Səhnəyə zəfər yürüşünün ekran təntənəsi

 

Vokal ifaçılarımızın kino yaradıcılığı silsiləsindən

 

“Səsindəki məlahət, aydın, gözəl tələffüz, şirin ləhcə, sənət ehtirası onu dinləyicilərə sevdirən əsas məziyyətlərdir. Onun duruşu, baxışı, hərəkətləri ölçülüb-biçilmiş, düşünülmüşdür. Beləliklə də, ifaçı ilə auditoriya arasında məsafəni aradan qaldırır, estetik ünsiyyət yaradır. Rəşidin fəaliyyəti bizə müğənninin bəstəkarla işi barədə ciddi mülahizələr söyləməyə imkan verir. Rəşidlə işləyən hər kəs bunu, yəqin ki, təsdiq edər. O, səbirli, təmkinli, yorulmaq nə olduğunu bilməyən, gecəni gündüzə qatan, sənətə bütün varlığını verən, bəstəkardan nə istədiyini çox gözəl bilən, bəstəkar fantaziyasını daha çox qanadlandırmağı bacaran bir istedaddır”.

 

Bu fikirlər dahi Rəşid Behbudov haqqındadır. Belə səlis, sənətkar xarakterini dəqiq və əhatəli ifadə edən fikirlərin müəllifi isə böyük bəstəkar Fikrət Əmirovdur. Bəstəkarın 1983-cü ildə çap olunmuş “Musiqi aləmində” adlı kitabındakı “İfaçılıq – tələbkarlıq” məqaləsindən götürdüyümüz bu dəyərli fikirlərə yalnız bircə düzəlişimiz ola bilər. Unudulmaz vokalçımızın haqqında söz açılan yüksək ifaçılıq keyfiyyətləri onu təkcə dinləyicilərə deyil, həm də tamaşaçılara sevdirən əsas məziyyətlərdir.

 

Çünki biz bu yazıda SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, dünya şöhrətli müğənni, teatr yaradıcısı Rəşid Behbudovun məhz aktyorluq fəaliyyətindən bəhs edəcəyik.

 

 

 

Əsgəri borcunu yerinə yetirən Əsgər

 

 

 

1945-ci ildə böyük ekrana çıxmış, hamımızın birinci “Arşın mal alan” kimi tanıyıb sevdiyimiz filmin yaranış tarixçəsindən yazmayan qələm əhli az tapılar. Milli mədəni sərvətimiz olan bu əsərin istər səhnə, istərsə də film variantları barədə araşdırmalar da yetərincədir.

 

Bəs o zaman, müharibə dövründə hərbi orkestrin solisti olan gənc Rəşid Behbudov tacir Əsgər roluna necə seçilmişdi, necə təsdiqlənmişdi? Axı, Tiflisdə anadan olub təhsil almış, sonralar da İrəvanda işləmiş gənc Rəşidi Bakıda tanıyan da, demək olar ki, yox idi…

 

Günlərdən o gün idi ki, filmin demək olar ki, bütün aktyor heyəti müəyyən edilmişdi, təkcə Əsgər roluna kimin çəkiləcəyi bəlli deyildi. Bir gün rejissor Rza Təhmasibə xəbər çatdırırlar ki, bəs Bakıda Zabitlər evində hərbi orkestr konsert verir. Həmin konsertdə də bir azərbaycanlı oğlan “Arşın mal alan”dan Əsgərin ariyasını çox gözəl oxuyur. Rza Təhmasib konsertə gəlib Rəşid Behbudovu dinləyir, onunla tanış olur. Kinostudiyada da qəti qərara gəlirlər ki, bir zamanların məşhur xanəndəsi, şəxsi həyatından arşınmalçılıq keçmiş Məcid Behbudovun oğlu Rəşid xalis tacir Əsgərdir ki, durub! Bəs onu Bakıda necə saxlamalı? Müharibə dövründə hərbi orkestrin solistini qastrola gəldiyi şəhərdə qanunla saxlamaq – uzun haqq-hesab, qanunsuz saxlamaq – hərbi tribunaladək uzana biləcək cəza ehtimalı…

 

Rza Təhmasib rejissor fantaziyasını işə salıb vəziyyətdən çıxış yolu tapır: Rəşid Behbudovun solisti olduğu orkestr Bakı dəmiryol vağzalından yola düşhadüşdə təşkil olunmuş dava düşür və davanın Bakıdan olan digər iştirakçıları ilə birlikdə vətəndaş Behbudovu milis bölməsinə aparırlar...

