Regionlarda mədəni fəaliyyət: onlayn tədbirlər və sənət layihələri
Ölkəmizdə pandemiya ilə bağlı karantin rejimi mayın 31-dək uzadıldığına görə regionlardakı mədəniyyət müəssisələri də fəaliyyətlərini şəraitə uyğun olaraq davam etdirirlər.
Lənkəran Regional Mədəniyyət İdarəsi üzrə növbəti onlayn müşavirədə tabe müəssisələrin mövcud vəziyyətdə fəaliyyəti müzakirə olunub. Lənkəran şəhər Mədəniyyət Mərkəzi və onun filiallarının fəaliyyəti barədə mərkəzin direktoru Hafiz Mirzənin məlumatı dinlənilib. Regional idarənin məsləhətçisi Xalid Məmmədov mədəniyyət evləri və klub müəssisələrinin sosial şəbəkələrdəki səhifələrində aparılmış təhlillərin nəticələri barədə danışıb.
Regional idarənin rəisi Vüsal Nəsirli xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsi, tabe müəssisələrin onlayn fəaliyyətlərinin daha da genişləndirilməsinin zəruriliyini bildirib. Qeyd edilib ki, idarənin əhatə etdiyi müəssisələr Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Mədəniyyətimizi virtual məkanda tanıdaq” müsabiqəsində (mədəniyyətlə bağlı videoçarxların hazırlanması) fəal iştirak etməlidir. Eyni zamanda onlayn konsertlərin və tədbirlərin təşkili, sosial şəbəkələrdə fəallıq, müəssisələrdə dezinfeksiya işləri, habelə 65 və ondan yuxarı yaşda olan keçmiş mədəniyyət işçilərinin ziyarət edilməsi, onlara qayğı göstərilməsi ilə bağlı tapşırıqlar verilib.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsi üzrə videokonfransda idarənin rəisi Elman Məmmədov çıxış edərək yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulan məsələlərdən söz açıb.
Sosial izolyasiya günlərində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması, insanların asudə vaxtının səmərəli təşkil olunması məqsədilə virtual konsertlərin davam etdirilməsi, kitabxanalar tərəfindən virtual müsabiqələrin təşkili və elektron xidmətlərin əhatəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin qeyd olunub ki, nazirlik tərəfindən keçirilən müsabiqələrdə fəal iştirak təmin edilməlidir.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin də onlayn müşavirəsi keçirilib. İdarənin rəisi Mehman Şükürov ölkəmizdə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyini bir daha vurğulayıb. Qeyd edib ki, tabe müəssisələr onlayn fəaliyyətlərini daha da genişləndirməli, virtual səyahət və sərgilərin davam etdirilməsi diqqətdə saxlanılmalıdır. İdarənin rəisi sosial izolyasiya dövründə aztəminatlı ailələrə yardım göstərilməsi, yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinin ziyarət edilməsi, onlara qayğı göstərilməsi və digər məsələlər üzrə tapşırıqlar verib.
Sonda tabe müəssisələrin rəhbərlərinin karantin dövründə görülmüş işlər barədə hesabatları dinlənilib.
***
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Ləki qəsəbə Uşaq musiqi məktəbinin, Qoşaqovaq kənd Mədəniyyət evinin, Ucar rayon MKS-nin, Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları xüsusi karantin günlərində vaxtilə mədəniyyət sahəsində çalışmış, yaşı 65-dən yuxarı olan vətəndaşları ziyarət ediblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağdaş və Göyçay rayon komitələri sədrlərinin iştirakı ilə reallaşan ziyarətlər zamanı eyni zamanda tənha yaşayan, fiziki qüsurlu, sosial dəstəyə ehtiyacı olan ailələrə qoruyucu tibbi ləvazimatlar və ərzaq məhsulları təqdim edilib.
***
Xüsusi karantin günlərində regional idarələrin tabe müəssisələri onlayn layihələrinin sayını və mövzu dairəsini genişləndirirlər.
Şəki şəhər Uşaq incəsənət məktəbi Rəssamlıq şöbəsinin müəllimi Maral Rəhimovanın “Evdə mədəniyyətimizi yaşadaq”, “Mədəniyyət birlikdir” virtual layihələri çərçivəsində sərgisini yayımlayıb. Onlayn sərgidə gənc rəssamın müxtəlif texnika və rəngarəng mövzularda əsərləri nümayiş olunub. Müəllifin “Şəkinin tarixi abidəsi”, “Gəmi”, “Mənzərə”, “Mənim xəyalım”, “Uzaq yol”, “Portret” və “Dənizdə xəyal” əsərləri maraqla qarşılanıb.
***
Masallı Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrinin virtual musiqi layihələri davam edir. Masallı rayon Mədəniyyət Mərkəzinin solisti, gənc xanəndə Şamo İbayev virtual konsert proqramı təqdim edib. Rayon İncəsənət məktəbinin zalından sosial şəbəkələr vasitəsilə yayımlanan konsertdə müxtəlif musiqi nömrələri səsləndirilib. İfaçını məktəbin müəllimlərindən ibarət ansambl müşayiət edib.
Mədəniyyət Mərkəzinin solisti, xanəndə Atamoğlan Zahid də virtual konsert proqramı ilə çıxış edib. Mərkəzin səhnəsində təşkil olunan konsertdə xanəndənin şux ifaları izləyicilərə xoş anlar bəxş edib. Konsert proqramında musiqi mədəniyyətimizdə iz qoymuş sənətkarların repertuarından sevilən mahnılar səsləndirilib.
Regional idarənin əhatə etdiyi Cəlilabad rayonundakı Xalq teatrının növbəti onlayn tamaşası teatrsevərlər tərəfindən maraqla qarşılanıb. İzləyicilərə teatrın baş rejissoru Buludxan Buludovun müəllifi olduğu “Bura vətəndir, gülü bitəndir” adlı səhnə əsəri təqdim olunub. Vətənə və dövlətə bağlılıq, azadlıq, müstəqillik kimi ideyaları tərənnüm edən tamaşada müəllif və teatrın aktyorları oynayıblar.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 6 may.-
S.4.