“Arzum budur
tezliklə qaynar mədəni həyata
qayıdaq...”
Biz elə bu gözə görünməyən düşmənlə mübarizənin ilk günlərindən hər bir vətəndaşa dövlətin qayğısının şahidi olduq. Çox sağ olsun dövlətimiz, bu virusun geniş şəkildə yayılmasının qarşısını tez bir zamanda ala bildi.
Bu fikirləri tanınmış tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyev qəzetimizə açıqlamasında dedi.
Sosial izolyasiya və karantin günlərində tələbələrlə onlayn dərsləri davam etdirdiklərini bildirən tarzən söylədi ki, istirahət günündən başqa hər gün səhər saat 11-dən saat 16-ya kimi tədris prosesində oluruq: “Bu tələbələr sırasında buraxılış qrupu olanlar da var, magistr təhsili alanlar da. Çalışırıq proqramdan geri qalmayaq”.
Bu müddətdə çoxsaylı virtual müsahibələr verdiyini, çəkilişlərdə iştirak etdiyini deyən Vamiq müəllim yeni texnologiyaların imkanlarını yüksək qiymətləndirir: “Yeni texniki vasitələr uzaq məsafələri yaxınlaşdırır. Müasir mobil tətbiqlər, sosial şəbəkələr vasitəsilə ünsiyyət günün mühüm tələbinə çevrilib. Özüm bu yenilikləri tətbiq edə bilməsəm də, ailə üzvlərimin köməkliyi ilə müxtəlif sosial şəbəkə səhifələrində canlı yayımlarda çıxışlarım oldu. Sənət dostlarımın canlı olaraq təşkil etdikləri onlayn konsert layihələrinə qoşuldum”.
Dövlət tərəfindən koronavirus infeksiyasına qarşı aparılan mübarizənin önəminə bir daha diqqəti çəkən həmsöhbətimiz deyir: “Əminik ki, ölkə başçısının müdrik rəhbərliyi ilə tezliklə bu bəladan xilas olacağıq. Bu çətin vəziyyətdə dövlətimiz tərəfindən insanlara yardımların verilməsi, aylıq məvaciblərin vaxtında ödənilməsi və digər təminatlar bir daha sübut edir ki, biz xalq və dövlət olaraq birlikdə güclüyük. Hazırda çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc nəslə tar sənətimizi tədris edirəm. Sənətim Mədəniyyət Nazirliyinə, çalışdığım təhsil ocağı isə Təhsil Nazirliyinə bağlı olduğundan hər iki təşkilata da minnətdarlığımı bildirirəm ki, karantin günlərində çoxsaylı onlayn layihələrlə mədəniyyətimizi və təhsilimizi geriləməyə qoymurlar”.
Vamiq müəllim karantin vaxtı bir çox insanların xarakteri və münasibətini də öyrənmiş olduqlarını bildirdi: “Bölgələrdən, hətta Rusiyadan olan dost-tanışlar zəng edib hal-əhval tutdular. Buna şad oldum. Eyni zamanda zəng edən hər kəsə də tövsiyəm budur ki, dövlətimizin qoyduğu qaydalara riayət edək. Axı bu, cəmiyyətə, insanlara qayğıdır. Həkimlərimiz, polislərimiz bizlər üçün çalışırlar, biz də onlara dəstək olmalıyıq. Arzum budur tezliklə bütün dünya və ölkəmiz bu bəladan xilas olsun. Yenidən qaynar mədəni həyata qayıdaq. İnsanlar konsertlərə, teatrlara getsinlər”.
Karantindən sonra nəzərdə tutulan layihələrdən danışan tarzən dedi: “Karantindən əvvəl planlaşdırdığımız bir neçə layihə var. Bizim evdə dostlar həmişə yığışar, musiqi ilə, ədəbiyyatla bağlı müzakirələr olar. İndi vəziyyətlə bağlı muğamlarımızdan birinin müzakirəsinə həsr etdiyimiz görüşümüz təxirə salınıb. Karantin bitəndən sonra yəqin həmin görüşü təşkil edə biləcəyik”.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 8 may.-
S.4.