Cümhuriyyət dövründə mədəni həyat

 

Dövlətçilik tariximizdə mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranmasının 102 ili tamam olur. Nəinki ölkəmiz və xalqımız, hətta müsəlman Şərqi adına bir sıra yeniliklərlə tarixdə iz qoyan ilk demokratik respublikamız çox mürəkkəb ictimai-siyasi vəziyyətdə fəaliyyət göstərib.

 

Daxili sabitlik və əmin-amanlığın tam bərpa olunmadığı bir şəraitdə cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyəti tərəfindən cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də təqdirəlayiq işlərə imza atılıb.   Həmin dövrdə musiqi, teatr, mədəni-maarif işi və digər sahələrin tərəqqisi üçün münbit şəraitin yaradılmasına diqqət göstərilib. Sözsüz ki, Cümhuriyyətin yaradılması milli-demokratik ruhlu ədib və ziyalıların, musiqi xadimlərinin qəlbini fərəhlə doldurmuş, onların yaradıcılıq eşqini daha da alovlandırmışdı.

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) zəngin ictimai-mədəni fəaliyyətinin mühüm bir mərhələsini Xalq Cümhuriyyəti dövrü təşkil edir. Milli istiqlal məfkurəsinin möhkəmləndirilməsində mühüm rol oynayan Üzeyir bəy, Cümhuriyyət dövründə əsasən mətbuat sahəsində fəaliyyət göstərsə də, musiqi yaradıcılığını da davam etdirib. Bəstəkar 1919-cu ildə “Dağıstan” (“Qaytağı”), tərəkəməsayağı “Azərbaycan” adlı xoreoqrafik əsərlərini bəstələmişdi. Onu da qeyd edək ki, “Azərbaycan” əsəri professional milli balet musiqimizin ilk nümunəsi sayıla bilər. O dövrün mətbuatından məlum olur ki, həmin xoreoqrafik əsər səhnə üçün də hazırlanıb. Ü.Hacıbəyli teatrın, o cümlədən, musiqili teatrın xalqın maariflənməsində, bədii zövqünün inkişafında oynadığı böyük rolu nəzərə alır, bu barədə fikirlərini mətbuatda da açıqlayırdı.

 

Milli musiqi janrlarının yaranması yolunda Üzeyir bəylə çiyin-çiyinə çalışan böyük sənətkarlardan biri də Müslüm Maqomayev (1885-1937) idi. Teatr fəaliyyətinə orkestrin skripkaçısı kimi başlayan M.Maqomayev tezliklə orkestrin dirijoru olmuş və Azərbaycan opera sənətinin daha bir klassik əsərini – “Şah İsmayıl” operasını yaratmışdı. 1916-cı ildə yazılmış bu opera 1919-cu ildə, Cümhuriyyət dövründə ilk dəfə səhnəyə qoyulub.

 

 

 

Milli məfkurənin musiqidə əksi

 

 

 

Cümhuriyyət illərində ölkəmizin musiqi-konsert həyatı da getdikcə canlanırdı. Bir çox görkəmli musiqiçilər Bakıya qastrol səfərlərinə gəlir, xarici və yerli aktyorların iştirakı ilə rus və italyan bəstəkarlarının operaları tamaşaya qoyulur, simfonik konsertlər verilirdi.

 

1918-ci ilin sonlarında Bakıda təşkil olunan “Türk gecələri” konsertlərində türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, “Azərbaycanın müstəqilliyi”, “Türk qadınının dünyası”, “Türk tipləri”, “Milli birlik” və s. tamaşalar göstərilirdi. Bu konsertləri dinləməyə hökumət üzvləri və digər siyasi xadimlər də gəlirdilər.

 

Görkəmli sənətkarlar Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov, Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları müxtəlif teatr-konsert tamaşaları təşkil edirdilər.

 

Xalq içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda və Yaxın Şərqdə də məşhur olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqaları ölkənin mədəni həyatında, bayramlarda, xeyriyyə konsertlərində və başqa el şənliklərində yaxından iştirak edirdilər.

