Nizami dühasının sorağında olan alim
Yaradıcılığı, araşdırmaları ilə
Azərbaycanın müxtəlif
ölkələrlə elmi
və mədəni əlaqələrinə töhfə
verən alimlərimizdən
biri də tanınmış şərqşünas,
filologiya elmləri doktoru Qəzənfər Əliyev olub. Görkəmli alimi anadan olmasının
90 illiyi münasibətilə
yada saldıq.
Qəzənfər Yusif oğlu Əliyev 15 may 1930-cu ildə
Gəncə şəhərində
dünyaya göz açıb. Orta təhsilini 5 nömrəli
şəhər məktəbində
alıb. Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) Şərqşünaslıq fakültəsini bitirdikdən
sonra Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun
aspiranturasına daxil olub.
Tanınmış şərqşünas Yevgeni Bertelsin rəhbərliyi altında
Nizami Gəncəvinin
“Xosrov və Şirin” və Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemalarının müqayisəli
təhlili” mövzusunda
namizədlik dissertasiyası
müdafiə edən
Qəzənfər Əliyev
həmin institutda əvvəlcə kiçik
elmi işçi, sonra baş elmi işçi kimi fəaliyyət göstərir. O, 1974-cü ildə
“Farsdilli ədəbiyyatın
təşəkkülü problemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
Qəzənfər Əliyev Əfqanıstan,
İran, Almaniya və s. ölkələrdə
keçirilən elmi tədbirlərdə Azərbaycanın
mədəniyyət və
ədəbiyyatına dair
maraqlı məruzələr
edir. Onun Şərq xalqları ədəbiyyatına həsr
etdiyi müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi ölkəmizdə, eləcə
də xaricdə rus, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex
və s. dillərdə
nəşr olunur.
Alimin elmi fəaliyyətinin əsas
istiqamətini Nizami Gəncəvi irsinin və onun Şərq
ədəbiyyatlarına təsirinin
öyrənilməsi təşkil
edir. Araşdırmalardan məlum
olur ki, Qəzənfər Əliyevin
Moskvada rus dilində nəşr edilən “Nizaminin mövzu və süjetləri Şərq
xalqları ədəbiyyatında”
adlı son kitabında
XIII-XX əsrlərdə Nizami
mövzularında müxtəlif
dillərdə yazılmış
600-dən çox əsər
və onların müəllifləri barədə
məlumat toplanıb.
Tədqiqatçı Məsiağa Məhəmmədi
araşdırmasında yazır
ki, Q.Əliyev diqqətini farsdilli ədəbiyyatda Nizamidən
sonra ikinci “Xəmsə” yazan böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın
farsdilli ədəbiyyatına
yönəldib. Bu tədqiqatların
nəticəsi kimi alimin “Hindistanın farsdilli ədəbiyyatı”
adlı monoqrafiyası
meydana gəlib. Tədqiqatçı bu kitabla dünya iranşünaslığında
ilk dəfə olaraq farsdilli ədəbiyyatın
hind ədəbiyyatında müstəqil
bir qol olduğunu
elmi şəkildə
ortaya qoyub.
Q.Əliyevin redaktorluğu ilə
1972–1979-cu illər arasında
Moskvada Əmir Xosrov Dəhləvi “Xəmsə”sinə daxil olan poemaların elmi-tənqidi mətnləri
işıq üzü
görür. Əsər Hindistanda da
maraqla qarşılanır
və yüksək elmi dəyərini alır. Tanınmış alim bununla da bir mətnşünas
olduğunu nümayiş
etdirir.
Şərqşünas alim eyni zamanda
tərcüməçilik sahəsində də qələmini sınayıb. O, Əmir
Xosrov Dəhləvinin
“Həşt behişt”
(“Səkkiz cənnət”),
Əbülfeyz Feyzinin
“Nəl və Dəmən” poemalarını,
Baba Tahir Üryanının
dübeytlərini, Mirzə
Əsədulla xan Qalibin şeirlərini rus dilinə tərcümə edib. Onlara müqəddimə və şərhlər yazıb.
Q.Əliyev həm də
atalar sözlərimizi
rus dilinə çevirib.
1969-cu ildə Aşqabadda çap olunan “Türkmən şairi Bayram xan” kitabı elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Müəllif bu əsərində Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının ədəbi irsini üzə çıxarıb. O, bu tədqiqatı ilə türkmən ədəbiyyatının tarixini iki əsr əvvələ çəkib. Buna görə də o, çoxcildlik “Türkmən ədəbiyyatı tarixi”nin müəlliflərindən biri olub. Türkmən ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərinə görə 1980-ci ildə bu ölkənin dövlət mükafatına layiq görülüb.
Daha sonra Y.Bertelsin beşcildlik “Seçilmiş əsərləri” Q.Əliyevin yaxından iştirakı ilə işıq üzü görüb. Məşhur şərqşünas Aqafangel Krımskinin uzun illər arxivdə qalan “Nizami və müasirləri” monoqrafiyası onun redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilib. Q.Əliyev həm də ikicildlik “Rusca-farsca lüğət”in tərtibçilərindən biri olub.
Qəzənfər Əliyev elmi yaradıcılığının coşqun çağlarında, 1984-cü ildə, 54 yaşında vəfat edib və Gəncə şəhərində dəfn olunub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 20 may.-
S.5.