 

Rəşid Behbudov tacir Əsgər kimi könülləri fəth edir. Onun yaratdığı obrazın daxilini duyması, duyduqlarını baxışları, səsinin tonu, mimikası ilə məharətlə ifadə etməsi dünyanı gəzən bu filmin bütün tamaşaçılarını heyran edir. Hətta adam inanmaq istəmir ki, bu film Rəşidin ilk rolu, ilk ekran işidir. Filmlə bağlı sayı bilinməyən yazılarda Rəşid Behbudovun Əsgər rolu kifayət qədər təhlil olunub deyə, biz sadəcə, ilk baxışda diqqətdən yayına bilən bir məqama toxunmaq istəyirik.

 

…Toy səhnəsini gözünüzün qarşısına gətirin. Köynəyi plov qazanı qaynayan ocağın istisində qurudulan Vəli işarə ilə ağasına filmin əvvəlindəki vədini xatırlatmağa cəhd göstərir. Lütfəli Abdullayevin tarixi möhürünü vurduğu Vəli işarə ilə ağasının yadına salmaq istəyir ki, bəs Süleyman bəy sənə evlilik yolu göstərəndə oxuduğumuz kupletlərdəki “Bizə də sən bir yol aç”ın əsl məqamıdır, məni də evləndirməyi unutma. Rəşid Behbudovun Əsgəri – aşiq olduğu Gülçöhrə ilə yaxın vüsalının həzzini yaşayan cavan tacir Vəlinin işarələrini biganə baxışla cavablandırıb üzünü Vəli, Telli kimilərini adam yerinə qoymayan, üç qat evliliyə şahidlikdən məmnun qalan toy adamlarına tərəf çevirir.

 

Əslində, tək bu kadr kifayət edirdi ki, keçmiş dövrü vəsf etməkdə qınanan filmə kapitalist cəmiyyətini ifşa edən əsər kimi haqq qazandırılsın. Bu gün kapitalist-sosialist qütbləşməsi aktuallığını itirsə də, kiminsə pis günündə ona arxa durub kömək əlini uzadanları nəticə hasil olanda unudanlar o qədərdir ki… Özləri də eynilə Rəşid Behbudovun toy səhnəsindəki kimi davranırlar...

 

Sonradan bir çox milli və Avropa operalarından ariyaların mahir ifaçısı kimi tanınacaq, Moskvada teatr səhnəsində rus dilində arşınmalçılıq edəcək, “Sevil” operasının ən unudulmaz və bənzərsiz Balaşı kimi yadda qalacaq, yaşı əllini keçdikdən sonra “Melodiya” firmasının vala yazdığı “Arşın mal alan”ın həm Azərbaycan, həm rus variantında lap gənc yaşlarındakı səsi ilə həm Əsgərin ariyalarını oxuyub mətnini də danışacaq Rəşid Behbudovun sənətdə zəfər yürüşü belə başladı.

 

 

 

“Bəxtiyar”ın bəxtiyarlığı

 

 

 

Azərbaycan film-video arxivlərində saysız-hesabsız lent yazıları, çəkildiyi sənədli, musiqili-sənədli filmlərdə qorunan Rəşid Behbudov üç bədii filmdə rol alıb. “Arşın mal alan”, “Bəxtiyar”, bir də “1001-ci qastrol”. Üçü də musiqili filmdir. Lakin xarakter baxımından bu filmlər bir-birinə bənzəmir.

 

“Bəxtiyar”la “Arşın mal alan”ın ekran ömrünün başlaması arasında nə az, nə çox, düz on il fərq var. Əslində, Rəşid Behbudovun hər iki qəhrəmanı təxminən yaşıd, hətta Bəxtiyar Əsgərdən də yaşca kiçikdir. Təbii ki, Rəşid Behbudov “Bəxtiyar” filmində baş rola çəkiləndə zahirən daha Əsgər görkəmində deyildi və Bəxtiyarın yaşıdı olan uşaqlıq dostları Yusif və Saşa Verxovskayadan yaşına görə seçilirdi.  Təəssüf ki, “Bəxtiyar” filmi barədə əldə edə bildiyimiz materiallarda rejissor Lətif Səfərovun neft buruqlarını səhnəyə dəyişəcək qəhrəman rolunda məhz Rəşid Behbudovu görməsi, artıq çox tanınmış müğənninin də bu təklifi qəbul etməsi ilə bağlı fakt tapmadıq. Çünki hələ o zaman dünya və sovet kinematoqrafında müğənni roluna peşəkar aktyorların çəkilməsi və səsləndirmə zamanı müğənnilərin mahnıları oxuma təcrübəsi geniş yayılmışdı. Amma dünya kinosunda Mario Lans, Frenk Sinatra, sovet kinosunda isə Mark Bernes, Georq Ots kimi çox populyar vokalçı və estrada müğənnilərinin uğurlu ekran həyatı da var idi. Bəlkə də məhz bu təcrübə Lətif Səfərovu həvəsləndirmişdi ki, Rəşid Behbudov Bəxtiyarı sevdirə biləcək.

