Bir Sona xanım var idi...
“Operadan ekrana aparan yolun yolçuları” silsiləsindən
Elə şəxs adları var ki, onları eşidən
kimi gözlərinin qarşısında konkret obraz
canlanır, ya da həmin adı daşıyan şəxsin
mütləq gözəgəlimli görkəmdə, ürəyəyatan
xarakterdə olduğunu zənn edirsən.
Azərbaycan incəsənət tarixində bir neçə
Sona xanım olub. Amma bu adı eşidəndə
bütün adaşlarından öncə zərif vücudunu,
diqqəti çəkən simasını, xanımyana ədalarını
tamamlayan qulağayatımlı gur və şirin səsli bir
bitkin qadın obrazı canlanır. Əməkdar
artist Sona Aslanovanın obrazı.
Bəxtimiz belə gətirdi ki, bugünkü orta və
gənc sənətsevər nəsli Sona xanımı
vokalçıdan daha çox kinoaktrisa kimi tanıdı.
Sona xanım 1924-cü ilin payızında Bakıda,
ziyalı ailəsində doğulmuşdu. Sakit təbiətli,
hətta bir qədər utancaq xasiyyətli yaraşıqlı
qızın gözəl səsi var idi və bu istedad ona
anası Zibeydə xanımdan keçmişdi. Atası
Şahnəzər kişi dövrünün
tanınmış insanlarından idi, sovetləşmədən
əvvəl xeyli imkanlı şəxslərdən olsa da,
qızı Sona dünyaya gələndə Şahnəzərin
bircə təmiz adı vardı; vardan-sərvətdən ona
qalan isə köklü Bakı əhlinin dilində zərb-məsələ
dönmüş bir ifadə qalmışdı: “Xoş o
adamın halına ki, onun Şahnəzər kimi qonşusu
var”. Hələ çox cavan yaşından
qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı
hər kəsin xeyir-şərində canla-başla iştirak
edən, səxavət kisəsinin ağzı həmişə
açıq olan Şahnəzər dövranın tərs gərdişi
üzündən övladlarını gözdolusu görə
bilmir. 1934-cü ildə həbs olunur və...
doğmaları bir daha onu görmür. Atalı
günləri 10 yaşında bitən Sonaya Şahnəzər
kişinin xarakterindən səxavətli, mərhəmətli
olmaq, hər kəsin uğuruna sevinmək bacarığı
yadigar qalır.
Gözəl səsi Sonanı konservatoriyaya gətirib
çıxarır. Təbiətdə çox nadir olan
kolaratur soprano səsli, yaraşıqlı, kübar tərbiyəli
bu qız tezliklə diqqəti cəlb edir. Üzeyir bəy, bolşeviklərin təbirincə,
“dosyesi ləkəli” bu qızı da digər oxşar taleli tələbələr
kimi öz qanadının altına alır, onları repressiya
maşınının çarxları altında əzilməkdən
qoruyur.
Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım,
Opera və Balet Teatrında çalışmaqla
yanaşı, həm də yenicə məzun olduğu sənət
ocağında opera ifaçılığı sənətindən
dərs deməyə başlayır. Opera tamaşalarından
“Arşın mal alan”da Gülçöhrə, “Əsli və
Kərəm”də Əsli, “Koroğlu”da Nigar partiyalarının
qüdrətli ifaçısı olan Sona xanım səhnəni
erkən tərk etsə də, onun pedaqoji fəaliyyəti ta
1994-cü ilədək – Azərbaycandan okeanın o tayına
köçənədək davam edir.
***
Çox təəssüf ki, ötən əsrin əllinci
illərinin musiqili tamaşalarının, o cümlədən
də opera tamaşalarının kinolentləri yoxdur. O üzdən də biz bu
gün Sona Aslanovanın səhnədə necə bir
Gülçöhrə, Əsli olduğu barədə təəssürat
paylaşa bilmirik. Nə yaxşı ki, 1954-cü ildə
çəkilmiş, ilk rəngli sənədli-bədii film, həm
də ilk film-konsert kimi Azərbaycan kino tarixində yer
almış “Doğma xalqımıza” filmi var. Hüseyn
Seyidzadə və Yan Fridin quruluş verdiyi, ssenarisini Həsən
Seyidbəylinin yazdığı bu filmdə o dövr
üçün Azərbaycan klassik musiqisinin şedevrlərindən
parçalar yer alıb. Film “Koroğlu” operasının final səhnəsi
– Koroğlunun edama gedən Nigarı və digər
silahdaşlarını xilas etdiyi səhnə ilə bitir. Koroğlu rolunda – əvəzsiz Bülbül, Nigar
rolunda isə gənc və gözəl Sona Aslanova çəkilib.
