Aktyor olacağı ağlına gəlməzdi...
Teatr və kino tariximizdə elə sənətkarlar olub ki, 50-60 tamaşada baş rolda oynasa, kinoda çəkilsə də, daha çox bir və ya bir neçə roluna görə yaddaşlarda yaşayır. Belə aktyorlardan biri də Əhməd Rumlu olub.
Əhməd Məmmədqulu oğlu Əhmədov (Rumlu) 1902-ci ildə Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandandır, ailələri XIX əsrin ikinci yarısında Bakıya köçüb. Şəhərin “Həmşəri palanlı” məhəlləsində məskunlaşan aydın fikirli Məmmədqulu kişi burada xırda ticarətlə məşğul olub.
Əhməd əvvəlcə mollaxanaya gedir, ərəb və fars dillərini öyrənir. Sonra təhsilini mədrəsədə davam etdirir. Burada bir çox fərdi keyfiyyətləri ilə həmyaşıdlarından fərqlənir. Bu da müəllimlərinin diqqətindən yayınmır. Müəllimləri Əhmədin atasına uşağı İraqın Nəcəf şəhərinə oxumağa göndərməyi tövsiyə edirlər. Ancaq Məmmədqulu kişi bu təkliflə razılaşmır. Bildirir ki, Əhməd Nəcəfə gedəcəyi halda uzun illər ailədən uzaq düşəcək...
Əhməd mədrəsə təhsilini başa vurduqdan sonra gözəl hafizəsi və bəlağətli səsi ilə məhərrəmlik mərasimlərində qəsidə oxuyur və şəbih deyir. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Bakıda dini mərasimləri xalq teatrları əvəz edir. O, “Kosa-kosa”, “Qodu-qodu” kimi məhəlli oyunlarda çıxışlar edir. Həmçinin Tənqid-Təbliğ Teatrı ilə əlaqə yaradır və bu onun həyatında dönüş nöqtəsi olur.
Həmin dövrdə onun ədəbi istedadı da aşkara çıxır. “Rumlu” təxəllüsü ilə əsərlər qələmə alır. Qəzəlləri İranın məşhur xanəndəsi Mustafa Payanın ifasında maraqla qarşılanır. Müəllifin əsərlərinin az bir qismi dövrümüzə gəlib çıxıb.
...Heyranam o rəssama ki, çəkmiş belə surət,
Xilqətdə sənə oxşayan incə əsər olmaz.
Kim Rumlu kimi olmasa,
əşardə dara,
Peyğəmbəri-əsr olsa, sözündə kəsər olmaz.
Əhməd Rumlunun “Səadət uğrunda”, “Seyran”, “Qana qan” əsərləri
Gənc Tamaşaçılar
Teatrında səhnəyə
qoyulub. O, günlərin
bir günü tanınmış teatr və kino aktyoru
Lütfəli Abdullayevlə
tanış olur. Görkəmli sənətkarın məsləhəti ilə
Gənc Tamaşaçılar
Teatrına gəlir.
Uzun müddət burada çalışır, tanınmış
səhnə xadimlərindən
sənətin sirlərini
öyrənir. “Hacı Qəmbər” (N.Vəzirov) tamaşasında
Cəbi rolunda səhnəyə çıxır.
Tərəf-müqabili isə Hüseynağa
Sadıqov olur. Ə.Rumlu
1938-ci ildə Moskvada
ilk dəfə təşkil
olunan Azərbaycan incəsənəti ongünlüyünə
qatılır.
Aktyor daha çox epizodik obrazlara çəkilsə də, ona tapşırılan rolları məharətlə ifa edib. “O olmasın, bu olsun” (1956) filmində də bunu aydın görmək olur. Filmdəki rollara aktyor seçimi aparılarkən quruluşçu rejissor Hüseyn Seyidzadə Hambal roluna bir neçə nəfəri sınayır, lakin bəyənmir. Bir gün Xalq artisti Əliağa Ağayev rejissora teatrlarında çalışan Ə.Rumlunu məsləhət görür. Aktyoru görən H.Seyidzadə elə ilk baxışda onu bəyənir və həmin rola təsdiq edir. O da bu obrazın öhdəsindən məharətlə gəlir.
Ə.Rumlu “O olmasın, bu olsun”dan sonra daha beş filmdə çəkilib. Amma “Bir məhəllədən iki nəfər” (1957), “Kazbek qutusu” (1958), “Kölgələr sürünür” (1958), “Səhər” (1960), “Bizim küçə” (1961) bədii filmlərində canlandırdığı rollar tamaşaçı rəğbəti baxımından Məşədi İbadın hambalı qədər uğurlu olmayıb...
Çətin güzəran keçirən aktyor həmkarlarından Əliağa Ağayev, Ağadadaş Qurbanov və Hüseynağa Sadıqov kimi sənətkarlarla dostluq edib. 13 noyabr 1982-ci ildə vəfat edib, Balaxanı qəbiristanlığında dəfn olunub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 19 mart.-
S.6.