Kinonun ağrılı mövzusu

 

Müharibə bütün zamanlar üçün ağrılı mövzudur. Bu bir kəlmənin məzmunu milyonlarla insanın taleyinə yazılan qanlı-qadalı faciələri xatırladır.

 

Bəşəriyyətin bəlası olan müharibələrin dəhşətlərini, insanlara vurduğu maddi və mənəvi ziyanların miqyasını nəsillərə çatdıran kinonun xidmətləri bu mənada böyükdür, əvəzsizdir.

 

Məşhur yazıçı Viktor Hüqonun sözləri ilə desək, “sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir”. XX əsrin ən böyük cinayətlərindən birifaşist Almaniyasının hegemonluq siyasətini həyata keçirmək məqsədilə başlatdığı (1939) İkinci Dünya müharibəsidir. 1945-ci ildə sona çatan müharibə ön cəbhədə, döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə olan milyonlarla insanın ölümünə səbəb oldu, arxa cəbhədə aclığa, yoxsulluğa dözməyə məcbur qalan əhalinin həyatını iflic vəziyyətə saldı.

 

Müharibənin bitməsindən 75 il ötməsinə baxmayaraq, zamanından, məkanından asılı olmayaraq, dünya xalqları həmin illərin ağrı-acılarını, böyük faciəsini bu gün də xatırlayır, unutmur. Faşizmin insanlığa sığmayan vəhşiliklərindən bəhs edən, kinolentlərə hopan bədii və sənədli filmlər bu tarixi gələcək nəsillərə çatdırır.

 

Milyonlarla insanın ölümünə səbəb olan, ailələri, evləri talan qoyan, insan mənəviyyatını şikəst edən müharibə mövzusu 1941-ci ildən etibarən sovet kinosunda əksini tapdı.

 

Tanınmış kino təqdiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu mövzudan bəhs edən məqalələrinin birində yazır: “Ümumiyyətlə, müharibə illərində Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilmiş, 34 tammetrajlı film, 67 qısametrajlı, 24 cəbhə buraxılışı, “Soyuzkinojurnal”ın və “Novosti dnya” jurnalının 465-dən artıq nömrəsi istehsal olunmuşdu. Bütün bu kinoxronikanın və filmlərin yaranmasında Azərbaycan kinematoqrafçılarının da əməyi az olmamışdır. Hətta bizim kino işçiləri mərkəzin kinojurnallarını materiallarla təmin etməklə bərabər, yerli kinostudiyamıza da canla-başla xidmət edir, özləri də hiss etmədən Azərbaycan xalqının müharibə illərindəki fəaliyyətinin kinoxronikasını yaradırdılar”.

 

İkinci Dünya müharibəsindən bəhs edən hadisələr müharibənin ilk illərindən etibarən Azərbaycan kinosunun bədii və sənədli ekran əsərlərində də öz əksini tapdı.

 

Həmin illərin ağır vəziyyəti, digər sahələr kimi, kino sənətinə də mənfi təsirini göstərsə də, kinematoqrafçılar planlarını günün mübariz və gərgin rejiminə əsasən quraraq arxa cəbhədəki insanların ön cəbhəyə olan köməklərini sənədli ekran əsərlərində tamaşaçılara çatdırırdılar. Sənədli kino ustası olan Muxtar Dadaşov həm arxa cəbhədə, həm də faşist işğalçılarından azad edilmiş rayonlarda, Niyazi Bədəlov isə arxa cəbhədə müharibə illərinin kino salnaməsini yaradırdılar.

 

Azərbaycanın ilk sənədli filmlər rejissorlarından olan Niyazi Bədəlov xatirələrində yazır: “O günləri heç unutmaqmı olar? Müharibə başlanan ilk gündən hər şey, o cümlədən kino hərbi qanunlara tabe etdirildi. O vaxt dəmir qayda-qanun var idi. Böyük imkanları olan kinematoqrafiya hökumətin əlində güclü ideoloji təbliğat vasitəsi idi. Ona görə də incəsənətin bu sahəsinə diqqət bir az da artırıldı”.

 

Həmin illərdə kinostudiya işçiləri əsasən iki istiqamətdə işləyirdilər. Daha çox xronikal filmlər çəkilir, insanların dinc həyatı ilə bağlı hadisələr lentə alınır, həmçinin müharibə təhlükəsinə qarşı ölkədə görülən tədbirlər ekranlaşdırılırdı. 1940-cı ildə çəkilən “Hava həyəcanı siqnalı ilə”, “Hava hücumundan müdafiə”, “Bakı hazırdır” və başqa filmlər ölkə əhalisinin özünümüdafiəyə hazırlaşmasından, dövlət tərəfindən görülən tədbirlərdən bəhs edirdi.

