“Vətənimizə virtual səyahət”

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir. Layihə əsasında bir çox şəhər və rayonlara bir-birindən maraqlı virtual səyahətlər təşkil olunub. Hazırlanan növbəti videoçarx ölkəmizin cənubunda yerləşən Masallı rayonu haqqındadır.

 

Videoçarx Masallı rayonu haqqında ümumi məlumatla başlayır, sonra fotoların müşayiəti ilə rayonun təbiətindən, tarixi abidələrindən bəhs olunur.

 

Hişkədərə kəndində Tunc dövrünə aid Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə, Mirzətəpə kimi kurqanlar, Mahmudavar kəndində III-IX əsrlərə aid arxeoloji abidə, IX-X əsrlərə aid Ərkivan qalası, Güllütəpə kəndində IX əsrə aid Əmir türbəsi və müxtəlif dövrə aid qədim yaşayış yerləri videoçarxda əks olunub. Masallıda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən sandıqçılıq, dulusçuluq, oyma sənəti, həsir toxuma, zənbillik haqqında da məlumat verilir. Eləcə də rayonun zəngin mətbəx təamlarından (şüyüdlü plov, ləvəngi, lökü, sırdaq, kahı salatı) söz açılır. Videoçarxda rayonun istirahət məkanları və turizm mərkəzlərinin fotoları da təqdim olunur.

 

 

Mədəniyyət.- 2020.- 15 may.- S.4.