Süfrələrə şam düzün...

 

 

Xalqımızın mənəvi dəyərlər sistemində Novruz bayramı xüsusi yerə sahibdir. İllər-əsrlər boyu ozan-aşıqlar bayram günlərində sazlarını sinəsinə sıxıb şən nəğmələr söyləyib, çağdaş zamanda da şair və bəstəkarlar baharın xoş növrağından ilhama gələrək qəlbə yatımlı mahnılar ərsəyə gətiriblər.

 

 Yeddi not” rubrikasında bu dəfə 40 ilə yaxındır Novruz bayramı günlərində zövq aldığımız bir mahnıdan söz açmaq istəyirik. Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi Xalq artisti, unudulmaz ifaçı Məmmədbağır Bağırzadəyə (1950-2005) aid olan “Süfrələrə şam düzün” mahnısı.

 

Bu mahnı ilk dəfə ötən əsrin 80-ci illərin əvvəlində “Dilkəş” instrumental ansamblının müşayiətində Məmmədbağır Bağırzadənin ifasında lentə alınıb. Azərbaycan Televiziyasının “Novruz şənliyi” verilişində səslənən mahnı ilk gündən musiqisevərlərin yaddaşına əbədi həkk olunub. Uzun illər keçsə də, indiNovruz şənliklərində dönə-dönə səsləndirilir.

 

Xalq şairi Sabir Rüstəmxanlı mahnının yaranma tarixçəsindən söz açarkən bildirdi ki, Novruz bayramı qədim el bayramı olmaqla bərabər, həm də hər birimizin uşaqlıq xatirələrinin bir parçasıdır: “1980-ci illərin əvvəlləri olardı. Bir gün Məmmədbağır Bağırzadə çalışdığım nəşriyyata gəldi və xahiş etdi ki, ona bir şeir verim. Dodaqaltı melodiyanı zümzümə də etdi. Görüşümüz Novruza təsadüf etdiyindən mən də bu sətirləri yazdım:

 

Süfrələrə şam düzün,

Qoy arzular çin olsun!

Şölə saçan alovun biri mənim olsun!

Səməni nazlı gəlin, incə belində kəmər,

Baharın elçisidir, bəzəkli nəlbəkilər...

 

Beləcə, elə ilk ifadan bəyənilən bu günə kimi müğənnilərin repertuarından düşməyən bu mahnı yarandı”.

 

Mərhum müğənni bəstəkar, Xalq artisti Məmmədbağır Bağırzadə bu mahnını elə bənzərsiz ifa edib ki, digər musiqiçilər dəfələrlə onu səsləndirsələr , mərhum sənətkarın ifasını axtarır arzulayırıq.

 

M.Bağırzadənin bəstələdiyiBahar gəlir”, “Bayram şamları” (hər ikisinin sözləri Zivər Ağayevanındır), “Bayram günü” (sözləri şair, alim Ələmdar Mahirin)  mahnıları da Novruz günlərimizi xoş ovqata kökləyir. Bu mahnılar bu gün neçə-neçə müğənninin repertuarını rəngarəng edir.

 

Xalqımıza, elimizə bayram günlərində musiqi dolu xoş əhval arzusu ilə

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 19 mart.- S.3.