Əlyazmaların elektron
kitabxanası yaradılır
İndiyədək elektron
bazada 4600-dən çox
kitab abidəsi toplanıb
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin onlayn rejimdə iclası keçirilib. İclasda şöbə əməkdaşlarının cari ilin birinci rübü üzrə fəaliyyətinin nəticələri müzakirə olunub. Şöbə müdiri Firəngiz Hüseynova əməkdaşların təqdim etdikləri məlumatlar əsasında hazırladığı hesabatı təqdim edib.
Bildirilib ki, institutun fondlarında saxlanılan əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə elektron kitabxana yaradılması üzrə işlər davam etdirilib. Müvafiq dövrdə 325 türkdilli, ərəbdilli və farsdilli əlyazma kitabı rəqəmsallaşdırılaraq elektron kitabxananın bazasına daxil edilib. Elektronlaşdırılmış əlyazmalar mühafizə məqsədilə ehtiyat xarici yaddaş qurğularına köçürülüb. Hazırda əlyazmaların elektron kitabxanasının bazasında 4600-dən çox kitab abidəsi saxlanılır ki, bunlardan da elmi müəssisənin tədqiqat aparan alim və mütəxəssisləri istifadə edə bilərlər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlının 120 və Məhəmməd Hadinin 140 illiyi ilə əlaqədar müvafiq sərəncamlarına əsasən, onların institutda şəxsi arxiv materiallarının elektronlaşdırılması prosesi davam etdirilib.
Cəfər Cabbarlının 700 qovluqda saxlanılan şəxsi arxivinin elektronlaşdırılması işinə 2019-cu ildən başlanılıb, cari ildə 75 sənədin elektron variantı bazaya daxil edilib. Hazırda bazada 658 sənəd var. Məhəmməd Hadinin biblioqrafik göstəricisinin hazırlanması üzrə Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbəsi ilə birgə iş aparılıb və material toplanıb.
Həmçinin “Molla Nəsrəddin” jurnalından, Şəkixanovlar nəslinə aid institutda saxlanılan arxiv materiallarından nüsxələr, “Əkinçi” və “İttihad” qəzetlərinin müəyyən nömrələri və digər materiallar elektronlaşdırılıb.
Əlyazmaların elektron kataloqunun yaradılması prosesi də davam etdirilib. “Türkdilli əlyazmalar”ın elektron kataloquna 1800 kitab abidəsi daxil edilib. İnstitutun fondlarında mühafizə olunan “Miniatürlü əlyazmalar”ın elektron kataloqunun bazası yaradılıb, 67 əlyazma kataloqa salınıb. Hazırda 11 mindən çox yazı təşkil edən əlyazma abidələrinin və əski çap kitablarının elektron kataloqunun oxuculuq keyfiyyətini və səhihliyini artırmaq məqsədilə 800 yazı redaktə olunub.
Mədəniyyət.- 2020.- 15 may.-
S.7.