 

Əgər belə olubsa da, ya da hər hansı başqa səbəb var idisə, bu seçim düzgün idi: Rəşid Behbudov həm bəstəkar Tofiq Quliyevi ən gözəl mahnı bəstəçisi kimi tanıdacaq mahnıları sevdirdi, həm də “Bəxtiyar” filminə sönməz tamaşaçı sevgisi qazandırdı.

 

…Opera musiqisindən az-çox xəbərdar olanlar bilirlər ki, C.Puççininin “Bohema” operası tamaşaya qoyulandan bəri lirik tenor səs üçün bəstələnmiş Rudolfun məşhur ariyası bu partiyanı ifa edən hər vokalçı üçün bir məhək daşıdır. Tenor səsli vokalçı əgər bu ariyanın öhdəsindən gəlirsə, deməli, dinləyici onu qəbul edəcək! Bəxtiyarın sənətdəki irəliləyişini göstərmək üçün filmdə professor Teymur Rəcəbov dərs zamanı Bəxtiyara – Rəşid Behbudova bu ariyanı oxudur. Diqqətli dinləyici də anlayır ki, əgər Rəşid Behbudov taleyini yalnız opera sənətinə bağlasaydı, Azərbaycan çox şirin və gur səsli, dünya operasının ən möhtəşəm tenor partiyalarını aktyor məharəti ilə ifa edəcək opera artisti ilə fəxr edə biləcəkdi. Ona görə yalnız deyirik ki, Rəşid Behbudov 1953-cü ildə ilk dəfə tamaşaya qoyulan “Sevil” (bəstəkar Fikrət Əmirov) operasında Balaşın ariyasını ifa etmişdi. 1959-cu il Moskva dekadasında yaxın gələcəyin iki SSRİ Xalq artisti – Firəngiz Əhmədova və Rəşid Behbudovun iştirakı ilə göstərilən “Sevil” operası çox böyük uğur qazanmışdı.

 

 

 

Qastrolların sayı çox, “1001-ci qastrol” isə tək…

 

 

 

“Bəxtiyar” filmindən təxminən iyirmi il sonra – 1974-cü ildə “1001-ci qastrol” filmi ekrana çıxdı. Dövrünün fərqli düşüncəli iki yaradıcı gənci – şair-dramaturq Vaqif Səmədoğlunun (ssenari müəllifi) və rejissor Oqtay Mirqasımovun birgə işi olan filmin baş qəhrəmanı Eldar adlı məşhur müğənnidir. O, mahnı teatrı yaratmaq istəyir, ətrafına istedadlı insanlar toplayıb. Lakin bütün istedadlı insanlar kimi onu da gözü götürməyənlər, halal şöhrətini həzm edə bilməyənlər, nəyin bahasına olursa-olsun, ona mane olmağa çalışanlar var. Baş qəhrəman rolunda da Rəşid Behbudov çəkilib. O zaman Azərbaycan kinematoqrafı üçün (zaman göstərəcək ki, elə bu gün də) çox fərqli biçimdə, film-pritça kimi olaraq nəzərdə tutulmuş “1001-ci qastrol” əsl musiqili film idi.

 

***

 

İllər sonra Xalq artisti, tanınmış və artıq qocaman rejissor Oqtay Mirqasımovla filmin çəkildiyi günlərə qayıdır, Rəşid Behbudovun çəkiliş meydançasında necə göründüyünü xatırlayırıq.

 

– “1001-ci qastrol” mənim ilk bədii filmimdir. Filmin ideyası Vaqif Səmədoğluna məxsusdur. Vaqif elə bir ssenari yazmışdı ki, çəkiliş vaxtı o qədər də improvizə etməyə ehtiyac olmadı. Rəşid müəllim də onun ssenarisini iradsız qəbul edirdi.

 

 

 

– Filmdə rejissorun dilindən maraqlı fikir səslənir: “Səsi olmayanlar oxuyurlarsa, bu ya anlaşılmazlıqdır, ya da onların hobbisidir”. Bu gün də çox aktual olan fikrin müəllifi kim idi?

 

– Vaqif Səmədoğlu. Sizin dediyiniz bu fikir bizim qəhrəmanımız Eldara mane olan Qaranəfəs və Yatağan kimi obrazların xarakterini ifadə edir.

