Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə təqdimatlar

 

 

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. UNESCO yanında Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlikdir.

 

Ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlarla qeyd edib.

 

Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Virtual tur rusingilis dillərində də təqdim olunub. Həmçinin ekskursiya “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət edilib. Bundan əlavə, Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında onlayn bağlantı yaradılıb. “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə müzakirə olunub.

 

Azərbaycan Milli İncəsənət Muzeyi ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edib. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərc­̧ivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgi Quraspaşvilinin xüsusi metodikası ilə kec­̧irilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən çəkilib. Virtual sərgini muzeyinFacebook”, “İnstagram” və “Twitter” səhifələrində izləmək mümkündür.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını üç dildə “Dinləyin, bizdə nələr vardır”, “Təsviri sənət əsərləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” kimi müxtəlif rubrikalar altında geniş auditoriyaya təqdim edib. Təqdimatda sağlamlıq imkanları məhdud insanlar da nəzərə alınıb. Muzeyin hazırladığı audio-video almanaxda millidünya ölkələrinin musiqi alətləri haqqında musiqi müşayiəti ilə səslənən postlarla yanaşı, muzeyin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının dünyadakı muzey işçilərini təbrik etmək üçün hazırladıqları onlayn konsertiyer alıb.

 

Beynəlxalq Muzeylər Gününə YARAT Müasir İncəsənət Məkanı şəhər multimedia layihəsi ilə qatılıb. Layihə tamaşaçılara müxtəlif tarixi dövrlərə və mövzulara həsr olunmuş muzey kolleksiyaları, sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə etmək imkanı verir. Nümayiş olunan sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Latviya Milli Muzeyi və YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunub.

 

Milli Azərbaycan Tarixi Muzeyi əlamətdar gün münasibətilə “Bir toxunuş, min dəyər” onlayn muzey tanıtım layihəsi hazırlayıb. Layihə çərçivəsində mayın 18-də muzeyin Etnoqrafiya elmi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova İctimai TV-ninDikdaban” verilişində mədəni irsin qorunması və muzeyin gələcək birgə fəaliyyəti barədə ictimaiyyətə məlumat verib.

 

Qobustan Milli Tarix-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol!” kampaniyası elan edib. Kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğunFacebook” və “İnstagram” hesablarında paylaşa bilərlər. Həmin fotolar Qobustanın İCOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğunFacebook” səhifəsində canlı yayımda görüş olub.

 

“İçərişəhər” Muzey Mərkəzi İçərişəhərdə həyata keçirilən incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramı haqqında “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” adlı videoçarxı təqdim edib.

 

Azərbaycan İstiqlal Muzeyi peşə bayramı günü münasibətilə “Bərabərlik” adlı onlayn ekskursiya təşkil edib.

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi isə peşə bayramına özününFacebook” səhifəsində “Dünya bizim hamımızın” başlığı altında hazırladığı proqramla qatılıb. Proqram uşaqların rəsmlərindən ibarət virtual sərgi və “Əsa” İnklüziv Teatrının “Göy quş” tamaşasının sosial şəbəkədən nümayişindən ibarətdir.

 

Cəfər Cabbarlının ev-muzeyi tamaşaçılara “Dan ulduzu” adlı virtual fotosərgini təqdim edib. Sərgidə muzeyin fondundakı tarixi eksponatlar, eləcə də muzeyin müxtəlif illərdə həyata keçirdiyi uğurlu layihələr və maraqlı tədbirlərin fotoları yer alıb.

 

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi isə məktəblilər arasında “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” və “Mənim eksponatım” devizi ilə “Sirli-sehrli aləm” adlı onlayn rəsm müsabiqəsi keçirir. Məktəblilər hər hansı muzeylə və ya eksponatla bağlı rəsmlərini öz şəkilləri ilə birgə muzeyinFacebook” və yaİnstagram” səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqəyə qatıla bilərlər. Qaliblər mükafatlandırılacaq.

 

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi rəsmi “Facebook” səhifəsi ilə “Halayfolklor musiqi və rəqs ansamblının ifasında “Folklorumuzun keçmişibu günümövzusunda virtual təqdimat keçirib.

 

Ölkəmizin digər muzeyləri də beynəlxalq peşə bayramı münasibətilə virtual təqdimatlar hazırlayıblar.

 

Mədəniyyət.- 2020.- 20 may.- S.3.