 

Qədim Roma filosofu Siseron müharibə haqqında fikrini belə izah edir: “Sülh vaxtı adam öldürmək cinayət, müharibə zamanı isə qəhrəmanlıq sayılır”. Müharibə dövründə “Alman işğalçılarına ölüm” şüarı insanların birinci silahı idi. Bu şüar hər bir əsgərə arxa cəbhədə qoyub gəldiyi ailəsini, övladını, ata-anasını faşist zülmündən qurtarmaq üçün güc verirdi. Müharibə gerçəkliklərini əks etdirən lentlərdə, alman faşizminin zülmünə qarşı mübarizə aparan, qanlı-qadalı döyüş yolu keçən qəhrəman əsgərlərimizin göstərdikləri şücaətlər arxa cəbhədəki yarıac-yarıtox dolanan çarəsiz insanlara ümid verirdi. Çünki partladılan hər bir düşmən təyyarəsi, tankı qələbəyə doğru atılan bir addım, bəşəriyyətin nicatı demək idi.

 

Həmin illərdə ələlxüsus sənədli filmlərə böyük tələbat var idi. İnsanlar müharibə haqqında olan məlumatları, demək olar ki, sənədli filmlər vasitəsilə əldə edirdilər. A.Kazımzadə mənbələrə istinadən qeyd edir ki, “Ordenli Azərbaycan” kinojurnalının 30-31-ci nömrələri əsasında 1942-ci il noyabrın 7-də istehsal olunmuş xüsusi buraxılış həm Bakının müdafiəsinə, həm də arxa cəbhənin ön cəbhəyə göstərdiyi köməyə həsr olunmuşdu: “Rejissorlardan Qriqori BraginskiNiyazi Bədəlovun bu filminin 1-ci hissəsində hava hücumundan müdafiə hissəsi döyüşçülərinin doğma Bakı səmasını qanadlı düşmən quldurlarından necə böyük həssaslıqla qoruduqlarını görürük. Həyəcan siqnalı əsgərləri bir anlığa ayağa qaldırır. Artıq təyyarələr səmaya qalxır. Budur, vurulub yerə salınmış düşmən təyyarəsi. Həmin düşmən təyyarəsinin qalıqlarını gətirib Nizami bağında nümayiş etdirirlər. Şəhər camaatı axın-axın gəlib təyyarənin qalıqlarına baxır, əsgərlərimiz üçün qürur hissi keçirirlər”.

 

Ümumiyyətlə, müharibə dövründə faşistlərin hücumunun qarşısını almağa çalışan insanların fəaliyyəti, döyüş əzmi sənədli filmlərdə əksini tapırdı. İstər sənədli, istərsə də bədii kinoda ön cəbhənin görüntüləri, əsgərlərin şücaətləri insanlarda qürur hissi yaradır, onları düşmənə qarşı mübarizəyə ruhlandırır, qələbəyə inam hissini gücləndirirdi.

 

O illərdə Bakı kinostudiyasının 40 nəfərdən çox yaradıcı işçisi müharibədə iştirak edib, onların bir hissəsi cəbhədə qəhrəmancasına həlak olub, digərləri isə mərdlik göstərərək düşmənlə döyüşlərdə yaralanıb, ordudan tərxis olunduqdan sonra isə yenidən sevdikləri yerlərinə, kinostudiyaya qayıdaraq müharibənin dəhşətlərini çəkdikləri filmlərdə təsvir ediblər.

 

Azərbaycanın görkəmli kinematoqrafçılarından Tofiq Tağızadə, Əjdər İbrahimov, Şamil Mahmudbəyov, Əlihüseyn Hüseynov, Cavanşir Məmmədov, Teyyub Axundov və başqaları alman faşizmi ilə döyüşlərdə iştirak edən, sonralar çəkdikləri filmlərdə müharibə dəhşətlərini geniş ictimaiyyətə çatdıran kinematoqrafçılardır.

