Gərək bu nəğmələr dillərdən heç düşməyəydi...

 

“Tamaşalardan uzunömürlü mahnılar” – I yazı

 

İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına musiqi bəstələyən ilk bəstəkarları sadalayanda baba Müslüm Maqomayev, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli ilə yanaşı Cəfər Cabbarlının da adı çəkilməlidir.

 

Bəli, yanlışlıq yoxdur. Milli musiqi sənətimizin təməl daşlarının qoyulmasında böyük töhfələri olmuş bu üç sənətkarın (Müslüm Maqomayev – klassik Avropa üslubunda ilk tam operanın müəllifi; Asəf Zeynallı – Azərbaycan musiqisində romans janrının banisi; Əfrasiyab Bədəlbəyli – ilk milli baletin bəstəkarı) isminin ardınca qısa ömrünə dramaturq,  tərcüməçi, şair, nasir, publisist, teatr və kino tənqidçisi, ssenarist, teatr və kino rejissorluğu kimi yaradıcılıq sahələrində qazandığı uğurları cəmləşdirmiş Cəfər Cabbarlının adı gəlir.

 

Bu gün xalq mahnısı kimi təqdim edilən, tanınan nəğmələrin də, əslində, müəllifi olub. Bir şair ruhlu insan onun sözlərini, digəri də musiqisini qoşub. Ağızdan-ağıza, məclisdən-məclisə yayılan və sevilən mahnılar o qədər sevilib, xalqa o qədər xoş gəlib ki, müəllifi də unudulub...

 

Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın xatirələrində oxuyuruq:

 

“...Cəfərin bir xasiyyəti var idi: pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn, “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə”, Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi...”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdır.

 

 

 

“Zalım yar”la başlayan musiqili şöhrət

 

 

 

Cəfər “Sevil” əsərini yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:

 

Sənə nə olub, zalım yar,

Qadan-balan alım, yar.

Sən ki belə deyildin,

Səni bir öyrədən var”.

 

Bu gün “Zalım yar” kimi tanıdığımız, xanəndələrimizin repertuarında özünə yer etmiş bu mahnını ilk dəfə kim və nə vaxtdan oxuduğu bəlli deyil. Xalq mahnısı kimi təqdim edilən bu nəğmənin, həqiqətən də, müəllifinin Cəfər Cabbarlının olduğunu bilmirik. Əgər “Zalım yar” xalq mahnısı olsa belə, dramaturqun seçimi çox dəqiq idi və yarımac günlərinin səadəti tox günlərinin acısına qurban getmiş Sevilin iztirablarını çox yaxşı təsvir edirdi. “Zalım yar”ın yaranışından şübhəli olsaq da, “Sevil” ilə eyni vaxtda – 1928-ci ildə tamaşaya qoyulmuş “Od gəlini”ndə Solmazın oxuduğu “Mən bir solmaz yarpağam ki” mahnısının sözləri Cəfər Cabbarlının, musiqisi isə Əfrasiyab Bədəlbəylinindir. Təəssüf ki, “Od gəlini” əsəri uzun illərdir ki, tamaşaya qoyulmur və biz Solmazın bu mahnısını eşitmirik. Cəfər Cabbarlının “Mən bir solmaz yarpağam ki” şeiri də ayrıca poetik nümunə kimi ədibin kitablarına salınır.

 

Nəğmələrinin əksəriyyəti dillər əzbəri olan bəstəkar Oqtay Kazımi uzun illər sonra bu şeirə musiqi bəstələdi və həmin mahnı Xalq artisti Ağadadaş Ağayevin səsində lentə alındı. Düzdür, biz ilk variantla tanış olmasaq da, Oqtay Kazıminin mahnısı “Od gəlini”nin konsepsiyasına, Solmazın xarakterinə heç uyğun gəlmir, sadəcə, ortabab bəstəkar mahnısı olaraq qalır.

 

1931-ci ildə Cəfər Cabbarlının daha iki əsəri – “Almaz” və “1905-ci ildə” pyesləri tamaşaya qoyulur. Bu tamaşalar da yaddaqalan mahnısız ötüşmür. “Almaz”da Yaxşının oxuduğu “Gərək günəş dağları aşıb sönməyəydi...”, “1905-ci ildə”dən Sonanın Baxşının müşayiətilə oxuduğu “Azad bir quşdum” mahnıları populyarlıq qazanır.

