“Yaradıcılığı evdə
öyrən” layihəsinin qalibləri
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın!” adlı layihəsində Bakı şəhəri Nizami rayonunun sakinləri də aktiv iştirak edib. Kreativ layihə çərçivəsində bir ay davam edən müsabiqə 7 may tarixində yekunlaşıb.
Bu müddətdə nazirliyin “Facebook” səhifəsində xalq sənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi müxtəlif sahələrə aid olan videodərslər paylaşılıb. Müsabiqə iştirakçıları öz maraq dairəsinə uyğun sahəni seçməklə yeni məhsul hazırlayaraq, bu prosesi evdə mobil telefon vasitəsilə çəkərək təqdim ediblər. Qeyd edək ki, layihə üzrə müsabiqəyə müvafiq sahələr üzrə yalnız həvəskar şəxslər qatılıb. Ən çox bəyənilən və baxış sayı yığan 3 video qalib olub.
Mükafatlandırma mərasimində paytaxtın Nizami rayonundan millət vəkili Könül Nurullayeva da iştirak edib. O, mədəniyyətimizin onlayn təbliğinə xidmət edən müsabiqəni təqdir edib, layihənin insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə imkan yaratdığını vurğulayıb. Millət vəkili bu cür müsabiqələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Sonra qaliblər təltif edilib. Məryəm Orucova (I yer), Leyla Hacıyeva (II yer), Fidan Əliyeva və Cahan Paşazadəyə (III yer) pul mükafatı, hədiyyə və sertifikatlar təqdim edilib.
Mədəniyyət.-2020.- 13 may.-
S.5.