 

Bu dövrdə Azərbaycanın musiqi həyatında Koroğlu, Qaçaq Nəbi, Səttarxan haqqında mahnıların xalq arasında yayılması təsadüfi deyildi. Dövrün ümumi əhval-ruhiyyəsi, xalqın fəallığı, milli məfkurə meyilləri belə mahnıların özünəməxsus melodiyalarında öz ifadəsini tapırdı.

 

Cümhuriyyət dövrü musiqimizin ən əlamətdar hadisəsi isə, təbii ki, dövlət himninin yaradılması idi. Üzeyir Hacıbəyli “Azərbaycan marşı” (sözləri Əhməd Cavadın) məhz həmin mahnıların təsiri altında yazmış, Cümhuriyyət dövründə xalqının qəlbində baş qaldıran vətənpərvərlik hisslərini, mütərəqqi ideyaları, milli qüruru yüksək sənətkarlıqla ifadə etməyə nail olmuşdu.

 

 

 

Dövrün teatr həyatı

 

 

 

“Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur... Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər! Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyat eşqi təlqin ediniz”.

 

Bu fikirlər Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunmuş yazısında yer almışdı. Həqiqətən də, Cümhuriyyət ideyalarını yaşatmaq naminə Azərbaycan xalqının özünüdərk, milli birlik, müstəqil dövlətçilik ideallarına səsləyən ədiblərin ziyasına ehtiyacı var idi.

 

Ədəbi prosesin vacib qolu olan dramaturgiya Cümhuriyyət dövründə xeyli canlanmışdı. Hərçənd 1918-ci il Azərbaycan, eləcə də paytaxt Bakı üçün yaradıcılıq, xüsusən də teatr tamaşası oynamaq baxımından o qədər də rahat il olmamışdı. Əvvəlcə mart soyqırımı ziyalı təbəqəni sarsıtmış, sıravi vətəndaşları teatr kimi əyləncə və zövq məkanından uzaqlaşdırmışdı. Mart hadisələrindən sonra İrana, Türkiyəyə, Tiflisə, Orta Asiyaya, Rusiyanın Volqaboyu şəhərlərinə yollanmış teatr dəstələri yalnız bir neçə aydan sonra vətənə qayıtmışdı. Qulam Məmmədlinin tərtib etdiyi “Azərbaycan teatrının salnaməsi” kitabının 1918-1920-ci illərə aid bölümlərini diqqətlə vərəqləmək kifayətdir ki, qəzetlərdə yerli teatra dair xəbərlərin nə qədər kasad, qastrol səfərləri barədə məlumatların isə nə qədər bol olduğunu aydın görəsən...

 

“Hümmət” qəzetinin 16 may tarixli sayında isə belə bir xəbər verilib: “Müsəlman aktyorları ittifaqı” Bakı hadisələrində böyük xəsarətə düçar olduğundan neçə vaxtdır ki, fəaliyyətsiz qalmışdır. İndi həmin aktyorlar ittifaqı “Şirkət” düzəldib tamaşa göstərmək üçün bu günlərdə Bakıdan Həştərxana gedəcək. Oradan da Volqaboyundakı şəhərlərdə tamaşa verəcəklər”.

 

Nəhayət, oktyabr ayına aid xəbərlərdə Bakının teatr mühitinin dirçəlməsinə dair məlumata rast gəlirik: “Neçə aylardan bəri qapanmış müsəlman teatrı yavaş-yavaş açılmağa qədəm qoymuşdur. Bu gün Mikado teatrında Hacıbəyov qardaşları müdiriyyəti tərəfindən “Arşın mal alan”, sabah “O olmasın, bu olsun” oynanılacaqdır”.