 

Maraqlıdır ki, hər iki mahnı dərhal geniş yayılmır. Onların hər ikisinin şöhrət tapmağına illər gərək olur... Və... Hər iki mahnının musiqi müəllifliyi mübahisəlidir: bir sıra mənbələrdə mahnıların sözləri kimi musiqisinin də müəllifi Cəfər Cabbarlı, bəzi mənbələrdə isə mahnıları Əfrasiyab Bədəlbəylinin bəstələdiyi göstərilir. Bizim isə tutalğamız yenə də xatirələrdir.

 

 

 

“Azad bir quş”a çevrilib teatrdan pərvaz edən mahnı...

 

 

 

1930-60-cı illərdə Azərbaycan Milli Dram Teatrında maraqlı rolları ilə yadda qalan bir aktyor olub. Respublikanın Əməkdar artisti Süleyman Tağızadə. 51 il ömür sürmüş aktyorun teatrda ilk yaddaqalan rolu “1905-ci ildə” əsərindəki Baxşı olub. Onun öz rolu və bilavasitə “Azad bir quşdum” mahnısı ilə bağlı xatirəsi var:

 

“Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzişirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:

 

- Yoldaş Tağızadə, tar çalmaq bilirsən? - deyə soruşdu.

 

- Xeyr, bilmirəm.

 

- Çox təəssüf, - deyə o məndən ayrılıb pillələrlə yuxarı çıxmağa başladı.

 

Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün C.Cabbarlının kabinetinə gedib soruşdum:

 

- Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.

 

- Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çalmaq bilmirsən.

 

- Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.

 

Cəfər bir söz demədi. Saat üçdə, məşq qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi:

 

- Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır.

 

Getdim. Cəfər bir söz demədən ayağa durdu və “gedək” dedi.

 

İndiki Sabir bağının yanındakı meydanda musiqi alətləri mağazası var idi. Mağazaya girdik. Satıcı Cəfəri tanıdı:

 

- Cəfər yoldaş, nə istəyirsiniz? - deyə soruşdu.

 

- Mənə bir yaxşı tar ver!

 

Satıcı bir tar gətirib Cəfərə uzatdı.

 

Cəfər tarın simlərini mizrabla cingildətdikdən sonra pulunu verdi və tarı mənə uzatdı... Cəfər mənimlə xudahafizləşib tramvay dayanacağına doğru yönəldi.

 

- Cəfər qardaş, tarınız qaldı, - deyə onu səslədim.

 

Cəfər qayıtdı:

 

- Deyirdin ki, tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. İndi öyrən...

 

Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, digər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrənməyə başladım. Bir gün teatrda Cəfər Cabbarlıya dedim:

 

- Cəfər qardaş, mən bir qədər öyrənmişəm. Əsərdə çalacağım havanı bilsəydim, pis olmazdı.

 

O, Əfrasiyab Bədəlbəyliyə zəng etdi:

 

- Sabah saat üçdə teatrda, mənim yanımda olarsan.

 

Ertəsi gün Əfrasiyab, mən və Cəfər Cabbarlı bir yerə toplaşdıq. Cəfər Əfrasiyaba dedi:

 

- “Azad bir quşdum” mahnısını Tağızadəyə öyrətmək lazımdır.

 

Cəfər mahnının havasını zümzümə edib, notu yazmağı Əfrasiyab Bədəlbəyliyə tapşırdı.

 

Bir müddət bu havanın üzərində işlədim və nəhayət, Cəfərin istədiyi kimi çalmağa müvəffəq oldum”.

 

Süleyman Tağızadənin bu yazısı aktyorun vəfatından 9 il sonra, 1969-cu ildə dramaturqun anadan olmasının 70 illiyi münasibətilə çap olunan “Cəfər Cabbarlı haqqında xatirələr” kitabına daxil edilib. Nə yaxşı, tanınmış aktyor hələ 1959-cu ildə öz xatirə yazısının əlyazmasını və “Azad bir quşdum” mahnısının xətrinə alınmış tarı N.Gəncəvi adına Ədəbiyyat Muzeyində Cəfər Cabbarlının 60 illik yubileyi münasibətilə təşkil olunmuş sərgiyə veribmiş. Həmin xatirə və tar aləti muzeydə qorunur.

