“Tələbə baharı”
yaradıcılıq festivalına yekun vurulub
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının iştirakı ilə keçirilən “Tələbə baharı” XIII Respublika tələbə-yaradıcılıq festivalının nəticələri açıqlanıb.
Onlayn seçim mərhələsində qaliblər musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada və pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə müəyyən edilib.
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi Kənan Məmmədli estrada musiqisi janrı üzrə birinci yerə layiq görülüb.
Bakı Mühəndislik Universitetinin Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Nigar Əsədova milli rəqslər (solo) nominasiyası üzrə II yerə, Pedaqoji fakültənin 4-cü kurs tələbəsi Elmira Abdürəhmanova pop estrada janrı nominasiyası üzrə III yerə layiq görülüblər.
Yaradıcılıq festivalının mükafatçıları arasında əcnəbi tələbələr də var. Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisası üzrə II kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika festivalda “Xalq mahnısı” nominasiyası üzrə üçüncü yerə layiq görülüblər. Festivalda onlar “Sarı gəlin” Azərbaycan xalq mahnısını oxuyublar.
Qeyd edək ki, “Tələbə baharı” yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən keçirilir. 2011-ci ildən etibarən festival Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunur. Festivalın məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Festivalın qala-konsertinin mayın sonlarında keçirilməsi
nəzərdə tutulur.
Mədəniyyət.- 2020.- 1 may.-
S.4.