Paytaxt kitabxanalarının virtual layihələri
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki kitabxanalar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətini internet üzərindən – onlayn şəkildə, müxtəlif virtual layihələrin təqdimatı ilə davam etdirir.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası baş idarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsinə də qoşulub. Layihə çərçivəsində təşkil olunan onlayn “nağıl saatı”nda kitabxananın əməkdaşı Zeynəb Ziyyədinlinin səsləndirdiyi “Göyərçin və qarışqa” nağılı təqdim edilib. MKS-nin 6 nömrəli filialı isə #mənoxudumsəndəoxu çağırışı çərçivəsində “Ağ göyərçin” adlı Azərbaycan xalq nağılının videoçarxını hazırlayıb.
Səbail rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşları həmçinin kiçikyaşlı oxucular üçün virtual sərgi təqdim ediblər. Sərgidə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan kitablar nümayiş olunub.
Səbail rayon MKS-nin 3 nömrəli filialı N.Axundzadə adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə birlikdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar onlayn təqdimat keçirib. Yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib, şagirdlərin ifasında əsərlərindən parçalar dinlənilib.
***
Yasamal rayon MKS “Kitabxana
– koronavirusa yox deyir!” layihəsini davam etdirir. Kitabxana bu
layihəyə bir çox şair və yazıçıları
cəlb edə bilib. Qocaman yazıçı, Azərbaycan Yazıçılar
Birliyinin üzvü İmamverdi Zeynalov da yeni yazdığı
şeirləri kitabxanaya
virtual formada təqdim
edib. İmamverdi Zeynalov 1960-cı ildən respublika mətbuatında bədii yazıları ilə çıxış edir.
1987-ci ildə şairin “Muğanın ağsaqqalı” povesti çapdan çıxıb.
Onun yaradıcılığına Xalq
şairləri Süleyman
Rüstəm, Qabil, Xalq yazıçısı
İsmayıl Şıxlı
yüksək qiymət
verib.
***
Xəzər rayon MKS-nin 7 nömrəli filialı “Kitabxanaçı
tövsiyə edir” layihəsi çərçivəsində
oxuculara görkəmli
şair və yazıçılar haqqında
məlumat verir. Bu dəfə oxucular Məhsəti Gəncəvi
yaradıcılığı haqqında məlumatlandırılıb.
Qeyd edilib ki, XII əsrin birinci yarısında yaşayıb-yaratmış
Məhsəti Gəncəvi
ədəbiyyat tariximizdə
gözəl rübailər
ustadı kimi tanınır. Şairənin rübailərində humanizm,
səmimi hisslər, dərin fəlsəfi mühakimələr əksini
tapıb. Məhəbbət lirikası Məhsətinin
yaradıcılığında əsas yer tutur.
Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə Məhəmməd Füzuli həftəsinə qoşulub. Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvü, kitabxananın fəal oxucusu Tahirə Bərraq Füzuli yaradıcılığına, şairin əsərlərinə müraciət edərək onun qəzəllərindən birini səsləndirib. 125 nömrəli məktəbin şagirdləri də dahi şairin “Meyvələrin söhbəti” əsəri ilə bağlı virtual təqdimat ediblər. Videoslaydlar kitabxananın “İnstagram” və “Facebook” səhifələrində paylaşılıb.
***
Koronavirus
pandemiyasının hökm sürdüyü dünya
bütünlüklə virtual aləmdə
fəaliyyət göstərir. Bu, planetimizin müxtəlif guşələrində
yerləşən və indiyə qədər geniş
oxucu kütləsinin məlumatlı
olmadığı maraqlı faktları, mədəni irs nümunələrini və s.
öyrənməyə və paylaşmağa
imkan verir. Sabunçu rayon MKS-nin Mərkəzi kitabxanası #evdəqalməlumatsızqalma
çağırışına qoşularaq
dünyanın ən məşhur qeyri-adi
kitabxanaları haqqında videoçarx
hazırlayıb.
Mədəniyyət.- 2020.- 6 may.-
S.7.