Bu dünya durduqca eşq də olacaq, aşiq də!...

 

“Tamaşalardan uzunömürlü mahnılar” silsiləsindən

 

Yaxşı mahnının resepti birdir: onun sözlərini adi şeir kimi, musiqisiz söyləmək mümkün deyil, melodiyasının ilk akkordlarını eşidən kimi də mətn zümzümə üçün adamın dilinə gəlir.

 

Belə mahnılardan birinin tarixi ötən əsrin əllinci illərindən başlayır. Özü də həmin mahnı tamaşaya bəstələnib. Budəfəki yazımızın ilk qəhrəmanı 1956-cı ildə indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şeyx Sənan” tamaşasından məşhurlaşan mahnıdır.

 

Üç dahi sənətkarın – şair-dramaturq Hüseyn Cavidin, bəstəkar Fikrət Əmirovun və quruluşçu rejissor Adil İsgəndərovun dühasının və istedadının nəticəsi olan “Şeyx Sənan” tamaşası, ən müxtəlif məqamları ilə yanaşı, həm də aktyor Məmmədəli Əliyevin canlı ifa etdiyi mahnı ilə yadda qaldı.

 

 

 

“Kor ərəbin mahnısı”

 

 

 

Nə eşq olaydı, nə aşiq,

nə nazlı afət olaydı!

Nə xəlq olaydı, nə xaliq,

nə eşqi-həsrət olaydı!

 

Nə dərd olaydı, nə dərman,

sur olaydı, nə matəm!

Nə aşinayi-vüslət,

bari-firqət olaydı!

 

Könüldə nuri-məhəbbət,

gözümdə pərdeyi-zülmət!

Nə nur olaydı, nə zülmət,

böylə xilqət olaydı!

 

Cavid şeriyyəti üçün fəlsəfi və ədəbi baxımdan adi sayılacaq bir şeir parçası əsərin ruhuna o qədər uyğun gəlir, Fikrət Əmirovun bəstələdiyi musiqi ilə bir-birini o qədər tamamlayır ki, “Kor ərəbin mahnısı” “Şeyx Sənan” tamaşası qədər məşhurlaşır. Üstəlik, teatrın tamaşalarında daha çox kiçik, həm də canlı-canlı mahnı ifa etmək gərəkən rolların tapşırıldığı Məmmədəli Əliyev də ildırım sürətilə məşhurlaşır.

 

1961-ci ildə isə milli televiziya rejissorluq məktəbinin ən görkəmli nümayəndələrindən biri, yenilikçi Rauf Kazımovski Məmmədəli Əliyevin bu ifasını film estetikasında lentə alır. Nəinki respublika, o zamankı ittifaq televiziyasında klip anlayışının hələ heç rüşeym halında olmadığı bir dövrdə Rauf Kazımovski Məmmədəli Əliyevi elə Kor ərəbin səhnə libasında İçərişəhərdə, Şirvanşahlar sarayının ərazisində çəkir. Bu, Azərbaycan televiziyası üçün bir ilk idi və güman etmək olardı ki, hələ o zamanlar dövrünün böyük müğənniləri – Rəşid Behbudov, Şövkət Ələkbərova və Gülağa Məmmədovun repertuarına daxil olmuş bu mahnı dillərdən düşməməliydi, klip isə ara-sıra mavi ekranda göstərilməliydi. Amma... Bir çox mənəvi sərvətlərimizə bəslədiyimiz biganəlik bu əsərdən də, onun ifaçısından da yan ötmür.

 

...1978-ci ildə o illərin cavan tədqiqatçısı, əsas elmi yaradıcılığı ilə paralel olaraq Azərbaycan musiqi tarixini öyrənən və təbliğ edən bu günümüzün görkəmli alimi, radioda “Axşam görüşləri” proqramının müəllifi və aparıcısı Rafael Hüseynov radionun arxivindən Məmmədəli Əliyevin ifasında “Kor ərəbin mahnısı”nın lent yazısını tapır. Həmin lent yazısının izi ilə artıq yaşlaşmış, teatrdan da çoxdan uzaqlaşmış Məmmədəli Əliyevi də tapır, onun digər ifalarını da. Beləcə, “Kor ərəbin mahnısı” yenidən yada düşür. Bu gün bu mahnı digər xanəndələrin – Alim Qasımov, Mələkxanım Əyyubova və Mənsum İbrahimovun, eləcə də daha gənc nəsil xanəndələrin repertuarındadır.

