Azərbaycan Dövlət Akademik
Filarmoniyası MDB üzrə ilk
beşlikdə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı filarmoniyalarının reytinqində ilk beşliyə daxil edilib.
Reytinq “Turstat” turizm portalı tərəfindən filarmoniyaların klassik musiqi konsertləri keçirməsi, həmçinin onların saytlarında və sosial şəbəkələr üzərindən onlayn yayımları əsasında tərtib olunub.
Siyahıda ilk sırada Moskva Dövlət Akademik Filarmoniyası, daha sonra D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası və Belarus Dövlət Filarmoniyası yer alıb.
Cambul adına Qazaxıstan Dövlət Filarmoniyası reytinq cədvəlində dördüncü, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası isə beşinci sıradadır. Sonrakı yerləri Özbəkistan, Qırğızıstan, Moldova və digər ölkələrin filarmoniyaları tutub.
Qeyd edək ki, zəngin yaradıcılıq ənənələri olan Azərbaycan Dövlət Akademik Filarmoniyası 1936-cı ildə yaradılıb. Ölkəmizin aparıcı konsert təşkilatına 2017-ci ildə “akademik” statusu verilib.
Hazırda mədəniyyət ocağının tərkibində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti fəaliyyət göstərir.
***
Yeri gəlmişkən, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Oman Sultanlığındakı Sultan Qabus Universitetinin müəllimləri Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində keçirilən “Sərhədsiz musiqi” aksiyasına qoşulublar.
Aksiyada Əməkdar mədəniyyət işçisi
Elçin Abbasov (tar), Ulduzə Məmmədova (kamança),
Şəbnəm Şıxəliyeva (qanun),
Vüsalə Yusif (fortepiano)
və digər musiqiçilər görkəmli italyan bəstəkarı A.Vivaldinin
“İlin fəsilləri” əsərindən
bir parçanı onlayn
ifa ediblər. E.Abbasov
bildirib ki, bu tip klassik
əsərlərin kvartet şəklində
ifası gələcəkdə də təqdim ediləcək.
Mədəniyyət.- 2020.- 6 may.-
S.8.