Öz pyeslərinin tamaşasında rol alan ədib
Ötən əsrin birinci yarısında tatar milli mədəniyyətinin
inkişafında tanınmış
dramaturq, rejissor və aktyor, Əməkdar artist Kərim
Tinçurinin xüsusi
yeri olub.
Kərim Qali oğlu Tinçurin 15 sentyabr
1887-ci ildə Rusiyanın
Penza quberniyasında dünyaya
göz açıb. İlk olaraq
dini məktəbdə
təhsil alır.
On üç yaşında Kazan şəhərinə
gəlib “Məhəmmədiyyə”
mədrəsəsinə daxil
olur. Ancaq mədrəsədəki təhsil, təlim-tərbiyə
yenilikçi gənci
qane etmədiyindən
buranı tərk edir. Müxtəlif sahələrdə günəmuzd işləyir.
Kərim Tinçurin asudə vaxtlarında bədii yaradıcılıqla məşğul
olur. Yaradıcılığa şeirlə başlasa
da, sonradan nəsrə keçir.
1905-ci il inqilabı zamanı o da inqilabçılara qoşulur. Xalq kütlələri qarşısında alovlu çıxışlar edir.
1906-cı ildə ilk səhnə əsəri olan “Mənzərə” komediyasını yazır.
1910-cu ildə tatarların səyyar teatr qrupuna dəvət
olunur. Yeni formalaşan teatrına
daha bir əsər – “Dürüst
əmək” adlı komediyasını yazır.
Zəhmət adamlarının əməyini mənimsəməyə
cəhd edən fırıldaqçıların tənqid edildiyi bu əsər tamaşaçılar tərəfindən
maraqla qarşılanır.
Bundan daha da ruhlanan
müəllif bir-birinin
ardınca “Qədər
addımı”, “İlk
çiçəklər” pyeslərini
qələmə alır.
Bu əsərlərdə yaşamından narazı,
cəmiyyətdəki sıxıntılardan
qurtulmaq istəyən
insanların taleyi canlandırılır.
Gənc dramaturqun ən diqqətçəkən əsəri
“Şıltaq kürəkən”
komediyası olub. 1916-cı ildə tamamladığı
və tamaşaya qoyduğu bu əsər teatrsevərlər
tərəfindən rəğbətlə
qarşılanıb.
Birinci Dünya
müharibəsindən (1914-1918) sonra Kazan şəhərində
ictimai-siyasi vəziyyət
kəskin dəyişir. Ölkədə hakimiyyət dəyişikliyi
üzündən şəhərdə
tez-tez iğtişaşlar
baş verir. Şəhərdə teatra maraq zəifləyir. Truppa üzvlərinin
güzəranı ağırlaşır.
Belə bir çətin vaxtda K.Tinçurin səyyar truppaya rəhbər seçilir.
O, quruluş verdiyi tamaşalarda folklordan və xalq musiqisindən
yerli-yerində istifadə
edir. Tətbiq etdiyi yeniliklər
tamaşaçı marağına
səbəb olur.
Araşdırmalarda göstərilir ki, K.Tinçurin komediya və operettalarını yazarkən Azərbaycan dramaturqlarından, xüsusilə
də Üzeyir Hacıbəylinin yaradıcılığından
ustalıqla yararlanıb. Bəstəkar Salih Saydaşevin səyyar truppa ilə əməkdaşlığı
da tatar teatrının inkişafına
təkan verib.
1922-ci ildə Kazan şəhərində
Tatar Dövlət Teatrı
açılır. Səhnə xadimlərinin
rahat məşq etməsi üçün
şərait yaradılır.
Tədqiqatçı Əli Şamil
araşdırmasında yazır
ki, Tatar Dövlət Teatrında K.Tinçurinin
rejissorluğu ilə ildə 14-15 tamaşa hazırlanıb. O, 1924-cü ildə mövzusu I Dünya müharibəsindən
alınan “Sönməz
ulduzlar” pyesini yazır. Ardınca “Mavi şal”,
“Sönən ulduzlar”,
“Amerikan” və digər əsərlərinin
tamaşası izləyicilərin
rəğbətini qazanıb.
1926-cı ildə “Mavi şal” əsərinin uğurlu səhnələşdirilməsinə görə K.Tinçurinə
“Tatarıstan Muxtar Respublikasının Əməkdar
artisti” fəxri adı verilib.
Ancaq 30-cu illərin sərt ideoloji yelləri əsməyə başlayır. Görkəmli dramaturqun əsərləri dövri mətbuatda birmənalı qarşılanmır, ideoloji baxımdan tənqid edilir. Bütün bunlara baxmayaraq, 1936-cı ildə ədibin səhnəyə gəlişinin 25 illiyi təntənə ilə qeyd edilir. Tatarıstan Dövlət Teatrının baş rejissoru və aktyoru kimi haqqında maraqlı məqalə dərc olunur.
Ancaq sənətkar qəzetlərdə, rəsmi dövlət tədbirlərində kəskin tənqid edilir. Beləliklə, K.Tinçurin 16 sentyabr 1937-ci ildə həbs edilir, 1938-ci il noyabrın 15-də güllələnir. 1956-cı ildə bəraət alan tanınmış ədib və səhnə xadiminin adı Tatar Dövlət Dram və Komediya Teatrına verilir.
S.FƏRƏCOV
Mədəniyyət.-2020.- 13 may.-
S.5.