İncəsənət ənənəvi və
rəqəmsal sərgi platformalarında
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə növbəti videokonfrans keçirilib. “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusuna həsr olunmuş konfransda Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılıb.
İstanbul Yedditəpə Universitetinin Gözəl sənətlər fakültəsinin professoru Teymur Rzayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən kurator, pedaqoq Mehparə Abbasova, Konya Səlcuq Universitetinin professoru İlham Ənvəroğlu, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli və başqaları rəqəmsal platformada sənət əsərinin orijinallığının qorunması məsələsinə toxunublar.
Natiqlər muzey və qalereyaların onlayn rejimdə tamaşaçılara virtual, emosional təsiri və onlayn sərgilərdə məkan anlayışına yeni baxış kimi mövzular haqqında danışıblar. Çıxışlarda digital incəsənətin insana təsirindən, yeni texnoloji imkanların, innovativ metodların incəsənətə tətbiqindən söz açılıb. Qeyd edilib ki, yeni imkanlar, yeni texniki vasitələr yeni sənət anlayışları yaradır.
Mədəniyyət Nazirliyinin
sektor müdiri Qalib Qasımov yekunda konfransda səsləndirilən fikirləri dəyərləndirib.
O qeyd edib ki, rəqəmsal dünyada
sərgi platformalarının virtual
müstəviyə keçməsi gələcəkdə öz tamaşaçı kütləsini və
özünəməxsus zövq
anlayışını formalaşdıracaq.
Mədəniyyət.- 2020.- 20 may.-
S.5.