Döyüşən
xalçaçı-rəssam
Koronavirus səbəbilə ölkəmizin aparıcı muzeyləri fəaliyyətini sosial şəbəkələrdəki səhifələri üzərindən virtual şəkildə davam etdirir. Maraqlı onlayn layihələrlə tamaşaçılarının görüşünə gələn Azərbaycan Milli Xalça Muzeyi II Dünya müharibəsində qələbənin 75 illiyi münasibətilə daha bir paylaşımını təqdim edib. Muzeyin sosial şəbəkə hesablarından “Döyüşən xalçaçı-rəssam” başlıqlı material yayımlanıb. Material görkəmli xalçaçı-sənətkar, Xalq rəssamı Kamil Əliyev (1921-2005) haqqındadır.
Məlumatda deyilir ki, Böyük Vətən müharibəsi o dövrdə bir çox gənclərimizin həyat planlarını tamamilə dəyişdi. Növbə yeniyetmə yaşlarından bir ailənin yükünü çəkən 19 yaşlı Kamilə də yetişdi...
Payız gələndən bəri tez-tez quşların necə dəstə-dəstə köç etdiklərini seyr edən Kamil Maykop səmasını doğma Azərbaycanın mavi səmasına bənzədirdi. O, uşaqlıqdan səmanı seyr etməyi sevirdi. Sanki uca göyləri seyr etdikcə Kamilin qulağında anasının nəvazişli laylası səslənirdi. Zamanın tələbi hardasa onun bu sevgisi ilə də uzlaşırdı. Amma Kamil səmada quşları deyil, düşmən təyyarələrini izləyərək məhv etmək üçün Hərbi Hava Qüvvələrinin Tbilisi Hərbi Zenit Məktəbində təhsil almışdı. Hələ canlı döyüş səhnəsini öz təcrübəsində sınamamış gənc Kamil zenit qurğularının yerləşdiyi ərazidə yaşıl otların üzərində oturaraq sərəncamında olan döyüş qurğusuna söykənmişdi. O, arada mavi gözlərini səmadan çəkərək xırda qələmi ilə kağız parçasının üzərində böyük həvəslə nə isə çəkirdi. Kamilin bu istedadı anasından gəlirdi. Çünki anası Xanım xala gözəl tikmə ustası idi.
Öz dünyasına qərq olmuş gənc rəssamı hərbi hava xəbərdarlığı siqnalının tükürpədici səsi sanki diksindirdi. O, zenit qurğusunu idarə etmək üçün dərhal döyüş vəziyyəti aldı. Səmadakı isti diyarlara köç edən durna qatarları artıq ölüm daşıyan alman bombardmançı və qırıcı təyyarələri ilə əvəz olunmuşdu. Həyəcandan əsən əllərini hiss etməyən Kamil özünü itirmədi. Elə ilk həmlədə bombardmançı təyyarəni ov quşu kimi endirərək növbəti təyyarəni hədəfə aldı. Təyyarələr bir-birinin ardınca yanaraq yerə düşürdü. Döyüşçülərə alman təyyarələrinin uçduqları məkan və məqsədləri barədə məlumat verilmişdi. Almanların hədəfi Qroznı və Bakının neft mədənləri idi. Deməli, Maykop səmasından bir dənə də olsun bombardmançı təyyarə keçməməli idi. Bunu Kamil də çox gözəl anlayırdı, arxada Bakı və canından çox sevdiyi doğmaları vardı. Gənc zabit Kamil Əliyev həyatında müharibənin sonunadək çoxsaylı, bir-birindən ağır və qanlı döyüş səhnələri yaşamışdı. Lakin ilk döyüş onun xatirində əbədi olaraq qaldı. Elə ilk mükafatını da Kamil Əliyev bu döyüşdə göstərdiyi şücaətinə görə almışdı...
İlk döyüş yolu Maykopdan başlayan gənc Kamil Əliyev müharibənin odlu-alovu içində Berlinədək gedib çıxır.
Qələbədən sonra da onu bir il müddətinə Şərqi Almaniyada SSRİ Hərbi Qüvvələri sırasında zabit kimi xidmətdə saxlamışdılar. 1946-cı ilin sonunda gənc zabit Kamil Əliyev ordu sıralarından tərxis edilərək Azərbaycana qayıdır və rəssam kimi əmək fəaliyyətini öz doğma müəssisəsində – “Azərxalça”da davam etdirir...
LALƏ
Mədəniyyət.- 2020.- 15 may.-
S.5.