Əlbəttə, öncə məsəl...
İndi durub kimsə etiraz edəcək. Çox gözəl, eləsin. Amma bir anlıq düşünsün: “Müsəlmanda məsəl çoxdu, ya əməl?...”. Nə bilim, vallah, dahi Üzeyir bəy deyir ki, məsəl...
Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dramaturq, publisist Üzeyir Hacıbəylinin “Ordan-burdan” satirik miniatürlər silsiləsi ayrıca bir zaman mənzərəsi, milli özünütənqid kimi böyükdür. Onun zəngin publisistikası – səhnəcikləri, felyetonları, məqalələri, məktubları əngin istedadının qüdrətli yazıya çevrilişi kimi dəyərli nümunələrdir.
Çağdaş dramaturgiyamızın sosial münasibətləri səhnəyə həvəssiz “dartdığı” məqamda Üzeyir bəyin daim aktual və təəssüf ki, elə həm də dəyişməz milli bəlalarımıza baxışı fərqli üslubda, bir az da cəsarətli yozum istəyir.
Belə maraqlı yaradıcı aktlardan birini də 2016-cı ildə yaradılan “M.Teatr” (“Mənim teatrım”) “Məsəl ya...” ilə edib. Teatr ilk işi olmuş tamaşanı bu günlərdə yenidən (bu dəfə Dövlət Kukla Teatrının səhnəsində) nümayiş etdirərək bizi bir də köhnə həqiqətimizlə baş-başa qoydu.
Xalq artisti, teatrın bədii rəhbəri Vidadi Həsənovun quruluşunda təqdim olunan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən, Mirzə Ələkbər Sabirin şeirlərindən də istifadə edilib.
Birhissəli mükalimədə beş aktyor sanki beş zaman səyyahı kimi bizi keçmişə - etnopsixologiyamızın qaranlıqlarına səyahətə aparır. Bu, tək bu günümüzdən keçmişə deyil, həm də keçmişdən bu günümüzə baxış, səhnə körpüsü kimi maraqlıdır. Təxmini açması da belədir: görəsən, keçmiş “məmləkət”dən baxanda, bu günümüzün gerçəkliyi necə görünür? Bəs qarasıyca güdükçü düşdüyümüz gələcək adlı o “xəyali diyara” necə və nə üzlə gedirik?...
Özündən ağır mətləbləri faş edən “Məsəl ya...”da bizi bu ağır suallarla sınağa çəkən beşlik – Günay Əhməd, Oqtay Mehdiyev, Amid Qasımov, Vüqar Hacıyev və Elgün Həmidov elə bu suallara cavab tapmaqda da şövqlü bələdçimiz oldular. Təbii ki, bu ciddi söhbətlərdə bizə təkcə danlaq vurub, gülmədilər. Bir xeyli də aktyor məharətlərini göstərdilər: oxudular, oynadılar...
Amid Qasımovun musiqi tərtibatı, Vüqar Hacıyevin səhnə xoreoqrafiyası və aktyor ansamblı göstərdi ki, biz tamaşaçılar ağır söhbətlərə də yerimizdə vurnuxmadan, smartfonlarımızda qurdalanmadan, yanımızdakı ilə pıçıldaşmadan qulaq verə bilirik.
İnsafən, heç onlar da bu saat yarımda nəfəs dərmədilər. Heç qarşılarındakı çaşqın, “gülüm, yoxsa, ağlayım” ladındakı tamaşaçıya da göz açmağa imkan vermədilər. Gah söz, gah musiqi, gah rəqs, gah da baxışları ilə üz-gözümüzü özlərinə alışdırıb, həqiqətin amansız dairəsində başımız gicəllənənə qədər “dövrə vurdurdular”.
Hadisələr, nəql olunan əhvalatlar sürətlə bir-birini əvəzlədikcə biz əzəli həqiqətin – laqeydliyin məngənəsində sıxıldıqca sıxılırıq. Məhz bundan ayrı bir zövq alan səhnədəkilər də sözü sözə calayıb hər dəfəsində xorla bu yeganə suallarını verirlər: “Hə, indi deyin görək, müsəlmanda məsəl çoxdu, ya?...”
Quruluş müəllifi miniatürlər arasında qurduğu usta əlaqə sayəsində yetkin bir fikrin təsvir həllini verə bildi. Təbii ki, bu işdə mükəmməl oyun nümayişi də öz sözünü dedi. Tamaşanın tempi, aktyorların hadisələr arasındakı əlaqə və ümumi quruluşun ifadə sxeminə ciddi əməl etmələri işin effektivliyini daha da artırırdı.
Təbii ki, bu tamaşada da çatışmazlıqlar var idi. Xüsusən dini düşüncələr və onu dünyada baş verən qətliamlar, terror aktları ilə əlaqələndirməklə bəşəri vicdan məhkəməsi ümumi ideyanın parçalanmış hissəsi kimi elə də uğurlu deyildi. Ümumi planda müəyyən ştrixlərlə, daha doğrusu, qısa qeydlə baxış istəyən məsələnin bu rakursdan təqdimatı yorucu alınmışdı. Bir növ həqiqətin yükünü sarkazmla çəkməyə adət etmiş tamaşaçı qəfildən reallığın anons-xəbərini eşidir. Nəticədə izafi yükün ağırlığında özünə acımağa, Üzeyir bəyin sualından yayınmağa, məsuliyyətindən qaçmağa çalışır. Halbuki elə bircə, əsas suala cavab kifayətdir...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 13 mart.-
S.5.