Quba Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Quba Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur. Muzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulub. O, 1924-cü ildə dərs dediyi mədrəsədə muzey guşəsi yaradaraq burada Azərbaycan tarixinə aid materialları toplayıb.

 

Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olub. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb, bir sıra əşyaların muzeyə verilməsinə nail olub. Onların arasında qədim əlyazmaları və kitablar, xalçaxalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı.

 

1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında muzeyin təşkili barədə məsələ müzakirə edilib, mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılıb. Plan-layihədən məlum olur ki, ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunub. Burada rayonunkeçmiş Quba qəzasının müxtəlif xəritələri,  bitki aləmi və faydalı qazıntılarından nümunələr yer alıb.

 

Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə həsr olunub. Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri”, “Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar”, “Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi”, “Komendantlıq dövrü” və s. bölmələrdə bu barədə materiallar toplanıb.

 

Ekspozisiyada ayrıca “Etnoqrafiya” bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Ekspozisiyada 1920-1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.

 

Azərbaycan SSR Xalq Maarif Komissarlığının 14 may 1935-ci il tarixli əmri ilə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin edilir.

 

1937-ci ildə o, repressiya qurbanı olur muzey bağlanır. 1943-cü ildə Quba ictimaiyyəti muzeyin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Xalq Komissarları Sovetinin 21 aprel 1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaradılması haqqında qərar qəbul edilib. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi, 93 saylı binada fəaliyyətə başlayıb.

 

2015-ci ildən muzey Mədəniyyət Nazirliyi tərəfindən Quba şəhəri Nizami parkı ərazisində tikilən yeni binada fəaliyyət göstərir. Muzeyin əsas köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.

 

 

Mədəniyyət.- 2020.- 20 may.- S.7.