Dahi bəstəkarın xatirəsi
anılıb
Mayın 13-ü dünya şöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin (1918-1982) vəfatının ildönümü idi. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Fəxri xiyabana gedərək bəstəkarın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mədəniyyət ocağının “Facebook” səhifəsi vasitəsilə Qara Qarayevin ev-muzeyindən izləyicilərə müraciət edib. Bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar ənənəvi olaraq hər il təşkil edilən tədbirlər təxirə salınsa da, muzey öz sosial şəbəkə hesablarında Qara Qarayevin xatirə günü ilə bağlı bir neçə təqdimat hazırlayaraq təqdim edir. Muzeyin “Youtube”, “Facebook” səhifələrində bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoslayd yerləşdirilib.
Muzey həmçinin heykəltəraş və qrafik Zeynalabdin İbrahimovun bəstəkarın ev-muzeyinə hədiyyə etdiyi iki işini sosial şəbəkə səhifələrində nümayiş etdirib. Bu işlər bəstəkarın qalvanika üslubunda və karandaşla hazırlanan portretləridir.
Qeyd edək ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun Nizami Gəncəvinin eyniadlı poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanının motivləri əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyaları, kino musiqisi və s. əsərləri musiqi sənəti xəzinəsinə dəyərli töhfələrdir. Qara Qarayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan yeni bəstəkarlar nəslinin yetişməsinə də böyük töhfələr verib.
LALƏ
Mədəniyyət.- 2020.- 15 may.-
S.3.