Cəmşid Naxçıvanski Muzeyinə
onlayn ekskursiya
Naxçıvan şəhərində yerləşən Cəmşid Naxçıvanski Muzeyinə onlayn ekskursiya təşkil edilib. Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Muzeyin bələdçisi bildirib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanskinin Muzeyinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 1981-ci il 8 avqust tarixli qərar imzalayıb. 22 oktyabr 1982-ci il tarixdə isə Naxçıvan şəhərində bu muzey fəaliyyətə başlayıb.
Yarandığı dövrdə cəmi 300 eksponata malik olan muzeyin fondunda hazırda 5400-dən çox eksponat qorunub saxlanılır. 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Qeyd olunub ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyəti zamanında Milli Ordu quruculuğunda, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitab və fotoşəkillər müxtəlif bölmələrdə mühafizə edilir.
Mədəniyyət.- 2020.- 15 may.-
S.4.