Gənc rəssamın rənglər aləmi
Sənətdə uğur qazanan hər bir rəssam istedadı ilə yanaşı, orijinal duyumu, özünəməxsus dünyagörüşü ilə seçilir, fərqlənir. Gənc rəssam Nərmin Əzimzadə də bu keyfiyyətlərilə sənətdə tanınıb.
Bakıda dünyaya gələn Nərmin kiçik yaşlarından rəssamlıq sənətinə dərin maraq göstərərək içindəki bacarığı, rənglərin qeyri-adi gözəlliyini insanlara tanıtmaq üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olaraq bakalavr təhsili alıb. Hazırda magistr təhsilini Türkiyədə – Kocaeli Universitetinin Rəngkarlıq fakültəsində davam etdirir.
Nərmin müxtəlif janrlarda yaratdığı əsərlərlə sənətsevərləri təəccübləndirməyi bacarır. Buna misal olaraq 2016-cı ildə “Berlin-Bakı” qalereyasının Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Almaniyanın Azərbaycandaki səfirliyi ilə birgə keçirdiyi sərgidə “Bremen musiqiçiləri” adlı əsəri ilə 117 iştirakçı arasında birinci yeri qazanmasını göstərmək olar. Rəssam işlədiyi əsərlərdə özünün rəng duyumu, kolorit istedadını ustalıqla nümayiş etdirə bilir. “Gecənin işığı”, “Kül olmuş xəyallar” tabloları bu qəbildəndir. Rəssam əsərlərində bədii-estetik cəhətləri zənginləşdirməklə yanaşı, eyni zamanda milli bədii ənənələrə məxsus dəst-xətt yaratmağa çalışır.
Əldə etdiyi nailiyyətləri sayəsində Nərmin Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib. Onun həmkarları arasında tanınmasına digər səbəb isə aktiv şəkildə sərgilərə qatılaraq bacarığını nümayiş etdirməsidir. İndiyədək 20-dən artıq müxtəlif beynəlxalq və respublika miqyaslı sərginin iştirakçısı olub.
Nərmin Əzimzadə kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində yüksək dekorativ ifadələrə nail olur. Təbiət mənzərələrinə də yer verən rəssamın yaradıcılığının əsasını lirik-fəlsəfi mövzulu əsərlər təşkil edir. Onun əl işləri “Berlin-Bakı”, “Qız qalası” qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Cavid SADIQOV
Mədəniyyət.-2020.- 13 may.-
S.7.