Okeanın o tayı ilə “Şənbə söhbətləri”

 

ABŞ-dakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” layihəsinin növbəti qonağı Azərbaycan fortepiano sənətinin görkəmli nümayəndəsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olub.

 

“Zoom” platforması üzərindən reallaşan onlayn görüşə  ABŞ-ın Virciniya, Merilənd, Texas, Nyu-York, Kaliforniya, Meyn, Ohayo, Massaçusets ştatları və Kolumbiya dairəsində, eləcə də Kanadada yaşayan soydaşlarımız, o cümlədən İndiana Universiteti, Çikaqo Şimal-Qərb Universiteti, Florida Texniki Universitetində musiqinin müxtəlif sahələri üzrə çalışan azərbaycanlılar qoşulub.

 

Söhbət zamanı Azərbaycan mədəniyyət və incəsənəti, ölkəmizdə maarifçilik məsələləri və sair mövzular ətrafında müzakirələr aparılıb. Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Söhbət əsnasında o, həmçinin 2007-ci ildə Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Azərbaycanın musiqi paytaxtı Şuşaya bir qrup ziyalı ilə səfərini xatırlayıb və öz təəssüratlarını danışıb.

 

Onlayn görüş zamanı tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və xanımı Leyla Babayeva - Əfrasiyab görkəmli bəstəkar Tofiq QuliyevinYol ayrıcında” əsərindən bir parça ifa ediblər.

 

Soydaşlarımız tərəfindən Fərhad Bədəlbəyliyə müxtəlif mövzularda suallar ünvanlanıb, ABŞ-da Azərbaycan musiqisi və incəsənətinin təbliği ilə bağlı konkret təkliflər irəli sürülüb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

 

Qeyd edək ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onlarla birbaşa ünsiyyətin qurulmasıdır. Mərkəz 2000-ci ildə iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmanın iştirakı ilə layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təsis edilib.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.8.