Qara gözlərin sehrinə düşən
kamera
“Operadan ekrana aparan yolun
yolçuları” silsiləsindən
...Onları Azərbaycan opera sənətinin iki gözəl
sopranosu adlandırırdılar. Bir zaman adları bizim
Akademik Opera və Balet Teatrının afişasından
düşmürdü. Amma neyləyəsən ki, ilk
klassik Avropa operası “Dəfnə”dən üzü bəri bəstəkarlar
nədənsə bir qədər amansızdırlar: opera əsərlərində
yaşlı xanım partiyaları yazmırlar.
Dünya opera tarixində yaşlı vokalçı
üçün bəstələnmiş olan-qalan bir əsas
partiya var ki, o da “Qaratoxmaq qadın”da (P.Çaykovski, 1890) metso-soprano
səsi üçün nəzərdə tutulmuş Qrafinya
partiyasıdır.
Əslində,
“Operadan ekrana aparan yolun yolçuları” silsiləsindən
olan bu yazının qəhrəmanlarının səhnədən
uzaq düşməsinin digər səbəbləri də var.
Amma yazımız onların – sənət zirvəsinə
çoxdan yetişmiş vokalçılar, gözəl və
gur səsli ifaçılar olmaqla yanaşı, həm də
mükəmməl öyrətmək qabiliyyətinə malik
pedaqoqlar – Fidan və Xuraman Qasımova bacılarının
kino fəaliyyəti barədədir. Üstəlik,
onların kinokamera önündəki uğurları teatr səhnəsindəki
uğurlarından əvvələ təsadüf edir.
Azərbaycanın
Xalq artisti Xuraman Qasımova böyük bacısı, SSRİ
Xalq artisti Fidan Qasımovaya baxmış, mətbuata daha
açıq, verilən suallara həvəslə, yerli-yataqlı cavab verən
müsahibdir. Xuraman xanımdan sənət
seçimi, sənət uğurları barədə
soruşanda daim bir fikri söyləyir ki, mən həmişə
Fidan xanımın yolu ilə irəliləmişəm, ona
oxşamaq, onun kimi bacarıqlı olmaq istəmişəm.
Lakin bir məqamda Xuraman xanım öz bacısından
irəli düşüb. Kinoda ondan qabaq çəkilib.
***
“Qaraca qız” və “Liftçi qız” adlı iki
novellanın yer aldığı kinoalmanax böyük ekrana
1966-cı ildə çıxıb. Filmə daxil edilən ikinci novella –
Həsən Seyidbəylinin “Xidmət lifti” adlı hekayəsi əsasında
müəllifin özünün və rejissor Rüfət
Şabanovun yazdığı ssenari əsasında çəkilmiş
“Liftçi qız” filmi həyatda ilk müstəqil
addımlarını atan, büdrəməkdən qorxan, tez
böyütməyə can atan Lalənin özünü dərk
etməsi, öz iç dünyasına bələd olduqca
atdığı kövrək addımların necə möhkəmlənməsi
barədədir.
O zamanlar
filmdə gərək olacaq uşaq və yeniyetmə
rolları üçün çox nadir hallarda açıq
kastinq barədə elan verilərdi. Adətən
ikinci rejissorun məşğul olduğu bu
axtarış-seçim mərhələsi bir qayda olaraq
Bakının mərkəzindəki orta məktəblərlə
çevrələnərdi. Elə
“Liftçi qız” filmi üçün də arıq, uzunboylu,
üzündən erkən yeniyetməlik cizgiləri hələ
silinməmiş çox gənc bir qız axtaranlar da gəlib
çıxırlar o zaman A.Puşkinin adını
daşıyan 23 nömrəli orta məktəbə. Burada əsasən yuxarı sinif şagirdlərinə
diqqət yetirmək əvəzinə, 7-ci sinifdə oxuyan
arıq, iri qara gözlərində qəribə işıq
parlayan qarayanız, çəlimsiz qız gözlərinə
dəyir. Balaca Xuramanı kinostudiyaya dəvət
edirlər. Sənət həvəslisi,
dövrün böyük musiqiçiləri ilə dostluq edən
valideynləri də bu dəvəti normal qarşılayır.
Üstəlik, üzə vurmasalar da, kimsə inanmır ki,
uşaqlıqdan hələ ayrılmamış, analar
demişkən, qızlar bulağından hələ su
içməmiş 13-14 yaşlı bir qız 17 yaşlı
Lalənin roluna necə təsdiqlənə bilər ki?
Amma kinematoqrafçı gözü sərraf olar. Beləcə,
Xuraman rola təsdiq olunur.
O, oynayacağı
obraza qəlbən elə bağlanır, rejissorun
düşüncəsinin elə dəqiq inikasına
çevrilir ki, Xuramanın saf uşaq siması ilə təzad
olan gözlərinin büruzə verdiyi yetkinlik o qədər
qabarıq və təbii idi ki, yeniyetmə aktrisanı
xüsusi qrim etməyə də ehtiyac qalmamışdı.
