Tarix Muzeyi Qələbə Gününə həsr olunan virtual sərgi keçirir

 

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında İkinci Dünya müharibəsinin iştirakçısı olmuş həmvətənlərimizə aid bir sıra materiallar qorunub saxlanılır və təbliğ edilir.

 

Muzeydən bildirilib ki, hər il 9 May – Qələbə Günü münasibətilə eksponat, foto və rəsm əsərləri, azərbaycanlı qəhrəmanların şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunur.

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general-mayor Həzi Aslanov, general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Tərlan Əliyarbəyov və digərlərinə aid materiallar muzeyin ən qiymətli eksponatları sırasında yer alır. Bundan əlavə, Silahlarbayraqlar fondunda 223-cü Belqrad, 416-cı Taqanroq atıcı diviziyalarının və onlara aid alayların döyüş bayraqları qorunur.

 

Bu il faşizm üzərində qələbənin 75 illiyi münasibətilə muzey tərəfindən tədbirlər planı hazırlanıb və mütəmadi olaraq silsilə videoçarxlar, məruzə və məqalələr onlayn formatda təqdim olunur.

 

Mədəniyyət.- 2020.- 6 may.- S.1.