 

 

 

– Rəşid Behbudov filmdə çox maraqlı situasiyalara düşür: gah şah olur, gah Məşədi. Onu qəfil varlanan, varlanan kimi də həyat tərzini tamam dəyişən, sonra da sürətlə həyatın dibinə enən Məşədi obrazına salmaq çətin olmadı ki?... Ümumiyyətlə, Rəşid Behbudovun çəkiliş meydançasında hansısa şıltaqlıqları ilə rastlaşmadınız ki?

 

– Sizə bir əhvalat danışım. Bir gün kinostudiyada filmin ən böyük bir hissəsini çəkməliydik. Pavilyon hazır, dekorlar qurulub, demək olar ki, filmin bütün aktyor heyəti yığışıb. Həm də filmdə təkcə Azərbaycan aktyorları deyil, Estoniyadan, Rusiyadan dəvət edilmiş aktyorlar çəkilirdi deyə, hamını eyni vaxtda toplamaq bir qədər çətin olurdu, xeyli əvvəldən planlaşdırma aparırdıq. Çəkiliş vaxtı yetişib, Rəşid müəllim yoxdur. Hamımız narahat olduq, çünki o, heç vaxt heç yerə gecikməzdi, əksinə, deyilən vaxtdan əvvəl, hamıdan qabaq gələrdi. Evinə zəng vurduq, telefona cavab vermədilər. Mobil telefon da yox, cavan uşaqları bir-bir qapıya göndərirəm ki, xəbər tutsunlar görək Rəşid Behbudov gəlir, ya yox. Bir qədər sonra gördük ki, Rəşid müəllim ağır addımlarla gəlir. Tez qarşısına getdim. Məni görən kimi dedi ki, əlini alnıma qoy. Əlimi qoymağımla çəkməyim ani oldu. Rəşid müəllimin qızdırması var idi. Mən də həkim oğluyam, o dəqiqə anladım ki, hərarəti ən azı 38,5-39 dərəcədir. Bərkdən dedim ki, çəkiliş təxirə salınır, Rəşid Məcidoviç xəstədir. Rəhmətlik məni danladı ki, necə yəni çəkiliş olmayacaq? Bu qədər insanı, sənətçini yığmısan, o boyda dekorlar qurulub, indi də deyirsən ki, çəkiliş olmayacaq?! Mən bu qədər insanı gözlədib işi ləngidə bilmərəm. Çəkiliş olacaq! Mən böyük sənətkarın bu qədər məsuliyyəti, ümumi işin xətrinə fədakarlıq etməsinə heyran qalmışdım. Plana görə, həmin gün çox böyük hissə bir dəfəyə çəkilməliydi. Təsəvvür edin ki, istədiyimizə çatanadək 12-13 dubl etməli olduq. Rəşid müəllim xəstə ola-ola bir dəfə demədi ki, yoruldum, ta bəsdir. Axırda “Stop! Çəkildi. Hamınıza təşəkkür edirəm!” deyib çəkilişi bitirəndə aktyorlardan tutmuş dekorasiyanın üstündə işləyən işıqçılaradək çəkiliş meydançasında kim vardısa, hamısı Rəşid müəllimi alqışladı. Şıltaqlıq barədə soruşdunuz. Bilirsiniz, Rəşid müəllim nə vaxt irad tutar, nə vaxt etiraz edərdi? Məsələn, görəndə ki geyinəcəyi pencəyin bir düyməsi əyri tikilib, ya da pencək səliqəli ütülənməyib. Onun iradını yerinə yetirməyincə sözünün üstündə durardı. Əgər bunu şıltaqlıq adlandırmaq olarsa. O özü çox məsuliyyətli olduğundan birgə çalışdığı hər kəsdən də işinə məsuliyyətli münasibət tələb edirdi.

 

***

 

“1001-ci qastrol” filminə baxın deyə bilmirik. İllərdir ki, Azərbaycan telekanallarında bu film nümayiş edilmir, heç internet resurslarında da yoxdur. “Arşın mal alan”la “Bəxtiyar” isə bütün əziz günlərimizdə, bayramlarımızda mavi ekranın qonağı olur. Ərəfəsində olduğumuz Novruz günləri də istisna deyil. Məlum səbəblər üzündən 2020-ci ilin bu bayram günlərində evdə daha çox vaxt keçirəcəyik. İşdir, yerli kanallarda adını çəkdiyimiz filmlərin nümayişinə rast gəlsəniz, kanalı çevirməyə tələsməyin. Əsl sənətlə, əsl sənətkarla ünsiyyət, təkrar olsa belə, gözəldir.

 

Gülcahan MİRMƏMMƏD

 

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.1;4.