Tanınmış rəssam Gülarə Məcidova dünyasını dəyişib

 

 

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi Gülarə Məcidova 2020-ci il mart ayının 12-də, ömrünün 77-ci ilində vəfat etmişdir.

 

Gülarə Həsən qızı Məcidova  31 oktyabr 1943-cü ildə Bakıda anadan olmuş, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

 

Milli rəssamlığımızın zəngin ənənələrini öz yaradıcılığında əks etdirən Gülarə Məcidova bu şahədə yorulmadan çalışan fırça ustası idi. Onun “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günortakimi tabloları doğma Vətəninə sonsuz məhəbbətin təzahürüdür. Rəssam “Orta əsr. Azərbaycan qadını”, “Kənd toyu” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq onların zəngin daxili-mənəvi aləmini ustalıqla açıqlaya bilmişdir.

 

Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, 1972-1995-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda rəsm fənnini tədris etmişdir. Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq simpoziumlarda iştirak etmişdir. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olmuş, 2013-cü ildə fərdi sərgisini keçirmişdir.

 

Gülarə Məcidovanın əziz xatirəsi onu tanıyanların, sənətsevərlərin qəlbində yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2020.- 13 mart.- S.4.