Gənc vokalçı cəmi iki epizodda görünür – Həsən
xanın sarayında ölümünə fərman verilən
zaman, bir də edam məqamında
qurtulduğu səhnədə. Gözəl və gur səs
öz yerində, Sona Aslanova bu səhnələrdə bir
çox dramatik aktyorların kamera önündə
bacarmadığı bir məharət nümayiş etdirir:
gözləri, üz cizgiləri ilə xalq qəhrəmanı
Koroğluya bəslədiyi sevgini, ölümdən qorxmayacaq
cəsarətini bir neçə kadra səxavətlə xərcləyir.
***
Yəqin elə opera səhnəsinin Nigarını kamera
önündə də böyük bacarıqla
çatdırdığı üçündür ki,
“Doğma xalqımıza”dan sonra Sona Aslanova kinorejissorların
diqqətini cəlb edir. 1955-ci ildə ekrana çıxan, nəinki
müsbət sovet kəndlisi obrazları ilə, hətta
sosializm realizmi çərçivəsinə sığmayan
antipod qəhrəmanları ilə də çox sevilən
“Görüş” filmində Sona Aslanova da çəkilir.
Pambıqçı qız Firəngiz rolunda.
Manqa başçısı Bilqeysin işləməyən, kənd
avarası, ərköyün qardaşı Kamilə aşiq
olmuş, öz məhəbbətini zərrəcə gizləməyən,
Kamilin zəhləsini tökəcək qədər ona mehriban
olmağa çalışan Firəngiz ilk baxışda adama
qəribə təsir bağışlayır. Axı,
oğlan arxasınca düşən qız, özü də avaraya
aşiq zirək kənd qızı obrazı XXI əsrdə də
normal personaj sayıla bilmir. Təəssüf ki, bu
gün o illərin kino tənqidinin Tofiq Tağızadənin
bu filmi, filmin qəhrəmanları, o cümlədən də,
sovet qadınına “layiq olmayan” kişiləri sevən
Şövkət (Barat Şəkinskaya), Firəngiz kimi obrazlar
barədə fikirləri ilə tanış deyilik. Bununla belə, Firəngiz obrazının həm
ssenari, həm rejissor yozumu, başlıcası, ifaçı
tərəfindən təqdimatı elə mükəmməl
verilib ki, tamaşaçı Firəngizi “yüngül
qız” saymır, onun davranışına Füzulinin “Məhəbbət
bir bəla şeydir, giriftar olmayan bilməz” misrası ilə
haqq qazandırır. Firəngiz isə
finalda Kamilə bəslədiyi məhəbbəti altruist hisslərdə
qoruyaraq, ondan küsən Lalanı danlamaqla sevgililəri
barışdırır.
***
Təəssüf ki, “Görüş” filminin Firəngizi
Sona Aslanovanın kinoaktrisa karyerasında ən irihəcmli rol
oldu. Sonralar onlarla filmdə xırda, epizodik rollar
oynadı. Sənət aləmində çoxdan
bayağılaşmış bir fikir Sona Aslanovanın kino
yaradıcılığı üçün tam yerinə
düşür: rolun böyüyü-kiçiyi yoxdur,
aktyorun böyüyü-kiçiyi var.
1960-cı illərdə bir-birinin ardınca Azərbaycan
cəmiyyətində böyük əks-səda
doğurmuş iki film ekrana çıxdı. “Bizim
küçə”, bir də “Telefonçu qız”. Əlisəttar
Atakişiyevin 1961-ci ildə çəkdiyi “Bizim küçə”
ilə Həsən Seyidbəylinin 1962-ci ildə çəkdiyi
“Telefonçu qız” filmlərinin əsas oxşar cəhəti
uşaqlıqdan çətinliklərlə üzləşən
baş qəhrəmanlar – Sara və Mehriban həyatın onlara
yaşatdığı məşəqqətlərə
baxmayaraq, ayaq üstə dayanmağı və həyatda
öz yolunu tapmağa nail olurlar. Sona Aslanova bu
filmlərdə bir-birindən yerlə göy qədər fərqli
qadın obrazlarını yaradıb. “Bizim
küçə”dəki Aşxen peşəsi insanlara şəfa
vermək olan həkim əri Bəhramdan (Ağadadaş
Qurbanov) qat-qat şəfqətli, tanımadığı
adamların halına yanacaq qədər mərhəmətlidir.
