Mədəni irsi hədəfə almağa heç bir şəkildə bəraət qazandırmaq olmaz

 

 

Biz sentyabrın 27-dən Azərbaycana qarşı başlayan, uşaqlar və yaşlı insanlar da daxil olmaqla, 90 mülki şəxsin ölümü ilə nəticələnən irimiqyaslı hərbi əməliyyatlardan hiddətləndiyimizi bildiririk.

 

Bu sözlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir qrup üzvünün Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda vurğulanır.

 

Biz mülki vətəndaşların hədəfə alınmasını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti - BMT və ATƏT kimi beynəlxalq təşkilatları Azərbaycan Respublikasına hərtərəfli dəstək göstərməyə çağırırıq. Bir xalqın mədəni irsini hədəfə almağa heç bir şəkildə bəraət qazandırmaq olmaz”, – deyə məktubda bildirilir.

 

Qeyd olunur ki, Ermənistanın mülki vətəndaşları, mülki obyektləri və tarixi abidələri davamlı olaraq hədəfə alması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il UNESCO Konvensiyası və digər müvafiq konvensiyalar daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud pozuntusu və işğalçı ölkənin davam edən təcavüzkar siyasətinin göstəricisidir.

 

BizNizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bəşəri irsin tez bir zamanda xilas edilməsi üçün öz vəzifələrini yerinə yetirmələri və müdaxilə etmələri üçün BMT və UNESCO-ya müraciət edirik... Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından insan tələfatı, Gəncə, Bərdə və Tərtər şəhərlərində mülki vətəndaşların, dəyərli mədəni abidələrin və obyektlərin qorunması məqsədilə bütün səylərlə həmrəyliyimizi göstəririk”, - deyə məktubda diqqətə çatdırılır.

 

Qeyd edək ki, bundan öncə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycana dəstəklərini ifadə ediblər. Budəfəki məktubu 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti olmuş İvo Yosipoviç, Albaniyanın sabiq (2012-2017) Prezidenti Buyar Nişani, 2015-2018-ci illərdə Mavriki Respublikasının Prezidenti Amina Qurib-Fakim, İCESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İslam Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi və başqaları imzalayıb.

 

Mədəniyyət.- 2020.- 4 noyabr.- S.2.