Mədəniyyət komitəsinin onlayn iclası

 

Milli Məclisin Mədəniyyət komitəsinin mayın 4-də növbəti onlayn iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə bağlı “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara təklif edilən dəyişikliklər nəzərdən keçirilib.

 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, edilən dəyişikliklər ölkəmizdə fəaliyyət göstərən televiziya və radio yayımlarında Azərbaycanın Dövlət himnindən istifadə qaydalarını tənzimləməyə xidmət edir.

 

Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklər (üçüncü oxunuş) nəzərdən keçirilib. Komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklərə əsasən, reklam qurğuları tarix və mədəniyyət abidələrində, memarlıq abidələrində, həmçinin mühafizə zonalarında yerləşdirilərkən 2019-cu il 5 dekabr tarixli “Reklam haqqında” qanunla müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

 

Gündəlikdəki növbəti məsələ Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanından irəli gələn qanunvericilik dəyişiklikləri ilə bağlı olub. Vurğulanıb ki, bununla əlaqədar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər (üçüncü oxunuş) dövlət dilinin saflığının qorunmasına xidmət edəcək.

 

Müzakirə edilən məsələlərin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.2.