Sona xanım obrazının bu cəhətlərini
televizorda müharibə xronikasına baxarkən də, mənzili
paylaşdığı qonşu Bəyim xalanın (Ətayə
Əliyeva) əhvalı qarışanda da, baldızı
qızı Asyaya (Səfurə İbrahimova) münasibətində
də qabarıq göstərə bilir.
“Telefonçu qız” filmində Sona xanımın
çəkildiyi və cəmi bir epizodda görünən
rolun heç konkret adı da yoxdur. Filmin annotasiyasında
adı Mehribanın analığı kimi göstərilir.
Epizodun əvvəlində biz onu arxadan
görürük. Dərsdən gələn Mehriban evdə
tanımadığı qadını görür. Atası ona “tanış ol, sənin anandır, daha
bu evdə tək qalmayacaqsan” deyəndə qız atasına
sığınır. Analığın
dodaqlarından üzünə yayılmayan süni təbəssüm
qadının bu evə ana yox, gəlin gəldiyinə işarə
vurur. Bunun ardınca isə biz analıq ilə
qızı kişi işdən gələndə
görürük. Qadın güzgü
qarşısında özünə tumar verir. Mehriban (Raisa Nedaşkovskaya) da onunla bir otaqdadır, dərs
hazırlayır. Kadrdakı soyuqluq bir dam
altda yaşamalarına baxmayaraq, onların bir-birinə
dözdüyünü göstərir. Körpəliyindən
tündməzac atası ilə az qala
köçəri həyat yaşayan, ana qayğısı
görməyən, rəfiqəsiz böyüyən yeniyetmə
Mehribanın soyuqqanlılığı,
adamayovuşmazlığı anlaşılandı. Bəs analıq necə? O da bütün
bunları gözəl anlayır. Sadəcə... Mehribanın atası (Gündüz Abbasov) işdən
gəlir, əvvəlcə qızının
saçını tumarlayır, onu gəzməyə
yolladıqdan sonra arvadına yaxınlaşır. Həyat
yoldaşının nəvazişini belə incik qəbul edən
analıq qısqanclığını gizlətmir: “Həmişə
əvvəl onunla görüşürsən. Onu məndən
çox istəyirsən...”. Aldığı cavab – “Bu nə sözdür?
O ki uşaqdır. Ana olanda bunu başa
düşərsən” – qadını sakitləşdirsə də,
o, ərinin sevgisini yad qadından olan bir qızla paylaşmaq
niyyətində deyil. Növbəti epizodda
çarpayıda əllərini oynadan 7-8 aylıq körpəni
iri planda görürük.
Ata-ana Mehribanın dərs hazırladığı
küncü “zəbt etmiş” balacanı fərəhlə
süzürlər. İçəri daxil olan Mehriban bu ailə
idilliyasında özünü görmür. Kamera iki dəfə analığı iri planda
göstərir. Sona Aslanovanın yaratdığı yeni
tip – soyuqqanlı, anasız uşağa ana olmaq hissindən
qat-qat uzaq qadının üzündəki süni təbəssüm
də daha yoxdur. Aktrisa gözləri ilə balasının
böyük bacılığına bu sözləri deyir: “Sən
burada artıqsan”.
***
Sona
Aslanovanın belə adsız epizodik rolları sonralar da az olmadı. Qonşu qadın (“O qızı
tapın”), Çinarənin anası (“Anlamaq istəyirəm”)...
Və daha neçə filmdə. Yaşı artdıqca Sona Aslanovanı hardasa bir-birinə
bənzəyən rollara çəkirdilər. Əslində, bu bənzəyişdə pis heç
nə yox idi. Sona xanımın
oynadığı rollar yalnız
xanım-xatınlığı, ailəsinin sütunu olan
sanballı qadın kimi bir-birinə bənzəyirdi. Həmin rollardan birini də Sona xanım kinorejissor
Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində
yaradıb.
