İşğal
altındakı rayonların tarix və
etnoqrafiyası haqqında nəşr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmovanın “XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi” monoqrafiyası nəşr edilib.
Doktorluq dissertasiyası kimi müdafiə edilmiş bu monoqrafiya XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının tərkibində olmuş Kiçik Qafqazın cənub-şərq bölgəsinin – 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının tarixi-etnoqrafik tədqiqinə həsr olunub. Altı fəsildən ibarət monoqrafiyada Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarına aid çoxsaylı arxiv materialları, tarixi mənbələr əhatə olunub. Kitabda işğaldan sonra Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış sakinlərin məlumatları və müəllifin şəxsi müşahidələri əsasında Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının görkəmli şəxsiyyətləri haqqında məlumat da verilir. Həmçinin bu rayonların maddi və mənəvi mədəniyyəti, o cümlədən yaşayış məskənləri və evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri, təsərrüfat məşğuliyyəti, sənətkarlığı, ailə-məişəti, bayramları və xalq mərasim ayinləri və onların poetik mətnləri, aşıq sənəti, qonaqpərvərlik adətləri, dini inanclar və onların qalıqları, xalq təhsili, xalq təbabəti, oyun və əyləncələri hərtərəfli araşdırılıb.
Monoqrafiyanın elmi redaktoru Əməkdar elm xadimi, akademik Teymur Bünyadov, elmi rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Babayevdir. Monoqrafiya müvafiq sahələr üzrə mütəxəssislər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Mədəniyyət.- 2020.- 22 may.-
S.6.