Şair təbiətli yorulmaz alim

 

 

Folklorumuzu, aşıq şeiri tarixini dərindən tədqiq edən Qara Namazov həmçinin ilk dəfə ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb

 

Azərbaycan şifahi xalq ədəbiyyatı, müasirklassik Azərbaycan ədəbiyyatı sahələrinin tanınmış tədqiqatçılarından biriprofessor Qara Namazov olub. Görkəmli alim dərin məzmunlu tədqiqatları ilə elmimizi zənginləşdirib, araşdırdığı sahələrin tədrisini də həyata keçirib. Anadan olmasının 90 illiyi münasibətilə alimin ömür yolunaelmi yaradıcılığına nəzər saldıq.

 

Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qərbi Azərbaycanın Dilican qəzasının Əmirxeyir kəndində dünyaya göz açıb. İlk təhsilini doğulub boya-başa çatdığı kənddə alır. Orta məktəbi isə Qazax rayonunun Dağ Kəsəmən kəndində bitirir. Hərbi xidmət zamanı Abxaziyanın Suxumi şəhərində təyyarəçilik məktəbində oxuyur. Təhsilini başa vurduqdan sonra Türkmənistanın Nebitdağ şəhərinə göndərilir. Qırıcı təyyarə alayında şöbə rəisi işləyir.

 

Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra 1959-1967-ci illərdə universitetin mərkəzi kitabxanasında şöbə müdiri, sonra AMEA-nın Tarix İnstitutunun kitabxanaarxivinin direktoru olur. Eyni zamanda Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Şifahi ədəbiyyat şöbəsinin qiyabi aspiranturasını bitirir, “Azərbaycan aşıq şeirinin inkişafı tarixindən” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. ADU-nun Kitabxanaçılıq fakültəsində işə başlayır. Sonra Filologiya fakültəsində Azərbaycan sovet ədəbiyyatı kafedrasının dosenti olur. Alim 1987-ci ildə “Azərbaycan sovet uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir, iki il sonra professor elmi adı alır.

 

Qara Namazovun elmi yaradıcılığının əsas istiqamətləri şifahi xalq ədəbiyyatı, ədəbiyyat tarixi, müasir Azərbaycan ədəbiyyatını əhatə edib. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, 1987-ci ildən Aşıqlar Birliyinin üzvü olan tədqiqatçı ümumilikdə 10 monoqrafiya, 30 kitab və 300 elmi-kütləvi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində davamlı fəaliyyət göstərən alim 20 nəfər elmlər namizədi (fəlsəfə doktoru) yetişdirib.

 

Qara Namazov hələ tələbəlik illərindən poeziyaya maraq göstərib. “Vətən”, “Kəndimizin qızları” adlı ilk şeirlərini qələmə alıb. Bədii nümunələri “Gənc qələmlər”, “Aprel çiçəkləri”, “Tər çiçəklər”, “Gənclik nəğmələri” toplularında və müxtəlif qəzetlərdə dərc olunub.

 

AlimMüasir Azərbaycan ədəbiyyatı” dərsliyinin müəlliflərindən biri kimi A.Şaiq, Ə.Cavad, Ə.Cəmil, N.Rəfibəyli, M.Dilbazi və M.Arazın yaradıcılığı haqqında oçerklər yazıb. O, ölkəmizdə ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradır. Genişhəcmli uşaq ədəbiyyatı proqramı hazırladıqdan sonra bütün tarixi mərhələləri əhatə edən dörd kitabdan ibarət “Oğluma nəsihət”, “Balalara töhfə” və II cilddə “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nı çap etdirir. Antologiyanın I cildinə 1920-ci ildən müasir dövrə qədərki poeziyadan seçmələr, II cildinə isə həmin dövrün nəsr nümunələri daxildir.

 

Aşıq yaradıcılığı istiqamətində geniş araşdırma aparan görkəmli alimin Orta əsrlər dövrü aşıq-şairləri haqqında silsilə məqalələri mətbuatda dərc edilib. O, 1980-ci ildə çap etdirdiyi “Aşığın sazı və sözü” monoqrafiyasında bu sənətin qaynaqlarını tarixin dərin qatlarında axtarıb. Aşıqların IV qurultayı ərəfəsində (1984) müəllifin “Azərbaycan aşıq sənəti” kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb. Alimin uşaqların mütaliəsi üçün “Yanıltmaclar”, “Lətifələr”, “Qara kəlim asta gedər...”, “Tap tapmaca...”, “Sınamalar” və “Loğman” kitabçaları maraqla qarşılanıb.

 

Qara Namazov həmçinin qədim qəhrəmanlıq dastanlarını da tədqiq edib. Bu yöndə “Aratta-Şumer mədəniyyəti”, “Şan qızı dastanı”, “Qazan xan haqqında Qaraqoyunlu əfsanəsi”, “Ağcaqala rəvayəti”, “Buğacın nağılı” (“Buğacboyunun el variantı), “Oğuz kağan və Dədə Qorqud”, “Dədə Qorqudun şəxsiyyəti”, “Dədə Qorqud və Dədə Kərəm” və b. məqalələri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

 

Qələmini tərcüməçilik sahəsində də sınayan müəllif Yan Raynes, Lesya Ukrainka, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, habelə 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ haqqında Vladimir Şufun (Borey) “Şamaxının məhvi” poemasını “Səlimə” adı ilə Azərbaycan dilinə tərcümə edərək geniş ön sözlə çap etdirib.

 

Türkiyə, Türkmənistan, İsveç və digər ölkələrdə keçirilmiş beynəlxalq seminarkonfranslara qatılan araşdırmaçı elmimizi layiqincə təmsil edib. Əməyi yüksək qiymətləndirilən alim “Əməkdar müəllim”, “Şöhrət” ordeni ilə təltif olunub. Professor Qara Namazov 11 may 2016-cı ildə, 86 yaşında vəfat edib. 

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 8 may.- S.7.