Torpağın ətri əsərlərində
duyulan ədib
Həqiqi istedad sahibləri, söz adamları harada yaşamasından asılı olmayaraq, ədəbiyyat və mədəniyyət qarşısında öz missiyalarını yerinə yetirirlər. Ölkəmizin cənub bölgəsində yaşayıb-yaradan tanınmış yazıçı-dramaturq, şair, publisist, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev də belə sənətkarlardan olub. Mərhum ədibi anadan olmasının 95 illiyi münasibətilə yada saldıq.
Məmmədhüseyn Axund Molla Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonunun Kürdəsər kəndində dünyaya göz açıb. O, orta məktəb illərindən poeziyaya maraq göstərir. “Səs verirəm” adlı ilk şeiri 1947-ci ildə rayon qəzetində dərc edilir.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində ali təhsil alır. 1954-cü ildən sonra Lerikin Kürdəsər və Şingədulan kəndlərində müəllim və direktor işləyir. Daha sonra pedaqoji fəaliyyətini Lənkəranda davam etdirir, Təngivan və Digah kənd orta məktəblərinin direktoru olur. 1955-ci ildən bədii yaradıcılığa başlayır, özünə “Qail” təxəllüsü götürür, nəsr əsərləri qələmə alır.
Məmmədhüseyn Əliyev Lənkəran Tibb Texnikumunda da müəllim işlədikdən bir müddət sonra Lənkəran Pedaqoji Texnikumuna direktor müavini təyin edilir. 1959-cu ildə Lənkəran Rayon Xalq Deputatları Sovetinə üzv seçilir. 1980-ci ildə Lənkəran Radio Verilişləri redaksiyasında məsul redaktor olur.
1982-ci ildə Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsində məsul katib işləyən M.Əliyevi ədəbi ictimaiyyət nasir kimi tanısa da, o, qələmini dramaturgiya sahəsində də sınayıb. Pyeslərində yaratdığı obrazların dili ilə cəmiyyətdə insanları narahat edən məsələləri diqqət mərkəzinə çəkib. Müəllifin “Prokuror” və “Ana fəryadı” pyesləri ötən əsrin 80-ci illərində N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub, rəğbətlə qarşılanıb.
Yazıçının “Dağlar oğlu” ikihissəli romanı “Azərbaycan gəncləri” qəzetində hissə-hissə dərc olunub. Roman oxucular tərəfindən maraqla qarşılanır. Xüsusilə, respublikanın cənub bölgəsində əl-əl gəzir. Əsərdə bölgənin təbiəti, etnoqrafik mənzərələri, xalqın adət və ənənələri bədii boyalarla əks olunub. Romanın qəhrəmanı o zaman həyatda olan Lerik rayonunun Pirasora kənd sakini, uzunömürlü Mahmud Eyvazovdur. O, dünyanın maraq göstərdiyi şəxs, planetin ən yaşlı sakinlərindən biri olub. Roman çap olunandan sonra dünyanın bir çox ölkəsindən Mahmud Eyvazovla maraqlananlar yazıçıya məktub yazıb, uzunömürlülüyün sirləri ilə tanış olmaq üçün ondan məsləhət istəyiblər. Yazıçı da hər bir məktuba cavab yazıb. Məhz bu marağa cavab olaraq yazıçı əsərin ikinci hissəsini – “Dağda bahar”ı qələmə alıb. Sonradan roman rus dilində Moskvada da işıq üzü görüb.
Müəllifin “Lənkəran hekayələri”, “Qayaların səsi”, “Döyüşən illər”, “Vadidə görüş”, “Torpağın ətri” və s. kitabları onun ədəbiyyata təsadüfən gəlmədiyini göstərir. Tanınmış tənqidçi alimlərdən Əkbər Ağayev, Qulu Xəlilov əyalətdə yaşayan yazıçının kitabları barədə resenziyalar yazıblar.
M.Əliyevin “Ey ana Bağdad” şeiri 1988-ci ildə İraqın “Əl-əhram” qəzetində dərc edilib. Şair bu şeirinə görə ərəb ölkələri poeziya festivalının mükafatını alıb.
Mədəniyyətimiz qarşısında xidmətləri yüksək qiymətləndirilən ədib 1992-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 6 iyul 1994-cü ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 1 may.-
S.6.