Bizi birləşdirən mədəniyyət”in tamaşaçılarını maraqlı sənət görüşləri gözləyir

 

 

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyiBizi birləşdirən mədəniyyət” layihəsi davam edir.

 

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən bəstəkarlarımıza, ifaçılarımıza həsr olunan telehəftələr keçirilir. Layihə üzrə musiqili təqdimatlarda Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət və İncəsənət Universiteti, Akademik OperaBalet Teatrının orkestri və Bakı şəhərindəki musiqi məktəbləri xüsusi fəallıq göstərirlər.

 

Bizi birləşdirən mədəniyyət”in bu həftə (11-17 may) üzrə buraxılışlarında “Muğam ustadları” və “Azərbaycan aşıqları” layihələrinə yer veriləcək.

 

Muğam ustadları” layihəsi ustad xanəndə, Xalq artisti Arif Babayevin yaradıcılığına həsr olunacaq. Mayın 14-ü görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun xatirə günüdür. Həmin gün layihə üzrə sənətkarın yaradıcılığı da işıqlandırılacaq.

 

“Azərbaycan aşıqları” çərçivəsində isə aşıq sənətini yaşadan və təbliğ edən ifaçılar layihənin qonağı olacaq.    

 

Bizi birləşdirən mədəniyyət” layihəsində həftə ərzində həmçinin heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanovun, rejissor Vaqif İbrahimoğlunun, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına müraciət olunacaq.

 

Mayın 15-i SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür. Bununla bağlı həmin gün verilişdə bəstəkarın mahnıları ifa olunacaq. 16 may tarixində isə Milli Konservatoriyanın müəllim və tələbə heyəti layihənin iştirakçısı olacaq.

 

Bu il anadan olmasının 100 illiyi qeyd edilən məşhur tarzən, Xalq artisti Hacı Məmmədovun, 90 illiyi qeyd edilən xanəndə  Nəriman Əliyevin yaradıcılığı ilə bağlı təqdimatlar da olacaq.

 

Qeyd edək ki, layihənin növbəti həftələrində təsviri sənət, kino, musiqi, teatra geniş yer ayrılacaq. Layihədə  ADMİU-nun tələbələrinə, gənc istedadlara da öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq. Canlı yayımlara musiqi məktəblərinin xüsusi istedadlı şagirdləri də dəvət olunacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.-2020.- 13 may.- S.3.