Bizi birləşdirən mədəniyyət” bu həftə ustad xanəndəyə həsr olunub

 

 

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti həftəsi (4-10 may) muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunub.

 

Layihədə Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdləri, eləcə də Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, Mədəniyyət Nazirliyinin tabeliyində regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdləri də iştirak edəcəklər.

 

Həftə ərzində mədəniyyət müəssisələri kollektivlərinin sənətkara həsr olunmuş videoçarxları “Mədəniyyət” kanalında təqdim edilir. Həmçinin kanalın musiqi verilişlərində Əlibaba Məmmədov yaradıcılığına müraciət edilir. Verilişlərdə dövlətimizin muğam ustadının sənətinə göstərdiyi diqqət və qayğıdan da bəhs olunacaq.

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) də Əlibaba Məmmədov telehəftəsində yaxından iştirak edərək xanəndələrin ifasında Xalq artistinin repertuarından olan əsərləri “Mədəniyyət” kanalına təqdim edəcək. Layihədə iştirak etmək istəyən xanəndələr BMM-ə müraciət edə bilərlər.

 

Qeyd edək ki, aprelin 1-dən start verilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində  Musiqi dərsi”, “Azərbaycan aşıqları”, “XX əsr Azərbaycan operetta inciləri”, “Opera dünyası”, “Sərhədsiz musiqi”, “Muğam ustadları”, “Azərbaycan muzeyləri”, “Biz xalqın içindəyik” buraxılışları da davam edir.

 

“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov sosial şəbəkə hesablarında layihənin reallaşmasına görə Mədəniyyət Nazirliyinə, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlara, teatrkonsert müəssisələrinin rəhbərlərinə, işçilərinə təşəkkürünü bildirib.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 6 may.- S.3.