Səmədoğlu vətənini sevən insan, Azərbaycan tarixinin gözəl bilicisi idi. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açan Vaqif Səmədoğlunun ilk laylası “Azərbaycan” şeiri üstə köklənib və bəlkə də bu səbəbdən yaradıcılığı da Vətən sevgisindən qaynaqlanıb.

 

Sonra tədbir iştirakçıları nümayiş olunan fotoşəkillərilə tanış olublar.

 

Sərgi martın 31-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.3.