 

Nəinki müharibə iştirakçısı olan, eləcə də uşaqlıq və gənclik illəri həmin dövrə təsadüf edən hər bir kino işçisi İkinci Dünya müharibəsi mövzusuna müraciət etməyi, Azərbaycan övladlarının müharibədəki böyük qəhrəmanlıqlarını, Azərbaycan neftinin əhəmiyyətini filmlərində göstərməyi özlərinə vətəndaşlıq və məslək borcu bilirdilər. Buna görə də müharibə qurtarandan on illər sonra belə Azərbaycan kinosunda İkinci Dünya müharibəsinin fəsadlarını özündə əks etdirən, mühüm fakt və məlumatları cəmiyyətə çatdıran ekran əsərləri tamaşaçılara təqdim edildi.

 

Onu da qeyd edək ki, müharibə mövzusundan bəhs edən tammetrajlı filmlərin bir çoxu əsasən müharibə bitdikdən sonra ərsəyə gəlib. Bunu da həmin illərdə kinostudiyanın maddi-texniki bazasının zəif olması, həmçinin işçi qüvvəsinin ön cəbhəyə getməsi ilə əlaqələndirmək olar. Ekranlaşdırılan bədii filmlərin bəzilərində sənədli filmlərdən və xronikalardan (mənbə olaraq) istifadə edildiyinigörürük. Bu da danılmaz həqiqətdir ki, həmin dövrlərin batal kadrlarını ekranlara gətirmək imkanı olmadığından müharibə janrlı filmlərin bir çoxu psixoloji-dram janrında tamaşaçılara təqdim olunurdu.

 

Hərbi mövzuda çəkilən bədii və sənədli filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu böyükdür. Bu mənada Azərbaycan kinosunda müharibə mövzusundan bəhs edən filmlərimizi daima müharibəyə yox deyən, həmçinin ölkədə sabitliyin, əmin-amanlığın qorunmasında ayıq-sayıq dayanmağımıza çağıran vacib material hesab etmək olar.

 

Önarxa cəbhənin acı həyat hekayələrindən, insanların kədərli həyatından, iztirabından bəhs edən “Vətən oğlu”, “Bəxtiyar” (1942, qısametrajlı-bədii), “Sovqat”, “Bir ailə”, “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Bizim küçə”, “Əmək və qızılgül”, “Dağlarda döyüş”, “Torpaq. Dəniz. Od. Səma”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Gilas ağacı”, “Skripkanın sərgüzəşti”, “Bakıda küləklər əsir”, “Tütək səsi”, “Dvorjakın melodiyası”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Sizi dünyalar qədər sevirdim”, “Yarımçıq xatirələr” və başqa filmlərdə müharibə dövründə, eləcə də müharibədən sonrakı illərdə insanların çəkdikləri əzab-əziyyət, mənəvi sarsıntı, məhv olmuş talelərin kədərli xatirələri əksini tapıb.

 

Sözügedən filmlərin ümumi leytmotivində müharibənin fəsadlarına şahid çəkən, dəhşətlərinə lənət yağdıran, ölkənin müdafiəsinə qalxan insanların qəhrəmanlıqlarını təsvir və təbliğ edən mühüm ideya durur. Filmlərin yaradıcı heyəti bütünlükdə həmin illərin qəzavi-qədərini tamlıqla tamaşaçıya çatdırmaq üçün bilik və bacarıqlarını, istedadlarını səfərbər ediblər. Elə buna görə də həmin filmlərin yaradıcı və texniki heyəti haqqında ayrı-ayrılıqda danışmaq mümkündür. Hətta bu kimi filmlərdə bəzən tamaşaçı filmin baş qəhrəmanını nə axtarmır, nə də seçmir. Çünki taleyinə ağır həyat yükü yüklənmiş böyüklü-kiçikli hər kəsin həyatını təsvir edən kadrlar, əslində, hər insanın həyatı bir filmin mövzusudur fikrini ötürür.

 

Onu da qeyd edək ki, müharibə janrlı filmlərin bir çoxunda həmin illərdə ölkədə yaranmış fövqəladə vəziyyət, eləcə də iqtisadi tənəzzül prosesi, insanların bilavasitə hadisələrə münasibəti, ictimai davranışı psixoloji nüanslarla, incə məqamlarla işlənərək tamaşaçılara çatdırılır. Bu mənada illər sonra belə duyğulara, hisslərə güclü sirayət edən, müharibə faciəsini nəsillərə aydınlıqla diktə edən məzmunlu ekran əsərlərini elə ön cəbhənin dəhşətlərini (batal səhnələri) göz önünə gətirən, xatırladan, həmin illərin faciəsini tam olaraq çatdıran film kimi də qəbul edərək izlədik və sevdik.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 8 may.- S.1;6.