“Minnətdarıq” – rəsm müsabiqəsinə
qeydiyyat yekunlaşır
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənc arasında (30 yaşa qədər) keçirilən “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat mayın 15-də yekunlaşır.
Müsabiqə COVİD-19 pandemiyası dövründə səhiyyə işçilərinin, polis və digər hüquq-mühafizə orqanları əməkdaşlarının göstərdiyi fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq məqsədilə keçirilir.
Seçim 3 yaş kateqoriyası üzrə (5-12, 12-17, 17-30 yaş) aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi açılacaq. Sərgi Xətai Sənət Mərkəzində təşkil ediləcək.
Nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Hər yaş qrupu üzrə qaliblər Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq. İlk üç yerin qalibi ilə yanaşı, hər yaş kateqoriyasında həvəsləndirici mükafatlar da nəzərdə tutulub.
Xatırladaq ki, mayın 15-də daha bir rəsm yarışmasına – “Azərbaycanım” adlı üçüncü respublika müsabiqəsinə qeydiyyat sona çatır. Ənənəvi müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşır. Bu müsabiqəyə 21 yaşadək yeniyetmə və gənclər qatılıb.
Mədəniyyət.- 2020.- 15 may.-
S.5.