İxtisasartırma kurslarının gələcək formatı müzakirə olunub

 

 

Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti onlayn təlim ixtisasartırma kurslarının gələcək formatına həsr olunub.

 

Vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri iştirak ediblər. Ağcabədi, Sumqayıt, İsmayıllı, Lənkəran, Şəki, Şəmkir regional mədəniyyət idarələrinin nümayəndələri məruzələrlə çıxış ediblər.

 

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri və s. mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu bildirilib.

 

Tədbirin sonunda MEMİM-in direktoru A.Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək bununla bağlı regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin də əhəmiyyət kəsb etdiyini deyib.

 

Mədəniyyət.- 2020.- 8 may.- S.3.