Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası

 

VI çağırış Milli Məclisin Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə ilk iclasını keçirib.

 

Komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib, dövlətimizin qaydalarına uyğun olaraq iclasın bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb.

 

İclasda komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.

 

“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” və “Reklam haqqında” qanunların icrası ilə əlaqədar bir sıra qanunlarda (o cümlədən tarix və mədəniyyət abidələrinin qorunması və dövlət dili haqqında) təklif edilən dəyişikliklərlə bağlı qanun layihələri onlayn müzakirədən Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.2.