Ərazilər minalardan,
raket və mərmi qalıqlarından təmizlənir
ANAMA-nın əməkdaşı minaya düşüb
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəbhəyanı bölgələrdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə minaların zərərsizləşdirilməsi əməliyyatlarını davam etdirir.
Oktyabrın 31-də Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə 26, noyabrın 1-də Ağcabədi, Füzuli, Goranboy və Tərtər əraziləri üzrə 14, noyabrın 2-də Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə 32 müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı top mərmisi, raket hissələri və s. aşkar olunub.
Noyabrın 2-də agentliyin
əməkdaşı Zeynalov Telman Bəbir oğlu Cəbrayıl
rayonu ərazisində xidməti vəzifəsini
yerinə yetirən zaman erməni
silahlı qüvvələri tərəfindən
basdırılmış piyada əleyhinə
minaya (PMN-Э) düşüb.
Partlayış nəticəsində sol
ayağının topuq nahiyəsindən
ağır yara alıb və amputasiya olunub.
Mədəniyyət.- 2020.- 4
noyabr.- S.3.