Xalçalarımız İstanbulda
sərgilənir
Martın 13-də İstanbuldakı Türk və İslam Əsərləri Muzeyində Azərbaycan xalçalarının sərgisi açılıb.
Üç ay davam edəcək sərgi “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi çərçivəsində reallaşıb. Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk və İslam Əsərləri Muzeyinin dəstəyi ilə gerçəkləşən layihənin bir məqsədi də İstanbuldakı bu məşhur muzeydə qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.
Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları sərgidə yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.
Türk və İslam Əsərləri Muzeyinin direktoru Seracettin Şahin bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iki qardaş ölkə arasında tarixi əsərlərin tanıdılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.
Qeyd edilib ki, hazırda muzeydə fərqli dövrlərə aid 100-ə yaxın Azərbaycan xalçası saxlanılır.
Layihənin iki il ərzində ərsəyə gəldiyini deyən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirin davamının Bakıda keçiriləcəyini bildirib. Bu xalçaları türk xalqlarının ortaq mirası adlandıran Ş.Məlikova Azərbaycan xalçalarının dünyanın müxtəlif muzeylərində nümayiş etdirildiyini vurğulayıb.
Ölkəmizdə xalçaçılıq sənətinə göstərilən qayğı və diqqətdən danışan muzeyin direktoru qeyd edib ki, dünyada ilk Xalça Muzeyi məhz Azərbaycanda açılıb. 2007-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Xalça Muzeyinin yeni binasının təməli qoyulub və 2014-cü ildə binanın açılışı olub. Sərginin indi açılması həm də onunla əlamətdardır ki, bu il Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsinin 10 ili tamam olur.
Sonra Azərbaycan Xalça Muzeyinin 50 illik fəaliyyətini özündə əks etdirən kitab İstanbul muzeyinə, türk xalçaçılığının 100 illiyinə həsr olunmuş nəşr isə Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib.
Açılış tədbirində Azərbaycan
xalçalarının kitab-kataloqunun təqdimat
mərasimi də keçirilib.
Mədəniyyət.- 2020.- 19 mart.-
S.8.