İCESCO Ermənistan tərəfindən dağıdılmış abidələrimizin bərpasına yardım edəcək

 

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim Əl-Malik Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovla görüşüb.

 

Təşkilatın Rabat şəhərindəki baş ofisində keçirilən görüşdə Salim Əl-Malik Ermənistanın işğalı altında olan və hazırda döyüşlərin davam etdiyi Azərbaycan torpaqlarında qədim abidələrin, o cümlədən məscidlərin dağıdılmasından narahatlığını ifadə edib. Vurğulayıb ki, İCESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək, bu sahədə mütəxəssislər üçün təlim kursları təşkil olunacaq.

 

Səfir Oktay Qurbanov Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etməsi, cəbhədə baş verən son hadisələr haqqında Salim Əl-Malikə ətraflı məlumat verib. O, ölkəmizin ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə İCESCO-nun Baş direktoruna təşəkkürünü bildirib. Diplomat əlavə edib ki, təşkilatın sentyabrın sonunda yaydığı bəyanatda beynəlxalq hüququn normalarına əməl edilməsinin, işğal altındakı ərazilərdə tarixi-mədəni abidələrin əsl sahibi olan Azərbaycanın suveren hüquqlarının bərpasının vacibliyi xüsusilə vurğulanıb.

 

Görüşdə Azərbaycanla İCESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.1.