Bölgələrin mədəniyyət gündəliyi

 

Koronavirus infeksiyası səbəbindən fəaliyyətini onlayn rejimdə quran regional idarələr və onların əhatə etdiyi mədəniyyət və təhsil ocaqları tərəfindən tədbirlər davam etdirilir.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin rəhbərlərinin iştirakı ilə növbəti onlayn müşavirədə mayın 18-dən etibarən fəaliyyəti bərpa edilən muzeylər, sərgi salonları və qalereyalarda sanitar-gigiyena qaydalarına riayət edilməsinin və muzeylərə ziyarət zamanı ziyarətçilərin 10 nəfərdən artıq qruplarda cəmləşməməsinin vacibliyindən bəhs edilib. Həmçinin musiqi və incəsənət məktəblərində fəaliyyətin onlayn formada davam etdirilməsi, distant dərslərin mütəmadi təşkili, qeyd olunan təhsil ocaqlarına qəbulun yalnız elektron qaydada aparılması diqqətə çatdırılıb.

 

Bildirilib ki, tabe müəssisələr bayram günlərində fəaliyyətini onlayn şəkildə davam etdirəcək. Bundan əlavə, videoçarxların yüksək səviyyədə hazırlanması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması və s. məsələlərlə bağlı tapşırıqlar verilib. Sonda tabe müəssisələrin rəhbərləri çıxış edərək səsləndirilən irad və təkliflərin nəzərə alınacağını bildiriblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsində onlayn şəkildə növbədənkənar Şura iclasında mayın 19-da Mədəniyyət Nazirliyinin Aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş videokonfrans zamanı verilmiş tapşırıqlar diqqətə çatdırılıb. Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar, o cümlədən karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilib. Sonda mədəniyyət müəssisələri rəhbərlərinin görülmüş işlər barədə hesabatları, sual və təklifləri dinlənilib.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi məktəbləri distant formada fəaliyyətlərini davam etdirir. Dərslər məktəblərin “Facebook”, “Youtube” səhifələrində paylaşılır. Növbəti distant dərs Yevlax şəhər Aran qəsəbə Uşaq musiqi məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi Pərvanə Məmmədova tərəfindən təşkil edilib.

 

Mədəniyyət ocaqlarının əməkdaşları yardıma ehtiyacı olan aztəminatlı ailələri, ahıl və tənha insanları da diqqətdən kənarda qoymurlar. Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Çələbilər kənd Mədəniyyət evinin əməkdaşları könüllü yardım kampaniyasına qoşularaq bir neçə ailəni ziyarət ediblər. Ailələrə qoruyucu tibbi ləvazimat və ərzaq məhsulları təqdim edilib.

 

***

 

“UNİCEF Azerbaijan”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, Avropa İttifaqının (Aİ) maliyyə yardımı ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Ağcabədi rayonunda icra olunanİnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində UNİCEF-in təşəbbüsü ilə COVİD-19 virusu haqqında əhali arasında məlumatlılıq səviyyəsinin artırılması üzrə işlər davam etdirilir.

 

UNİCEF bu dəfə maarifləndirmə materiallarını Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasına hədiyyə edib. Kitabxananın Uşaq şöbəsinin əməkdaşları bu materialları balaca oxucuların diqqətinə çatdırmaq üçün bir sıra onlayn tədbirlər təşkil ediblər.

 

***

 

Lerikdə sosial məsafə, gigiyenik tələblər qorunmaqla Beynəlxalq Muzeylər Gününə (18 may) həsr olunmuş yığıncaq keçirilib.

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev muzey və qalereyaların Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunmasında və milli mədəniyyət nümunələrinin gələcək nəsillərə ötürülməsində rolundan danışıb, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov, rayon Mədəniyyət Mərkəzinin direktoru Əliabbas Məlikov və Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Elnura Əzizova çıxış ediblər. Sonda bir qrup muzeyqalereya işçisinə Beynəlxalq Muzeylər Günü münasibətilə diplom və hədiyyələr təqdim edilib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Quba Tarix-Diyarşünaslıq Muzeyi 85 illik yubileyi münasibətilə hazırlanmış onlayn bukletləri sosial şəbəkə vasitəsilə izləyicilərə təqdim edib. Xatırladaq ki, muzey 1935-ci ilin mayında Azərbaycan SSR Xalq Maarif  Komissarlığının müvafiq əmri ilə fəaliyyətə başlayıb. İllərin sınağından çıxmış muzey bu gün də bölgənin zəngin tarixi-mədəni irsini yaşadır. Muzeyin 85 illiyi  münasibətilə onlayn buklet üç dildə tərtib edilib.

 

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış “Könüllülər” teatrı isə onlayn tamaşaları məşq edib. Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Evdə qal, evdə yarat”, “Evdə qal, mütaliədən qalma” və s. virtual layihələr çərçivəsində Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin könüllüləri tərəfindən sosial şəbəkələrdə aktiv fəaliyyət təmin edilib, oxucular da həmin layihələrə cəlb olunub.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 22 may.- S.4.