Xuraman Qasımovanın Laləsi çox gənc bir
qızın düşə biləcəyi situasiyalara
düşür və sonda onun daxili aləmini tək duyan, Laləni
öz xəyallarından gerçək həyatının qəhrəmanı
etməyə qabil Rəssamın (Məmmədrza
Şeyxzamanov) fırçasının gücü ilə ayaq
üstə möhkəm durmağı bacardığına
inanır.
Lalə
anlayır ki, tezliklə onun xidmət liftindən də
yaxşı işi olacaq, ona hələ də balaca qız
kimi baxan, onun ruhundakı böyük Laləni görməyə
ləngiyən Nərimandan (Tariyel Qasımov) da yaxşı
oğlan sevəcək!... Yeri gəlmişkən,
“Liftçi qız” filmində ilk kino obrazını
yaratmış Xalq artisti Tariyel Qasımov illər sonra çəkilişləri
yada salanda deyəcəkdi: “Xuraman hamımızdan yaxşı
oynayırdı”.
“Liftçi
qız” filmindən sonra, təxminən on il
Azərbaycanda doğulan qızlara Lalə adının verilməsi
dəbdə oldu...
***
İllər
öncə bu yazının müəllifinə verdiyi
müsahibədə rejissorlar “mənim qara gözlərimi bəyənmişdilər”
deyə etiraf edən, ilk gəncliyinin kino ilə bağlı
günlərini xatırlayan görkəmli vokalçı
emosional cəhətdən çox ağır bir rolu – Səidə
obrazı barədə ürək sözlərini belə
bölüşmüşdü:
– Kino
çəkilişi vaxt aparan işdir. Bəzən
saatlarla oturub bir epizodun çəkilməyini gözləyirsən.
“Liftçi qız”a çəkiləndə
günlərlə dərsdən qalırdım. Bu isə valideynlərimin xoşuna gəlmirdi.
Şamil Mahmudbəyovun “Mən ki gözəl deyildim” filminə
təklif gələndə evdə qarşıma şərt
qoydular: əgər dərslərin axsamayacaqsa, onda çəkil.
Çəkilişlər isə Gəncədə,
onun yaxınlığında aparılırdı. Anam məni tək buraxmadı. Hətta
4-5 ay sürən çəkiliş prosesində dərsdən
qalmayım deyə, məni Gəncədə məktəbə
yazdırdı.
“Azərbaycanfilm”in müharibə və arxa cəbhə
mövzusunda ən yaxşı ekran əsərlərindən
biri “Mən ki gözəl deyildim” filmidir desək,
yanılmarıq. Ucqar dağ kəndində baş verən hadisələrin
mərkəzində gənc bir qız durur: Səidənin
anası neçə il əvvəl vəfat
edib, indi də atası cəbhəyə gedir. Əmisinin
böyük ailəsi ilə birlikdə yaşayan Səidə
ev işlərinə qapanmaq istəmir,
poçtalyon işləməyə başlayır ki,
başı qarışsın, ürəyi
sıxılmasın. Lakin ürəyiyumşaq qız
poçtalyon işləməklə ata həsrətindən
qovrulan ürəyinə dərd üstündən dərd gətirir:
insanların ön cəbhədən aldıqları
ölüm xəbərləri, dördkünc məktublarda
gizlənmiş fəlakət Səidənin sınıq qəlbini
göynədir. Nə yaxşı ki,
sürücü Məzahir (Şahmar Ələkbərov) var.
Ən ağır məqamlarda Səidənin gözlədiyi ən
xoş sözləri deyən, onu müdafiə edən Məzahir.
Bir zaman
“Mən ki gözəl deyildim” filminin texniki-yaradıcı heyətində
çalışmış, sonralar televiziyada bir sıra
maraqlı layihələri ilə yadda qalmış mərhum
rejissor Əmirhüseyn Məcidov həmin filmlə
bağlı xatirələrini bölüşərkən hələ
vokalçı kimi kəşf etmədiyimiz Xuraman Qasımova
barədə demişdi: “Çox fəhmli qız idi. Rejissorun hər tapşırığını bir
izahdan anlayır, yerinə yetirirdi. Təsəvvür
edin, İsmayıl Osmanlı, Sadıq Hüseynov, Şahmar
Ələkbərov, Rza Əfqanlı, Eldar Əliyev, Sədayə Mustafayeva kimi peşəkar
aktyorların yanında hiss etmirdin ki, bu qız məktəb
uşağıdır. Peşəkarlıq
baxımından görkəmli aktyorların yanında
cılız görünmürdü. Ev
işlərini də elə görürdü ki, elə bil
Bakının mərkəzində rus məktəbində
oxuyan qız yox, ömrünü dağ kəndində
yaşamış qızdır”.