 

“İstiqlal” qəzeti isə 14 fevral 1919-cu il tarixli sayında “Müsavat” liderlərindən Mirzə Bala Məmmədzadənin məqaləsində Azərbaycan teatrının “yeni” üsul-idarəyə yaxşı xidmət göstərmədiyi barədə bu fikirlər yer alıb: “Əlan xalqımızın yeganə toplanış yeri teatrdır. O da bir yenilik vermir. Onda da yeni həyata doğru bir dəvət, bir tərpəniş yoxdur...”.

 

Fədakar ziyalı Mirzə Bala Məmmədzadə dövlət müstəqilliyi xüsusunda teatrdan daha böyük mənəvi dəstək gözləməkdə haqlı idi.

 

Lakin unutmaq olmaz ki, milli oyanış, yaddaşa qayıdış məhz həmin dövrdə yaranmış, yaxud səhnəyə qoyulan dram əsərlərinin əsas mövzusu idi. O dövrdə yaranan dramaturgiyada Azərbaycan, türk dünyası mövzularına daha çox müraciət edilirdi. Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Hüseyn Cavidin “İblis”, Cəfər Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz” pyesləri bu qəbildən idi.

 

1918-ci il oktyabrın 18-də Cümhuriyyət hökumətinin iclasında Xalq Maarif naziri Nəsib bəy Yusifbəylinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsi dinlənilir. Teatr üçün Mayılov qardaşları teatrının binasının (indiki Akademik Opera və Balet Teatrının binası) alınması barədə qərar qəbul edilir. Qərara əsasən, teatr binası ədalətli qiymətlə dövlətin sərəncamına alınmalı idi. Dövlət teatrı (Türk Dövlət Teatrı) 1919-cu ilin avqust ayında təsis edilir. Qulamrza Şərifzadə (Abbas Mirzə Şərifzadənin qardaşı) direktor, Zülfüqar Hacıbəyli müavin, Məmmədəli Sidqi teatr heyətinin vəkili təyin edilir. Sentyabr-oktyabr aylarında “Azərbaycan” qəzetində teatra aktyorların işə dəvət edildiyi barədə elan verilir. Oktyabrın 22-də truppanın heyəti qəzetdə dərc edilir. Nəhayət, oktyabrın 24-də rəsmi açılış törəni keçirilir. Mərasimdə Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, hökumət üzvləri iştirak edirlər. Bu mədəniyyət hadisəsi dörd gün bayram edilir. Ardıcıl olaraq İsa bəy Aşurbəyovun “Azərbay və Can”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Cəfər Cabbarlının “Bakı müharibəsi”, Mirzə Bala Məmmədzadənin “Bakı uğrunda müharibə” tamaşaları göstərilir.

 

13 sentyabr 1919-cu il tarixli “Bəsirət” qəzetində belə bir bildiriş dərc olunur: “Azərbaycan Dövlət Teatrosunda zilhiccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra düşmənlər əlində qalıb, sonradan qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının birilliyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı müharibəsi” draması mövqeyi-tamaşaya qoyulacaqdır”.

 

Teatr dövlət tərəfindən təsis edilsə də, mövcud imkanlar teatrın öz işini daha səmərəli qurmasına, teatr xadimlərinin arzuladığı kimi sanballı tamaşalar hazırlanmasına yetmirdi. Hətta Üzeyir Hacıbəyli öz narazılığını 1920-ci ildə “Azərbaycan” qəzetində yazdığı “Zurna” başlıqlı felyetonda bu cür dilə gətirmişdi: “Bakıda dövlət teatr heyəti qurulsun! deməyə fürsət olsaydı, bu iş Azərbaycan dövlətinin xəzinəsinə yarım milyon pula oturardı. Halbuki, indi o pul xəzinəmizin içində sağ və salim durubdur. Bu da ki maddi mənfəət”.

 

Olsun ki, ədəbi və publisistik sözə böyük dəyər verən Cümhuriyyət hökuməti Üzeyir bəyin bu felyetonunda qaldırdığı məsələyə baxaraq, teatrın xeyrinə bir qərar çıxaracaqdı. Sadəcə, buna zaman yetmədi. Felyeton aprelin 20-də dərc olunmuşdu, səkkiz gündən sonra Cümhuriyyət süqut etdi...