Professor Çingiz müəllimin həyat
yoldaşı, Çinarənin anası. Sona xanım
yenə bir neçə epizodda görünür. Yeganə qızı Çinarənin taleyindən
ötrü bir ana kimi narahatlıq keçirən ananı həyat
yoldaşı Çingizlə (Həsən Məmmədov)
nahar süfrəsi ətrafında görürük. Çingizin kafedradakı hərc-mərcliyindən,
elm sahəsindəki münaqişələrindən çox
uzaq olan həyat yoldaşı mehriban qadın, bütün
ömrünü ailəsinə həsr etmiş, evdəki
mühiti qoruyub saxlayan bir xanımdır. Ondan
ötrü ərinin təmiz, səliqəli geyinməsi, hər
gün dadlı ev xörəyi yeməsi, nəhayət,
Çinarənin yaxşı bir oğlanla ailə qurması hər
şeydən vacibdir. Sona xanımın qəhrəmanı
əsilzadə ailədən çıxmış xanım
kimi kübarlığını qoruyaraq bütün bu
qayğıları çəkir. O, qızı ilə
onun tələbə yoldaşı Rüstəmin arasında
yaranmış sevgiyə razıdır. Rüstəmin
sadə ailənin övladı olması onu qətiyyən
narahat etmir.
Əksinə, Rüstəmin elçilərini gözlədiyi
məqamda Əhmədin elçilərini qəbul edən
ananın narahatlığı artır, qızı ilə
ciddi söhbətdən sonra rahatlanmasa da, övladının
seçimini qəbul edir.
Xalq artisti Oqtay Mirqasımov ilə söhbətimizdə
bir daha “Anlamaq istəyirəm” filminin çəkildiyi günlərə
qayıdırıq. Oqtay müəllim bu filmdə niyə məhz Sona
xanımı çəkməyə qərar verdiyini
xatırlayır:
– Sona
xanımın həyatdakı davranışında,
danışığında böyük alicənablıq var
idi. Əsl kübar xanım idi. Mən də Çingiz müəllimin həyat
yoldaşını məhz bu cür təsəvvür edirdim.
Sona xanım daxilindəki kübarlığı,
xanımlığı öz roluna gətirdi və istər
özləri üçün açdığı süfrənin
ətrafında, istərsə də vacib qonaqları – gələcək
qudaları ilə ilk görüşdə
açdığı ziyafət süfrəsinin ətrafında
çox təbii görünür, əsl kübar ev xanımını yaradırdı.
Oqtay
müəllim bu sözləri dedikdən sonra bir az susur və sözünə davam edir.
–
Baxın, bu gün bizim filmlərdə, seriallarda belə
simalara ehtiyac var, Sona xanım kimi kübar davranışlı
aktyorlara, aktrisalara ehtiyac var...
***
Sona Aslanova təkcə ara-sıra filmlərə çəkilən aktrisa, Azərbaycan bəstəkarlarının operalarından ariyaları, romansları, xalq mahnılarını ifa edən vokalçı, gözəl pedaqoq deyildi. Həm də bir evin xanımı, iki oğul anası idi. Həyat yoldaşı, ixtisasca memar olan Kamal müəllimlə uzunillik xoşbəxt evliliyi var idi. Övladları Rüfət və Cahangiri də çox sevirdi. Elə içindəki sənət sevgisini üstələyən övlad məhəbbəti onu və Kamal bəyi ömrün ahıl çağında okeanın o tərəfinə – övladlarının daimi yaşayış seçdiyi Birləşmiş Ştatlara apardı. 1994-cü ildən 2011-ci ilədək, yəni ömrünün sonunadək Los-Anceles şəhərində yaşayan Sona xanım ta iflic olanadək işsiz qalmadı. Bakıda əxz etdiyi biliklər, özünün təkmilləşdirdiyi tremor sapıntılarını (adətən müğənni və vokalçıların üzləşdiyi səsin titrəyərək ritmdən çıxması xəstəliyi) nizamlamaq metodu ilə ehtiyacı olanların köməyinə gəldi. Tremordan əziyyət çəkən müğənnilərin səsini tibbi müdaxilə olmadan nizamladı.
***
...Kimsə taleyinin necə olacağını, ömrünü necə və harada başa vuracağını bilmir. Amma bir məqam dəqiqdir ki, insanı özündən sonra onun əməllərinə görə xatırlayırlar. Adi Allah bəndələrinə baxanda sənət adamlarının bəxti bir qədər çox gətirib. Biz onları yadigar ifalarının, yaratdıqları əsərlərin, oynadıqları rolların təəssüratı ilə xatırlayırıq. Eynilə Sona Aslanovanı xatırladığımız kimi...
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2020.- 6 may.-
S.5.