Fəlsəfi fikir tariximizin görkəmli tədqiqatçısı
Azərbaycanın fəlsəfi fikir tarixinin öyrənilməsinə böyük əmək sərf edən, bu sahədə özünəməxsus yol açan görkəmli alimlərimizdən biri də fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi, professor Mehbalı Qasımovdur.
Mehbalı Məhəmməd oğlu Qasımov 18 may 1906-cı ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda oxuyur. 1932–1937-ci illərdə Moskva Tarix-Fəlsəfə İnstitutunun Fəlsəfə fakültəsində təhsil alır. Azərbaycana döndükdən sonra respublikanın ali məktəblərində dərs deyir.
Mehbalı Qasımovun gənclik illəri qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf edir. Müharibədə çətin döyüş yolu keçir və mayor rütbəsində ordudan tərxis olunur.
1945-ci ilin ortalarında indiki AMEA-nın Fəlsəfə İnstitutunda işə düzəlir. Bir il sonra “Ömər Xəyyamın fəlsəfi dünyagörüşü” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi axtarışlarını böyük səylə davam etdirərək Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparır. Ömər Xəyyam rübailərinin fəlsəfi yükü, XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsi, məşhur ədəbi tənqidçi Vissarion Belinski, M.F.Axundzadə və XIX əsr rus inqilabi-demokratik estetikası ilə bağlı tədqiqat əsərləri yazır və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır.
M.Qasımov 1950-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Fəlsəfə kafedrasının müdiri vəzifəsinə irəli çəkilir. 1956-cı ildə “Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri” mövzusunda doktorluq dissertasiyası yazır. Moskva Tarix-Fəlsəfə İnstitutunda müvəffəqiyyətlə müdafiə edir və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi alır.
M.Qasımov tanınmış tədqiqatçı olmaqla yanaşı, həm də qayğıkeş müəllim olub, fəlsəfə sahəsində kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib. Rəhbərlik etdiyi kafedrada aspirant və dissertantların elmi tədqiqat işlərinin yüksək səviyyədə hazırlanmasına münbit şərait yaradıb. O, həmçinin istedadlı gənclərin SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmasına səy göstərib. M.Qasımovun xüsusi diqqəti və qayğısı ilə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişib. Bu gün Azərbaycanda çalışan qocaman filosof alimlərin bir çoxu həm də onun tələbəsi olub. Araşdırmalarda bildirilir ki, tanınmış alimlərdən Həsən Şirəliyev, Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov və başqaları tələbə ikən filosof alimin qayğısını hiss ediblər. Çünki o, gələcəyinə inandığı gənclərlə müəllim-tələbə münasibətlərindən daha çox dost, yoldaş, ata-oğul münasibəti qurub.
Mərhum tarixçi alim Əli Əliyev “Əlincə yaddaşı” kitabında filosof haqqında yazır: “Mehbalı təkcə fəlsəfəni deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın ədib və şairləri arasında Hüseyn Cavidi daha çox mütaliə edir, “Şeyx Sənan”ı əzbər bilirdi...
Mehbalı bu dünyadan gileyli köçdü. Stalin-Bağırov irtica
rejimi onun sinəsinə dağ çəkmişdi. İndi
məni yandıran odur ki, bu
böyük şəxsiyyət
SSRİ-nin dağılmasını,
doğma Azərbaycanın
müstəqillik qazanmasını
görə bilmədi...”.
M.Qasımov Azərbaycan xalqının
duyğu-düşüncəsini daim qəlbində gəzdirib. Ulusumuzun böyüklüyünü, müdrikliyini əsərlərində
vəsf edib. O, “Azərbaycan estetik fikir tarixindən” monoqrafiyasında bu mövzuya geniş yer ayırıb.
Respublikanın ictimai-siyasi həyatında
fəal iştirak edən M.Qasımov Azərbaycan SSR Nazirlər
Soveti yanında Ali və Orta İxtisas
Təhsili Komitəsinin
ictimai elmlər şöbəsinə başçılıq
etməklə bərabər
SSRİ Ali Attestasiya Komissiyasının
fəlsəfə elmləri
bölməsinin, “Azərbaycan
kommunisti” jurnalı redaksiya heyətinin üzvü olub. Fəlsəfə
elminə verdiyi töhfələrə görə
“Əməkdar elm xadimi”
fəxri adına
layiq görülüb.
Professor Mehbalı Qasımov 57 illik ömür payında böyük uğurlara imza atmağa nail olmuşdu. O,
elmə, fəlsəfə
tarixinin öyrənilməsinə
hələ çox dəyərli töhfələr
verə bilərdi. 1963-cü ildə dünyasını dəyişən
alim yüksək səviyyəli elmi əsərləri və xeyirxah əməlləri ilə yaddaşlarda əbədi yer qazanıb.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 22 may.-
S.6.