 

 

 

Kitabxana və muzey işi

 

 

 

Çar hökumətindən Xalq Cümhuriyyətinə mütəşəkkil kitabxana şəbəkəsi və muzeylər miras qalmamışdı. Çünki imperiyanın ucqarlarında dövlət kitabxanaları yaratmaq və onları maliyyələşdirmək müstəmləkəçilik ruhuna uyğun deyildi. XX əsrin əvvəllərində Bakıda və bölgələrdə müxtəlif cəmiyyətlərin və ayrı-ayrı şəxslərin yaratdığı kitabxanaların əksəriyyəti 1917-1918-ci illərdə baş verən ictimai-siyasi qarışıqlıq vəziyyətində fəaliyyətini dayandırmışdı.

 

Cümhuriyyət ilk günlərdən maarif və mədəniyyətin inkişafını diqqət mərkəzində saxlayırdı. Bu sahələrə rəhbərlik Xalq Maarif Nazirliyinə həvalə olunmuşdu.

 

Parlament ciddi maliyyə çətinliklərinə rəğmən 18 sentyabr 1919-cu ildə xalq məktəbləri kitabxanalarına türk dilində kitablar almaq üçün 1 milyon manat ayrılması haqqında qərar qəbul etmişdi. Sənədə əsasən, məktəb kitabxanaları Azərbaycanda nəşr edilən kitab, jurnal, məcmuə və qəzetlərin məcburi nüsxələri ilə təchiz edilməli idi.

 

Həmin vaxt fəaliyyət göstərən 700-ə qədər məktəbdə kitabxanalar mövcud olsa da, nəşrlərlə təminat məsələsində ciddi problemlər vardı. Bu problemin aradan qaldırılması üçün 1918-1920-ci illərdə Türkiyədən 20 min nüsxədən artıq dərs vəsaiti və digər nəşrlər, eyni zamanda Rusiya və Avropa ölkələrindən kitablar alınmışdı. Hökumət məktəb kitabxanaları ilə yanaşı, “xalq qiraətxanaları”nın fəaliyyətini nəzarətə almaqla onlara da kömək etməyə çalışırdı. 1918-ci ilin sonlarında yeni yaradılan kitabxanalardan biri sonralar M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasına çevrildi...

 

Xalq Cümhuriyyətinin mədəniyyət tariximizə bəxş etdiyi töhfələrdən biri də ilk dövlət muzeyi – “İstiqlal” muzeyinin yaradılmasıdır. Onun təşkilində dövrün tanınmış maarif xadimi, sənətşünas Hüseyn Mirzəcamalovun mühüm xidmətləri olub. Muzey 7 dekabr 1919-cu ildə Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə fəaliyyətə başlamışdı.

 

Parlamentin binasında yerləşən və genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulan  “İstiqlal” muzeyi isə beş aya yaxın – Cümhuriyyətin süqutunadək fəaliyyət göstərdi. Sovetləşmədən sonra, 1920-ci il iyunun 15-də “İstiqlal” muzeyinin fondu əsasında Azərbaycan SSR Xalq Maarif Komissarlığının nəzdində “Doğma diyarın tədris muzeyi” yaradılır və sonra o, indiki Milli Azərbaycan Tarixi Muzeyinə çevrilir.

 

 

 

***

 

 

 

23 aylıq fəaliyyətində təkcə başının üzərində qara buludlar dolaşmayan, həm də daxildə mürtəce, ölkəmizin müstəqilliyini həzm edə bilməyən qüvvələrin min bir təxribatı ilə savaşmalı olan Cümhuriyyətimiz tarixi qürur ünvanımızdır. Bu şanlı səhifələri  yazanları – Cümhuriyyət qurucularını və bu  yolun mücahidlərini hər zaman rəhmətlə anırıq.

 

“Mədəniyyət”

 

Mədəniyyət.- 2020.- 22 may.- S.1;5.