“Cəmilə”yə bəraət səhnəsi

 

Dünyanın əksər ölkələrində “COVİD-19” adlı bəla üzündən ictimai-kütləvi həyat, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılsa da, sənət həyatı, əslində, dayanmayıb. Rəssam yeni tablosunu çəkir, bəstəkar musiqisini yazır...

 

Sadəcə, indi yaradıcı fəaliyyət daha lokal, məhdud məkanlarda davam edir. Teatrların tamaşa nümayişində fasilə yaransa da, yaradıcı heyət kiçik qruplarla yeni tamaşaların məşqlərini edirkarantin müddətinin bitməsini gözləyir.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında eyniadlı tamaşanın məşqləri gedir. Xatırladaq ki, gənc yazar Cavid Zeynallının nəsrdən səhnəyə “köçürdüyü” əsərə rejissor Anar Babalı quruluş verir. Tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

 

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir  Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılovdur. Səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə etnik musiqilər də  səsləndiriləcək. Rolları əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev,  Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.

 

Beləliklə, Akademik Musiqili Teatr bu dəfə tamaşaçılara dramatik səhnə əsəri, melodram vəd edir. Keçək bu günlərdə bir qismini izlədiyimiz məşq prosesinə.

 

Obrazların xarakteri, fakturası, müəllifin biçdiyi boy rejissorun seçdiyi aktyor ansamblında özünü göstərə bilir. Təbii ki, onların obrazlarının öhdəsindən necə gələcəkləri tamaşaya baxarkən daha aydın görünəcək.

 

Qurulmuş mizanlar üzərində iki heyət ilə işləyən rejissorun aktyorlardan əsas tələbi sərbəst oyundur. Hiss olunur ki, məhz bu nüans, üstəgəl, qışqırtı və yersiz improvizələr üzərində xeyli əl gəzdirən, aktyorları fərdi oyun üslublarından dartaraq ümumi fabulanın uğurlu həllinə kökləyən rejissor xeyli çalışıb. Burada əsərin mövzusu, tamaşanın janrı və aktyor ansamblının energetik mübadiləsi də təsirsiz olmayıb. Digər tərəfdən, əsərin xarakterindəki romantizm-realizm əlaqəsi, onu sosial münasibətlər müstəvisində nümayişi, bir növ, real təsvirlərə yaxın ifa texnikası da öz işini görür.

 

Sadə səhnə tərtibatı, müəllifin zaman və məkan fövqündəki ideyasının təsvir həlli, qırğız məişətinin ştrixlərlə tamaşaçıya təsvir-təqdimatı yaxşı düşünülüb. Kənd həyatı, təsərrüfatdan detallarani nüanslar fonunda aktyor oyununa diqqətə hesablanmış musiqi həlli.

 

Məşq zamanı yaranan fasilədən istifadə edib rejissordan səhnəyə gətirəcəyi “Cəmilə”yə baxışını soruşduq.

 

Müasir dövrümüzdə baş vermiş bir çox hadisələrlə çulğalaşan bu əsərin mövzusu indi də birmənalı qarşılanmır. Səbəb isə, təbii ki, mental xüsusiyyətlər və qadına münasibətdir. Anar Babalı tamaşada daha çox müharibə və onun insanların hisslərinə vurduğu sarsıdıcı zərbələr, o zərbələrdən ruhən sağ çıxmağa çalışan kiçik adamların böyük mücadilələrini verəcəyini deyir: “Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun üçün ədəbiyyatda yeganə “böyük mövzu” – insan mövzusu var. Bəli, mənə də yaxın olan məhz insanın düşüncələrinin, istəklərinin, xoşbəxtliyinin, sevincinin hər şeydən üstün sayılmasının Ç.Aytmatov qələmi ilə ifadəsidir. Çalışıram ki, tamaşaya məhz bu çərçivədən baxım və müəllifin qəhrəmanına verdiyi bəraətini çoxçalarlı təqdim edim. Əsərə müraciət edərkən ona daha çox müəllifin mesajından yanaşdım. Düşünürəm ki, müəllif həyatı öz rəngində görmək istəyir. Ki indi də həyat, dünya öz rəngində deyil. Təsadüfi deyil ki, onun qəhrəmanlarından Seyid müharibənin soldurduğu həyatlara rəssam fırçası ilə rəng qatmağa çalışır. Bütün çətinliklərə rəğmən cəmiyyət müharibənin içində belə bir-birinə dəstək olmağı bacarır”.

 

Əsərə münasibətin, xüsusən də finalının birmənalı qarşılanmayacağını nəzərə alan rejissor daha çox qadının müharibə şəraitində də dözümü, müqaviməti və  mübarizəsini göstərəcəyini deyir. Müəllifin yetərincə əsaslandırdığı mövzu saf sevgi, qadın həyəcanı, etinasızlıq, sevgisizliyə etirazdan çox Cəmilənin timsalında mübariz qadının həyata meydan oxuması kimi təqdim ediləcək: “Finalda rejissor olaraq Cəmiləni səhnəyə hərbi geyimdə gətirəcəyəm, savaşın bitmədiyinə, mübarizənin davamına bu yolla işarə edəcəyəm. Beləcə, Cəmilələrin ümumi obrazını, bir ailənin timsalında müharibə ilə mübarizə aparan insanların daxili dramatizmini göstərmək istəyirəm”.

 

Bu yaradıcı niyyətin necə reallaşdığını isə artıq səhnədə görəcəyik. Yaradıcı heyətin zəhmətinin, gənc rejissorun Akademik Musiqili Teatrın səhnəsində ilk müstəqil quruluşunun sonucunu gözləməyə dəyər.

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.4.