 

Uzun illərdir ki, “1905-ci ildə” tamaşası səhnəyə qoyulmur, amma bu gün Azərbaycanda “Azad bir quşdum” mahnısını eşitməyən yoxdu. Çox qəribədir ki, bu mahnını ilk dəfə Xalq artisti Sara Qədimova 1955-ci ildə lentə aldırıb. Cəfər Cabbarlının digər mahnılarını da ilk dəfə lentə yazdıran Sara xanım olub. Üstəlik, nədənsə, həmin mahnıların hamısının musiqi müəllifi olaraq Əfrasiyab Bədəlbəylinin adı qeyd edilib. Hərçənd təkcə Süleyman Tağızadənin, Sona Cabbarlının deyil, bir neçə teatr və incəsənət xadiminin, o cümlədən akademik, görkəmli ədəbiyyatşünas Məmməd Arifin xatirələri də sübuta yetirir ki, Əfrasiyab Bədəlbəyli, sadəcə, həmin mahnıların musiqisini not savadı olmayan Cəfər Cabbarlının xahişi ilə onun oxumalarını dinləyərək nota köçürübmüş. Təbii ki, Əfrasiyab Bədəlbəyli hələ ali musiqi təhsili almamışdısa da (bəstəkar-dirijor 1932-ci ildə Moskvada, 1934-38-ci illərdə Leninqradda konservatoriyada təhsil alıb), musiqi texnikumunu bitirmişdi, hələ 20 yaşında ikən dram teatrı ilə əməkdaşlığa başlamışdı, neçə tamaşaya, o cümlədən də “Od gəlini” tamaşasına musiqi bəstələmişdi.

 

Digər tərəfdən, Əfrasiyab Bədəlbəylinin Azərbaycan musiqi tarixində elə bir yeri, o qədər də xidməti var ki, bir neçə mahnını nota saldığı üçün həmin mahnıların müəllifi adlanmağına ehtiyacı yoxdur.

 

“Azad bir quşdum” mahnısına gəlincə, Sara xanımdan təxminən bir-iki ay sonra digər Xalq artisti Şövkət Ələkbərova da bu mahnını lentə aldırır. Çox qəribə də olsa, hər iki xanım müğənni-xanəndənin mükəmməl ifası bu mahnıya ümumxalq məhəbbəti qazandıra bilmir.

 

Yalnız ötən əsrin səksəninci illərində o zaman təzə şöhrət tapan Səxavət Məmmədov bu mahnıya müraciət edir. Gənc müğənni bu mahnını ilk dəfə dramaturqun adını daşıyan 187 nömrəli orta məktəbdə keçirilən ənənəvi Cəfər Cabbarlı gecəsində ifa edir, sonra da lentə aldırır. Səxavət öz ifası ilə “Azad bir quşdum”a möhür vurur və bu mahnı onun bir növ vizit kartına çevrilir.

 

Bu gün “Azad bir quşdum” mahnısını üzü Türkiyədən, Özbəkistandan bəri çox müğənni öz repertuarına daxil edib və oxuyur. Və... sadəcə, oxuyurlar.

 

 

 

“Gərək günəş dağları aşıb sönməyəydi...”

 

 

 

2001-ci ildə Cəfər Cabbarlının ev-muzeyi maraqlı bir layihə ilə çıxış etdi: şair-dramaturqun bəstələdiyi mahnılardan ibarət “Azad bir quşdum” adlı disk hazırlandı. 7 aranjimanda işlənmiş 5 mahnının arasında “Almaz” dramında Yaxşının oxuduğu “Gərək günəş dağları aşıb sönməyəydi...” mahnısı Xalq artisti Mələkxanım Əyyubovanın səsilə ikinci həyatına başladı. Müğənni bu mahnını təkcə layihə xətrinə oxumadı, onu öz konsert repertuarına daxil etdi, mahnıya Cabbarlının obrazının yer aldığı klip də çəkdirdi.

 

Artıq bir neçə mövsümdür ki, “Almaz” dramı yenidən doğma səhnədə – Akademik Milli Dram Teatrının səhnəsində oynanılır. Tamaşaya Xalq artisti Siyavuş Kərimi musiqi bəstələyib. Lakin aktrisa Rada Nəsibovanın ifa etdiyi Yaxşının bu mahnısı elə həmənkidir. Sadəcə, mahnı Əməkdar artist Gülüstan Əliyevanın ifasında lentə alınıb.

 

Bu mövzuda ilk yazımızı Sona Cabbarlının qısa xatirəsi ilə bitiririk: “...Cəfər işdən gələndə, oturanda, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə dilləndim ki, bir mahnını oxuyarlar bir dəfə, iki dəfə, üç dəfə, yoxsa səhər-axşam, axşam-səhər dilindən düşmür, bu nədir? Cəfər dedi ki, Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnılarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir. Amma Cəfər nədən, nə mövzuda əsər yazacağını demədi”.

 

Həyat göstərdi ki, müəllif öz arzusuna çatıb.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2020.- 8 may.- S.1;5.