Xuraman
xanım isə həmin günləri öz müsahibələrində
belə xatırlayır:
–
Üç filmdə çəkilmişəm. “Liftçi
qız”, “Mən ki gözəl deyildim”, bir də “Həyat bizi
sınayır”. Amma Səidəni o biri
rollarımdan çox sevirəm. Hərçənd
onu oynamaq daha çətin idi. Səidə
atasını, anasını itirmiş, müharibə
dövrünün uşağı idi. Mən
isə tamam fərqli tale yaşayırdım. Onun atasının ölüm xəbərini
aldığı səhnənin dərdini lap çəkilişlərin
əvvəlindən çəkirdim. Fikirləşirdim
ki, atam sağdır, mən bu hissləri necə
çatdıracağam? Amma kamera
qarşısında ağladım, belim büküldü.
Mən rolumu oynamağa məcbur idim.
1969-cu ildə
Kiyevdə keçirilən III zona kinofestivalında (Cənubi
Qafqaz respublikaları və Ukrayna) “Mən ki gözəl
deyildim” filmində Xuraman Qasımova qadın rolunun ən yaxşı
ifaçısı kimi diploma layiq görülür.
***
Kinorejissor Şamil Mahmudbəyov artıq
konservatoriyanın tələbəsi olan Xuraman
Qasımovanı “Həyat bizi sınayır” filminə dəvət
etməzdən əvvəl Anarın ssenarisi əsasında
çəkdiyi dörd novelladan ibarət “Torpaq. Dəniz.
Od. Səma” filmində (1967) Xuramanın
böyük bacısını – konservatoriyada paralel olaraq iki
ixtisas – violin və vokal üzrə təhsil alan
Fidanı Sevda roluna çəkir.
Təəssüf ki, kifayət qədər uğurlu
ssenarilərin müəllifi Anar və çox maraqlı,
bitkin filmlərə quruluş vermiş Şamil Mahmudbəyovun
bu yaradıcılıq tandemi uğurla nəticələnmir. Yalnız tanınmış
aktyorlar – İsmayıl Osmanlı, Ələddin Abbasov və
Tamara Kokovanın göründüyü epizodları
çıxmaqla, filmin aktyor heyətinin
ifası da tamaşaçıya cansıxıcı
görünür. Və gənc, kamera
önünə ilk dəfə keçən Fidan Qasımova –
rəssam Sevda da özünü tam ifadə edə bilmir.
Digər
tərəfdən, Sevdanın cavanlığı, gəlin gəldiyi
gün, həyat yoldaşı cəbhədən
qayıtdıqdan sonraya aid epizodlarda Fidan xanımın təbii
gözəlliyi vəziyyəti bir qədər nizamlayırsa,
təxminən iyirmi il sonraya aid kadrlarda artıq
ortayaşlı, təyyarəçi oğul anası
Sevdanın uğursuz qrimi, yalnız saçına bir-iki bəyaz
tel artırmaqla onu “qocaltmaq cəhdi” daha süni alınıb.
Düzdür, filmin ssenarisini Rəsul Rzanın tənqid etməsinə
rəğmən (onun bu barədə məktubuna Anar öz
“Sizsiz” xatirə-povestində yer ayırıb), kinofestivalda
mükafat alsa da, bu kinonovella Azərbaycan
tamaşaçısının sevimli filmlər
kateqoriyasına daxil ola bilməyib.
***
Şamil Mahmudbəyovun Sumqayıt şəhərinin gənclərinə, poladəridənlərinə həsr etdiyi “Həyat bizi sınayır” filmi 1972-ci ildə lentə alınıb. Kənddən gəlib qardaş qoltuğuna sığınmaqdansa müstəqil həyata başlamağı üstün tutan Rəşidin (Fikrət Quliyev) sevgilisi Hicran rolunda Xuraman Qasımova çəkilib. Ssenari müəllifi Vidadi Babanlının etiraflarına görə, Moskvada filmin qəbulu zamanı kinolentdəki milli ruhu əks etdirən kadrların əksəriyyəti qayçılansa da, filmin əsas qayəsinə, leytmotivinə xələl gəlməyib. Həyatsevər, sadəlövh Rəşidi hər halı ilə sevən, anlayan laborant Hicran obrazı emosional yaşantılar baxımından Xuraman Qasımovanın əvvəlki iki rolundan çox asan, rahat oynanılan personaj təsiri bağışlasa da, bir məqamı unutmayaq. Bəzən saflığı, sadəliyi göstərmək, çatdırmaq daha çətindir, nəinki faciəni oynamaq.
***
...Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan çağdaş vokal ifaçılığı və pedaqoqluğu sahəsində uğurları barədə danışanda, eşidəndə onların bədii kino ekranındakı gözəl simalarını da xatırlamağı unutmayın.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.-2020.- 13 may.-
S.1;5.