 

Hazırda “Şeyx Sənan” tamaşası Akademik Milli Dram Teatrında oynanılmasa da, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, bəstəkarı isə Firudin Allahverdidir. Bu tamaşada “Kor ərəbin mahnısı” yoxdur. Mizanı yetişən Kor ərəb eləcə bələdçisi ilə səhnəyə çıxır və sözünü, yəni şeirini deyib səhnədən çıxır. Bəstəkar həmin şeirə yeni bir musiqi yazmaq istəməyib. Məntiq anlaşılandır: çünki ilk mahnının melodiyası və ifaçının səsi artıq neçə nəsil Azərbaycan musiqisevərinin qulaq yaddaşına həkk olunub. Yeni bəstə ilk mahnının müəllifi Fikrət Əmirovun əsəri ilə yersiz müqayisədə mütləq uduzacaqdı...

 

Lakin bu məqamda da yaxşı mahnının resepti yada düşür: Gənc Tamaşaçılar Teatrının bu tamaşasına baxanda da “Kor ərəbin mahnısı”nı səhnədə eşitməsək belə, Məmmədəli Əliyevin yumşaq və qəlb titrədən səsi, Firkət Əmirovun hüznlü melodiyası qulağımıza gəlir...

 

 

 

Qışa vida deyən “Güllərim”in tarixçəsi

 

 

 

Zeynəb Xanlarovanın oxuduğu hansı mahnı sevilməyib ki?! Hansı nəğmə mükəmməl ifası ilə yadda qalmayıb ki?! Dünya şöhrətli müğənnimizin repertuarındakı xalq mahnı və təsniflərini, bir də yaradıcılığının erkən çağında ifa etdiyi muğamları çıxsaq, oxuduğu bəstəkar mahnılarının ən azı 90 faizi məhz Zeynəb xanım üçün bəstələnib və öncə onun səsindən sevilib. O cümlədən sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid “Güllərim” mahnısı. Lakin...

 

1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin “Əks-səda” pyesi hazırlanır. Tamaşanın quruluşu rejissor Əşrəf Quliyevə həvalə edilir, musiqisi Arif Məlikova. Bu tamaşada bir mahnı da varmış. Bəs necə, dövrünün ən gözəl nəğməkar şairlərindən olan Nəbi Xəzrinin pyesi mahnısız keçinərmi? Əsərin qəhrəmanlarından biri – taleyi gətirməmiş Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıydı... Mahnının adı da “Güllərim” idi.

 

Böyük bəstəkar Arif Məlikov televiziyaların birində “Bir mahnının tarixçəsi” proqramının “Güllərim”ə həsr olunmuş buraxılışında həmin vaxtı belə xatırlayır: “Axşamüstü mətni mənə gətirdilər. Royalın arxasına keçib bir qədər işlədikdən sonra mahnını yazdım. Mahnını yazmaq üçün partitura lazım deyildi, o mahnıya da nə lazım olduğunu bilirdim: xalq çalğı alətlərinin müşayiəti gərək idi, müğənni olaraq da Zeynəb xanımı gördüm. Zeynəb xanımla elə studiyada görüşüb məşq etdik və mahnını lentə aldıq.

 

İllər sonra Zeynəb xanım özü də etiraf edəcəkdi ki, “Güllərim” mahnısının məhz tamaşa üçün yazıldığını bilmirmiş. Sadəcə, ona təklif edilən mahnını yalnız özünün ürəyinə yatmağına görə seçib oxuyan böyük müğənni “Güllərim”i də Nəbi Xəzri – Arif Məlikov yaradıcılıq tandeminin mükəmməl nümunəsi kimi bəyənir və lentə yazdırır.

