Könüllülük hərəkatına
dəstək gənclərimizə yeni imkanlar yaradıb
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verərək onlara daim böyük diqqət və qayğı göstərir.
Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, gənclər siyasətinin bariz nümunələrindən biri də Azərbaycanda sürətlə inkişaf edən könüllülük hərəkatıdır. Ölkə başçısının sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması heç də təsadüfi deyil. Gənclərimiz bu hərəkatda çox fəal iştirak edir, öz töhfələrini verirlər: “2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin açılışı zamanı bir qrup ASAN könüllüsü ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına öz xeyir-duasını verdi. Bir könüllülük hərəkatı olaraq bu fəaliyyət ASAN-dan başlayır. Azərbaycan Prezidenti tərəfindən bu nəcib fəaliyyətə göstərilən dəstək ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verdi, gənclərə böyük imkan və fürsətlər yaratdı”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatlar və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) yaradılması da bu istiqamətdə aparılan işlərin nəticəsidir. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan mərkəz aktiv fəaliyyət göstərir. Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Deputat qeyd edib ki, mərkəzin himayəsi ilə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına kömək göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar yaranmış qan qıtlığının aradan qaldırılması və təcili qana ehtiyacı olan şəxslərin həyatının xilası üçün fədakarlıq göstərirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın, demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
Gənc könüllülər “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılın, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək tələbatlarının ödənilməsində kömək göstəriblər. Ümumilikdə ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü bu fəaliyyətə cəlb olunub. Aprelin 8-dən start verilən “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə yardım ediblər.
“Könüllülüyün,
həqiqətən də, könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti
bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə
işlərinin aparılması, küçədə
maskasız gəzən şəxslərə tibbi
maskaların paylanması, həmçinin günümüzün
görünməyən qəhrəmanları olan
polis və tibb
işçilərinə könüllülər adından təşəkkür
mesajlarının çatdırılmasında da böyük həvəslə
iştirak edirlər. Gənclərimiz bizim ümid yerimiz və gələcəyimizdir”, - deyə
Q.Paşayeva bildirib.
Mədəniyyət.- 2020.- 15 may.-
S.2.