Mərkəzi İncəsənət Məktəbi
şagirdinin uğuru
Litvanın paytaxtı Vilnüsdə martın 7-də keçirilən “Ənənəvi incəsənətin professional musiqinin inkişafina təsiri” adlı musiqi və incəsənət məktəbləri şagirdlərinin beynəlxalq konfransına Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili də qatılıb. O, məktəbin nəzəriyyə şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahovanın rəhbərliyi ilə hazırladığı “Azərbaycan məqamları – Azərbaycan musiqi mədəniyyətinin xəzinəsidir” adlı məruzə və təqdimatı konfransa göndərib.
Məruzədə Üzeyir Hacıbəyli tərəfindən müəyyən edilmiş Azərbaycan xalq musiqisinin əsasını təşkil edən 7 əsas məqamdan və onların professional musiqidə istifadəsindən bəhs edilib. Təqdimatda Azərbaycan muğamı ilə yanaşı Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda əsərlərindən fraqmentlər (Ü.Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadla Rüstəm bəyin dueti, H.Xanməmmədovun tar və simfonik orkestr üçün “2 nömrəli konsert”i, N.Əliverdibəyovun “Elegiya”sı, V.Mustafazadənin işlənməsində “Aman ovçu” xalq mahnısı) nümayiş olunub.
Murad Allahverdilinin
məruzə və təqdimatı maraqla
qarşılanıb. Konfransın təşkilatçısı
Nadejda Dambrauskiyene bununla bağlı məktəbin rəhbərliyinə
məktub göndərib.
Mədəniyyət.- 2020.- 13 mart.-
S.3.