 

Mahnının lent yazısının bir nüsxəsi o dövrün qaydalarına əsasən Azərbaycan Radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin... tamaşada ondan istifadə etmirlər. Yaradıcı heyət belə qərara gəlir ki, tamaşada bu mahnını Çinarə rolunun ifaçısı – gənc aktrisa Sevil Xəlilova özü ifa etsin... Sonralar mərhum aktrisa Sevil Xəlilova etiraf edəcəkdi ki, radio dalğalarında bu mahnını Zeynəb Xanlarovanın səsində eşidərkən qəribə hisslər keçirirmiş. Əlbəttə, gənc dramatik aktrisa ilə səsiylə səhnələri fəth edən məşhur müğənninin ifası arasında bərabərlik işarəsi qoymaq olmazdı və aktrisa bunu da gözəl anlayırdı.

 

Sonralar bu mahnını digər populyar müğənni Nisə Qasımova da oxudu.

 

Lakin bütün maraqlı tamaşalar kimi mükəmməl mahnıların da öz ömrü var, onlar da öz dövrünü yaşayıb tarixə qovuşur. Onlara yeni həyat vermək, onları yenidən populyarlaşdırmaq üçün təzə nəfəsə, fərqli yanaşmaya ehtiyac var. Xalq çalğı alətlərinin müşayiəti ilə lentə alınmış “Güllərim” mahnısının da qismətində yenidən həyata dönmək varmış.

 

Xalq artisti Brilliant Dadaşova mahnı yaranandan təxminən otuz il sonra ona yenidən qayıdır. Əslində, Brilliant Dadaşova bu mahnını elə Zeynəb xanımın oxuduğu versiyada da ifa edə bilərdi. Müğənninin ustalığı, səsindəki yumşaq xırdalıqlar musiqinin gözəlliyi və mətnin məna yükü ilə qovuşaraq maraqlı bir ifa yaradardı. Lakin Brilliant xanım və Ənvər Sadıqov yaradıcı cütlüyü “Güllərim”i tamam fərqli tərzdə təqdim etdi. Üstəlik, Brilliant Dadaşova bu mükəmməl mahnıya öz səsindəki xırdalıqları artırmadı. Müğənninin öz dili ilə desək, sadəcə, “Güllərim”ə fərqli yanaşmaq lazım idi, melodiyadakı akkordeon sədalarını qüvvətləndirmək, bütün mahnının səslənişindəki tar alətinin “yük”ünü akkordeona yönəltməklə yeni bir ifa meydana gətirmək olardı. Müğənni mahnı üzərində çalışarkən Ənvər Sadıqova dediyi fikrinə mahnının lentə alınmasında da əməl etmişdi: “Dedim ki, Ənvər, mən bu mahnıda heç bir xırdalıq etməyəcəyəm. Xırdalıq etsəm, bu, şirin çayla paxlava yeməyə bənzəyəcək”.

 

Arif Məlikov XX əsrin yetmişinci illərinin uğurlu mahnısının XXI əsrin əvvəlinə “transfer”ini çox bəyənmişdi. Onun kimi öz əsərlərinə böyük həssaslıqla yanaşan bəstəkara əsərinin yeni aranjemanını bəyəndirmək hər müğənninin, ifaçının hünəri deyil. Lakin Arif müəllim mahnının ömrünü uzadan, onun dinləyicilərinin yaş senzini gəncləşdirən bu versiyasını o qədər bəyənir ki, hətta mahnıya klipin çəkilişində də iştirak edir. Bəstəkar həm də gül-çiçək aşiqi olan, onları yetişdirməyi xoşlayan insan, gül natürmortları çəkməyi sevən rəssam kimi bu klipdə yer alır.

 

 

 

***

 

 

 

Bu gün nə “Şeyx Sənan” repertuardan düşməyən, tez-tez oynanılan tamaşalardandır, nə də “Əks-səda” səhnədədir. Onların səhnədən uzaq düşməyinin səbəblərini araşdırmaq yazımızın mövzusu deyildi. İstədiyimiz iki gözəl, uzunömürlu mahnının yaranma tarixinə, keçdiyi “həyat yolu”na nəzər salmaq idi.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2020.- 22 may.- S.1;5.